Şuşa Humanitar Kollecinin əməkdaşları doğma ünvana qayıdacaqları günü gözləyirlər

Əsası 1750-ci ildə Pənah Əli xan tərəfindən qoyulan, şiş uclu dağlar əhatəsində yerləşən Şuşa mədəniyyətimizin beşiyidir. Dünya mədəniyyətinə çox nadir incilər bəxş etmiş Qarabağın bu səfalı diyarını “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziyanın konservatoriyası” adlandırıblar. Bu diyarda gözəl səslər meydana çıxıb, çoxsaylı musiqiçilər yetişib. Elə Şuşa Humanitar Kollecinin də bu yöndə böyük töhfələri olub…

Kollec 1922-ci ildə Şuşa Müəllimlər Seminariyası adı altında fəaliyyətə başlayıb. Həmin il buraya 76 tələbə qəbul edilib. Kollecdə tələbələrə musiqi sənəti, xanəndə, sazəndələr, mədəni-maarif işçiləri, kitabxana və ibtidai sinif müəllimləri  ixtisasları üzrə dərslər keçirilib. Kollec işğaldan sonra Bakıda yerləşib və fəaliyyətini davam etdirib. İndi bu kollecdəki şuşalı müəllimlər hədsiz sevinc içərisindədir, çünki Şuşa azaddır və artıq oraya qayıdış başlayıb…  

Kollecin direktoru Rasim Mehdiyev qəzetimizə bildirib ki, Şanlı Ordumuzun döyüş meydanında qazandığı parlaq qələbələr bütün Azərbaycanı sevindirdi.  Ordumuz qısa müddətdə ermənilərin özləri barədə yaratdığı “məğlubedilməz ordu” mifini darmadağın etdi:”Qarabağ hər zaman ürəyimdə olub. Bu tarixi günləri yaşadığımıza görə çox sevinirəm. Hələ qədim dövrlərdən bu torpaqlar mədəniyyətimizə, ədəbiyyatımıza böyük şəxsiyyətlər bəxş edib. Qızıl səsli xanəndələrin, söz-sənət sahiblərinin, musiqiçilərin vətəni sayılan Şuşa ruhumuzun  ünvanıdır. Şükürlər olsun ki, ən böyük arzumuz gerçək oldu. Bizim üçün Azərbaycanın hər yeri Vətəndir, lakin doğma yurdumuza qayıtmaq bizim üçün əvəzsiz bir hədiyyədir. Bu sevinc hisslərini bizə bəxş etdiyinə görə şanlı Azərbaycan Ordusuna və Müzəffər Ali Baş Komandana təşəkkür edirik”.

Kollecin Şuşada yenidən fəaliyyətə başlayacağını səbirsizliklə gözləyirik

Şuşada doğulub boya-başa çatmış və ali təhsil aldıqdan sonra Şuşa Humanitar Kollecində müəllim kimi fəaliyyət göstərən tədris işləri üzrə direktor müavini Azər Səfixanlı bildirib ki, 1988-ci ildə Ermənistan Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün təcavüzə başladı və o da bir çox könüllülər kimi Şuşa özünümüdafiə batalyonunun tərkibində Şuşanın müdafiəsində iştirak etdi:”Bütün səylərimizə baxmayaraq, ermənilər 1992-ci il, may ayının 8-də Şuşa şəhəri, ardınca qısa zaman kəsiyində Azərbaycanın 20 faiz ərazisini işğal etdilər. Şuşanın işğalından keçən bu 28 il 6 ay ərzində bütün şuşalılar kimi qanadsız bir quştək yaşamışam. Şuşanın işğaldan azad olma xəbərini noyabrın 8-də Ali Baş Komandanın dilindən eşidərkən, özümü dünyanın ən xoşbəxt insanlarından biri kimi hiss etdim… Şuşa Humanitar Kollecinin yaxın vaxtlarda Şuşada fəaliyyət göstərib vətənpərvər, milli ruhlu, layiqli kadrlar hazırlayacağı günü səbirsizliklə gözləyirik”.

Artıq işğal faktı yoxdur, azad edilən yurd var

Uşaqlıq illəri Şuşada keçən kollecin şöbə müdiri  Ruhiyyə Rzayevanın  hissləri: “ Şuşa kimi  gözəl bir məkanda böyümək hər kəsə nəsib olmur. Şuşa musiqi beşiyidir, bunu bilməyən yoxdur. Şuşalı kimi musiqini çox sevirəm.  Mən Cıdır düzünə gedən yolda General Quliyev küçəsində yaşayırdım.  Musiqi məktəbinə gedəndə Şuşamızın gözəl məhəllələrindən keçirdim.  Şuşada 17 məhəllə, hər məhəllədə hamamməscid və bulaq vardı. Keçdiyim məhəllələrdəki evlərdən musiqi səsləri gəlirdi. Burda demək olar ki, bütün ailələr uşaqlarını musiqi məktəbinə göndərirdilər. O yolları gedib-gələn şən bir uşaq kimi heç aglıma gəlmirdi ki, bu xöşbəxtlik bir gün əlimdən alınacaq…  Bir hadisə heç yadımdan çıxmır. Bir gün Ağdamdan, babamgildən evimizə- Şuşaya qayıdırdıq.  O vaxt sarı rəngdə avtobuslar var idi, rayonlararası işləyirdi. Ağdamdan çıxdıq, Əsgərana yaxınlaşanda, girişdə Qaracı deyilən Azərbaycan qəbirstanlığı vardı, elə orda ermənilər başladılar avtobusu daş- qalaq etməyə; anam məni və qardaşımı möhkəm  qucaqlayıb gizlətməyə çalışdı. Hamı demək olar, yaralanmışdı. Sürücünün çevikliyi  sayəsində salamat qala bildik və Ağdama geri döndük. Erməni terrorçuları havadarlarının köməyi ilə Şuşa şəhərinin işğal etdilər. Mən həmişə tələbələrimə deyirdim ki, bizim torpaqlarımız işğal altında qalmayacaq.  O gün bu gündür. Artıq işğal faktı yoxdur, azad edilən yurdumuz var”.

Şuşaya qayıtdığımda həyatımı orada qoyub gəldiyim uşaqlıq illərimdən başlayacam…

Kollecin müəllimi Vəsilə Məhərrəmova:” Şuşada yaşadığımız o ağır illər uşaqlıq çağıma təsadüf etdi, uşaq kimi yox, böyük kimi böyüdüm. Uşaqların laylaları top, tüfəng, qrad səsləri oldu. Silah səsləri, günahsız əliyalın insanların həyatlarını itirməsi, yaralanmış insanların xəbərləri artıq adiləşmişdi. Hələ 1988-ci illərdə eşidirdik ki, Şuşanın kəndindən hansısa çoban meşədə ölüb, avtobuslar daş-qalaq edilib, yollarda partlayışlar baş verib…Sonra Qərbi Azərbaycandan Şuşaya minlərlə soydaşlarımız pənah gətirdilər. Onlar bizə erməni vəhşiliklərindən danışırdılar. Təsəvvürümüzə belə gətirməzdik ki, biz də nə vaxtsa köçkün həyatı yaşayacağıq, erməni vəhşiliklərinin canlı şahidləri olacağıq. 28 il Şuşasız qalacağıq.  Biz Şuşada  4 saylı məktəbdən yuxarıda, Alban kilsəsi ilə üzbəüz binada, 4- cü mərtəbədə yaşayırdıq. Ümumiyyətlə, çətinliklər insanı möhkəm iradə sahibi edir. Biz Şuşasız qalanda  heç zaman ümidimizi itirmədik. Hər zaman ümid edirdik ki,  nə vaxtsa  Şuşamıza qayıdacağıq.  Prezident İlham Əliyev Azərbaycan tarixinin ən şanlı zəfərinin banisi oldu. Qüdrətli Ordumuzun sayəsində, şəhidlərimizin, qazilərimizin qanı bahasına ərazi bütövlüyümüz bərpa olundu. Şuşaya qayıtdığımda həyatımı orada qoyub gəldiyim uşaqlıq illərimdən başlayacam…”

Rəşad ZİYADOV

“Azərbaycan Müəllimi”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s