“Sehrli xalça”

Qarabağı qaytardıq, indi növbə Qarabağ xalçalarınındır…” Aybəniz İsmayılova

Vətən müharibəsi zamanı Şuşanı işğaldan azad ediləcəyindən qorxuya düşən ermənilər bir sıra talançılığa əl atıblar. Bunlardan biri də 2020-ci ilin noybar ayının 1-də Şuşadan aparılan qədimi xalçalarla bağlıdır.

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyan da öz tvitter hesabında yazıb: “Qaçırmayın. Fevralın 20-də Tamanyan adına Milli Memarlıq Muzey İnstitutunda Şuşa Muzeyinin İrəvan sərgisi açılacaq. Sərgidə nümayiş etdiriləcək nümunələr noyabrın 1-də Şuşadan gətirilib. Sərgidəki ən qədim xalça 350 yaşındadır.”

Dörd il əvvəl ABŞ-ın Los Anceles şəhərində hərraca bir xalça çıxarılmışdı. Yaşı cəmi bir neçə onillik olan, görünür, işləndiyindən nimdaşlanmış bu xalçanı Amerikaya Qarabağdan aparılmışdılar. Üstündə kiril əlifbası amma azərbaycan dilində yazılmış “1 yanvar 1971-ci il. Sərvərə anadan əbədi yadigar, ad günü hədiyyəsi ” sözlərindən xalçanın Qarabağda azərbaycanlı ailəyə aid olduğu bəlli idi. Buna baxmayaraq xalçanı hərraca “antik Ermənistan Qarabağ Xalçası” adı altında çıxarmışdılar.  Kaliforniyada yaşayan həmyerlimiz Elşad Tahirov bu xalçanın Amerikaya necə gəlib çıxdığını asanca anlamış və ilkin qiyməti 300 dollar qoyilan xalçanı yekunda hərracdan 850 dollara alıb Azərbaycana qaytarmışdır. Bu gün həmin xalça Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının ekspoziyasınızı Qarabağın “Baxçada Güllər” xalçası adı altında bəzəyir.

Qarabağ müharibəsi təkcə qan, ölüm, məcburi köçkünlük deyildi, həm də ağlagəlməz miqyasda ermənilərin işğal etdiyi torpqlarda həyata keçirdikləri talan və qarət idi. Doğma evlərini onlara verilən saatlar içində tələm-tələsik tərk etməli olan dinc azərbaycanlı əhali təkcə evini deyil, bütün əşyalarını, o cümlədən də, demək olar ki, bütün Qarabağ evlərinin bəzəyi, vizit kartı olan xalçalarını qoyub gəlmişdi.  O xalçalar, digər dəyərli əşyalar kimi, erməni quldurları tərəfindən qarət edilib, müxtəlif ölkələrə satılmağa göndərilmişdi.

Xalça bizim kimliyimiz, tariximiz, arzularımız,  həyat tərzimidir. Qarabağ xalçaları isə bir başqadır. Onlar heç vaxt sadəcə məişət əşyası olmayıb, təkcə döşəməni, divarı, taxtı bəzəmək üçün toxunulmayıb. Qarabağda xalça – öz anlamı, öz sehri olan, nəsillərdən nəsillərə ötürülən bir ənənədir. Xalçaçılıq ənənəsi qarabağlıların həyatında o qədər orqanik şəkildə movcud olub ki, xalça toxuyan qadınlara demək olar ki, heç bir kənar vasitə lazım deyildi- yununu öz saxladıqları qoyunlardan, boyanın hər birini tanıdığı ağac qabıqlarından, bitki köklərindən, həşəratlardan əldə edirdilər. Yeri gəlmişkən, Qarabağda 1500-ə qədər boyaq bitkisi olub və yerli əhali bu bitkilərin əksəriyyətini tanıyıb. Hansı bitkinin, hansı qabığın necə bir rəng, rəngin hansı çalarını verəcəyini bilmək üçün uzun, əsrlərlə sürən müşahidələr, təcrübə lazımdır. Bu bilgini nəsildən-nəsilə ötürülməsi xalçaçılığın nə qədər  qədim və sakral olduğunu göstərir.

Qarabağ xalçalarının zəngin rəng palitrası, rənglərin əlahiddə parlaqlığı və şuxluğu da bu orqaniklikdən, rənglərin birbaşa təbiətdən qaynaqlanmasından irəli gəlir.

Qarabağ xalqı xalça vasitəsilə  həm də öz doğmaları ilə “danışırdı”. Məhz Qarabağda xalçaya sözlər toxumaq, hədiyyə kimi toxunan xalçada ilmələrlə ürək sözləri, imza toxumaq geniş yayılmışdı. Xalçaçı analar öz oğul və qızları dünyaya gələr-gəlməz “adlarına” toxuduqları qıza cehiz, oğula evlilik hədiyyəsi kimi valideyn tərəfindən bağışlanan “ömür xalçası”nda onlara ilmələr vasitəsilə dua edir, uğur diləyir, uzun ömür, xoşbəxtlik arzu edirdilər.

Azərbaycan xanlıqları XIX əsrdə Rusiya Çarlığına birləşdikdən sonra bu yerlərə ayaq açan xarici səyyahlar Qarabağ xalçalarını “talan” edib, özləri ilə aparıblar. Bəzi insanların avamlığından, savadsızlığından və ən çox da qonaqpərvərliyindən istifadə edərək, dəyər-dəyməzinə alıb aparılan bu xalçalara olan marağı biz, ədəbiyyat nümunələrində, məsələn Mir Cəlalın “Bir gəncin manifesti”ndə, Aleksandr Dümanın xatirələrində oxuya bilərik.  Bu defakto talançılıq ona gətərib çıxarmışdı ki, azərbaycan xalqının əlində on səkkiz, on doqquzuncu əsrdən əvvəl toxunan Qarabağ xalçaları, demək olar ki, qalmamışdı.

Amma biz, o xalçaların yurdunu, gözəl Qarabağımızı özümüzə qaytardığımız kimi, Qarabağ xalçalarını da vətənimizə qaytarırıq. O xalçaların hər bir ilməsində bizim keçmişimiz, tariximiz, xalq olaraq ortaq xatirələrimiz yatır. Xalça qarabağlıların təkcə kütləviləşmiş sənətkarlıq nümunəsi deyil, xalça qarabağ analarının “dua kitabı”dır. Xalça Qarabağın ən ecazkar, ən sehirli irsidir. Xalça qarabağ azərbaycanlılarının ən parlaq, ən rəngli kimliklərindən biridir.

Müəllif: Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aybəniz İsmayılova.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s