Nüfuzlu yəhudi “JNS.com” xəbər saytı: Azərbaycanlılar Qarabağa qayıdır

Bu yaxınlarda Azərbaycanın parlaq qələbəsi ilə başa çatmış Ermənistan-Azərbaycanın müharibəsindən və regionun işğaldan azad edilməsindən sonra azərbaycanlıların Qarabağa qayıtmasında bu ölkədə yaşayan yəhudilər də mühüm rol oynayıblar. Yəhudilər əsrlərboyu Azərbaycanı özləri üçün doğma ev, Vətən hesab ediblər. Son üç onillikdə İsrail ilə Azərbaycan arasında perspektivli qarşılıqlı münasibətlər formalaşıb.

AZƏRTAC xəbər verir ki, bu fikirlər “Qarabağ Fondu”nun keçmiş icraçı direktoru Diana Koen Altmanın nüfuzlu yəhudi “JNS.com” xəbər saytında dərc olunmuş məqaləsində əks olunub.

Müəllif qeyd edir ki, yəhudilərin uzun illər boyu davam etmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə və azərbaycanlıların Qarabağda əvvəl işğal altında olan ərazilərə qayıtmasına münasibəti Azərbaycanda müsəlmanların yəhudilərə müsbət münasibətindən qaynaqlanır.

Diana Koen Altman yazır: “Bu, Vətənə qayıtmağın çətinlikləri və mədəni irslə əlaqədar emosiyalarla bağlıdır. Yəhudilər tarix boyu bu hisslərlə yaşayıblar. Qarabağın 30 ildən artıq erməni işğalında qalması və bu müddətdə azərbaycanlıların orada olmaması Azərbaycan mədəniyyətinin və Azərbaycan həyatının landşaftını dəyişib. Bu illər ərzində BMT tərəfindən qəbul edilmiş bir neçə qətnamədə Qarabağın Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisi olmasının vurğulanmasına baxmayaraq, beynəlxalq birlik azərbaycanlıların Qarabağda öz irsini və evlərini itirmələrinə biganə qalmışdı”.

Məqalə müəllifinin qeyd etdiyi kimi, Azərbaycan yəhudiləri həmvətənlərinin bu fikrinə şərikdirlər ki, Qarabağ bu ölkənin döyünən ürəyidir.

Məqalədə deyilir: “Azərbaycanın Quba rayonundakı məşhur Qırmızı Qəsəbədən olan əsgər Daniel Zərbəliyev 30 ilə yaxın bundan əvvəl işğal edilmiş torpaqların azad olunmasında özünün də iştirak etməsinə görə qürur duyur. Onun keçirdiyi hisslər digər Azərbaycan yəhudisi – 1992-ci ilin may ayında Qarabağı müdafiə edən döyüş yoldaşlarını xilas etməyə çalışarkən qəhrəmancasına həlak olmuş ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş Albert Aqarunovun taleyini yada salır. Aqarunov ölümündən əvvəl demişdi: “Bu, mənim torpağımdır. Mənim başqa Vətənim yoxdur. Öz evimi müdafiə etmək mənim üçün təbiidir”.

Altmanın sözlərinə görə, azərbaycanlıların nəhayət öz evlərinə qayıtması həqiqətən bütün dünya azərbaycanlılarını sevindirir. Məqalə müəllifi vurğulayır: “Azərbaycanlıların çoxu Qarabağı Azərbaycanın əsrlərboyu yaradılmış zəngin və rəngarəng irsinin mərkəzi hesab edirlər. 1988-ci ildə Qarabağın itirilməyə başlanması çoxları üçün real şok təsiri bağışlamışdı.

Azərbaycanlılar məhz hansı əraziyə qayıdırlar?

Qarabağdan Azərbaycanın paytaxtı Bakıya qaçmağa məcbur olmuş 600 mindən çox məcburi köçkün üçün Vətənə qayıtmaq öz ailəsinə, öz uşaqlıq illərinə qayıtmaq deməkdir. Qarabağ çox kədərli və eyni zamanda, çox xoş xatirələr oyada bilər. “Bəxtəvərlər” sağ qalıb və Bakıda sığınacaq tapıblar. Lakin onların ailə üzvlərinin çoxu Qarabağda dəhşətli və qəfil ölümlə üzləşiblər”.

Məqalə müəllifinin fikrincə, azərbaycanlıların digər qismi üçün öz evlərinə qayıtmaq “Qafqazın konservatoriyası” kimi məşhur olan Şuşa şəhərinin yetirmələri – rəssamlar, musiqiçilər və şairlər haqqında nostalji duyğular oyadır.

Amerikalı mütəxəssis öz məqaləsində statistik məlumatlar da gətirir: “Bəzi adamlar Qarabağda bu sevimli mədəniyyət xadimlərinin şərəfinə yaradılmış muzeyləri xatırlaya bilər. Lakin Beynəlxalq Milli Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsinin məlumatına görə, Qarabağda münaqişə nəticəsində 900 yaşayış məntəqəsi, 150 min ev, 7000 ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 63 məscid, 473 tarixi abidə, 22 muzey, 100 mindən çox muzey eksponatı və digər infrastruktur obyektləri dağıdılıb.

Mədəni dəyərlərin məhv edilməsi müharibənin dağıdıcı nəticələrindən biridir. Bəs, mədəniyyətin məhv edilməsinə nə ad qoymaq olar? Qarabağ torpağında ifaçılıq məharətini təkmilləşdirən uşaq xorunun aqibəti necə olub? Bütün dünyada Şərq xalçalarının sərrafları tərəfindən yüksək qiymətləndirilən Qarabağ xalçalarının yaradıldığı istehsal müəssisələrinin, orada çalışan ustaların aqibəti necə oldu? Ənənələrin məhv edilməsi real mənfi nəticələr doğurur”.

Altmanın fikrincə, UNESCO, Metropoliten-muzey, Smitson İnstitutu və digər təşkilatlar müharibədən sonrakı dövrdə Qarabağ artefaktlarına hörmətlə yanaşmağa çağırırlar. Azərbaycan Mədəniyyət Nazirliyi, ICOM-un Azərbaycan Milli Komitəsi və digər qurumlar dərhal bildirdilər ki, bu çağırışlar çox gec səslənib.

“Qarabağ Fondu”nun keçmiş icraçı direktoru Diana Koen Altman məqaləsinin sonunda yazır: “Mədəni dəyərlərin qorunması haqqında bu dialoqun mənasını anlamaq üçün qərbli müşahidəçilər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsasını təşkil edən təhlükəni başa düşməlidirlər. Bütövlükdə, azərbaycanlılar Qarabağı Azərbaycan mədəniyyətinin və sivilizasiyasının beşiyi, Azərbaycanın ayrılmaz hissəsi hesab edirlər.

Azərbaycanlı şairə Xurşidbanu Natəvan (1832-1897) öz zəngin daxili aləmini əks etdirən gözəl lirik qəzəllər yazıb. Natəvan həm də Şuşada ilk ədəbi cəmiyyət yaradıb, şəhərə bulaq suyu çəkib və beləliklə, Şuşanın əsas problemlərindən birini həll edib.

Bu gün Bakıya gələnlər şəhərin mərkəzində Natəvanın heykəlini görə bilərlər. Sabah, Qarabağa yollar açılanda bütün dünya Natəvan haqqında, Qarabağın digər azərbaycanlı qəhrəmanları barədə məlumat əldə etmək üçün yeni üsullar tapacaqlar. Şübhə yoxdur ki, azərbaycanlılar onlara çox əziz olan bu irsdən istifadə etməyin yeni üsullarını tapacaqlar”.

AZƏRTAC

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s