Bakı, 17 fevral, AZƏRTAC

İctimai tikili olan hamamlar xalqımızın məişət xüsusiyyətləri və estetik zövqünün atributlarından biri, Şərq ölkələrində təmizlik və paklıq məskəni sayılıb. Hamamlar sanitariya-gigiyena funksiyaları ilə yanaşı, həm də istirahət yerləri kimi üz tutulan məkanlardan olub. Qədim hamamlar xalqımızın mədəni tarixini özündə yaşatmaqla bərabər, maddi mədəniyyət abidəsi və memarlıq nümunəsi kimi də əhəmiyyətlidir. Bu mənada milli mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərinin hamamları həm tarixilik, həm memarlıq, həm də məişətimizin bir parçası kimi böyük maraq doğurur.

AZƏRTAC-ın müxbirinin həmsöhbəti Qarabağ tarixinin yorulmaz araşdırıcısı, tədqiqatçı-jurnalist Vasif Quliyevdir.

“Şuşada ilk hamam XVIII əsrin 50-cı illərində qala şəhər kimi formalaşmağa başlayanda Pənahəli xanın qardaşı oğlu Əbdüsəməd bəy Behbudəli bəy oğlu Cavanşir tikdirib və həmin hamam sahibinin adı ilə də tanınıb. Hamamın qapısının üstündə Şuşa şəhərinin salınma, hamamın tikilmə tarixi, sahibinin adı həkk olunmuşdu. Binanın izləri təxminən XIX əsrin axırlarınadək yaşayırdı”, – deyə Vasif müəllim söhbətə başlayıb: “Qarabağın təsərrüfat həyatında, tikinti və abadlıq işlərində mühüm rol oynayan Qasım bəy Zakirin kürəkəni praporşik Əli bəy Məşədi Tanrıverdi oğlu Fuladovun Şuşada tikdirdiyi hamam memarlıq cəhətdən orijinallığı ilə seçilirdi. Həmin hamam obyektiv səbəblərdən dağılsa da, sonradan təmir edilib. Cəfərqulu xan Cavanşirin (Nəvanın), şəhər qazisi Mirzə Əbülqasım Haqverdiyevin və Şuşa qəza rəisi Konstantin Tarxan-Mauravovun fitnəsi ilə Məməğanlı Kərbəlayi Allahverdi Hacı Ələsgər oğlu Əli bəyi şərləyərək məhkəmədə üzünə durmuşdu ki, guya ondan min iki yüz tümən borc pul alıb və qaytarmayıb. Şəriət məhkəməsinin qərarı ilə Əli bəy Fuladova məxsus olan hamam sahibi vəfat edəndən sonra “borc”un əvəzi kimi “şikayətçiyə” verilib. Lakin Əli bəy Fuladovun oğlanları sonralar məhkəməyə müraciət edərək hamamı geri alıb və ata yadigarını uzun illər birlikdə işlədiblər”.

Tədqiqatçı-jurnalist deyib: “1878-1880-cı illərdə Bazar başında Şuşanın Merdinli məhəlləsinin başlanğıcında Xan qızı Xurşidbanu bəyimin Qarabağın zəngin tacirlərindən olan Hacı Rzaqulu bəy Ağakişi bəy oğlu Şəmsiyev ilə birlikdə tikdirdiyi Şirin su hamamının layihəsini memar Kərbalayi Səfixan Qarabağı verib. Hamam növbə ilə bir gün kişilərə, bir gün qadınlara xidmət edirdi. Xan qızı saxsı borularla şəhərə su çəkdirərkən bir qol da hamam üçün ayırmışdı. Şəhərin digər hamamlarında şor sudan istifadə edildiyi halda həmin hamam şəhərə çəkilən şirin su ilə işləyirdi. Elə buna görə də Hacı Rza hamamına el arasında “Şirin su hamamı” deyilirdi. Tacirin oğlanları İsmayıl bəy və Ağakişi bəy ataları vəfat edəndən sonra da onu işlədiblər və sonralar el arasında “Ağakişi bəyin hamamı” kimi tanınıb. Böyük Vətən müharibəsi illərinədək işləyən hamam sonralar baxımsızlıq ucbatından fəaliyyətini dayandırıb. Ötən əsrin 80-ci illərinin axırlarında bərpa edilib və şəhərin işğalınadək işləyib”.

“XIX əsrin əllinci illərinin əvvəllərində şahzadə Bəhmən Mirzə Qacar Şuşada məskunlaşarkən inşa etdirdiyi ilk tikililərdən biri də hamam olub. Şahzadənin saray kompleksinə daxil olan həmin hamam məxsusi olaraq bəyin ailəsinə xidmət edirdi. 1884-cü ildə onun ölümündən bir ay sonra baxımsızlıq ucbatından uçub dağılıb. Lakin bunlardan başqa Şuşada Hacı Salehin, Uğurlu bəyin, Xeyransa xanımın, Ağa Mirzə Əli Qazinin, Şahbaz bəyin, Hacı Əbdürrrəhimin və Rüstəm bəyin də hamamları olub”,- deyə Vasif Quliyev mövzunu yekunlaşdırıb.