Dillərə dastan olan Şuşa zəfəri: Dünyada belə döyüş olmamışdı

Azvision.az. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu bütün istiqamətlərdə rəşadət göstərərək tarixi Zəfər qazandı. Heç kimə sirr deyil ki, düşmən 30 il işğalda saxladığı ərazilərimizdə güclü müdafiə zolaqları qurmuşdu.

Ermənilər işğal müddətində möhkəm mühəndis-istehkam işləri aparmış, xeyli sayda silah və hərbi texnikalarla təmin olunmuşdular. Düşmən eyni zamanda əraziləri minalayaraq tankların hərəkət edə bilməməsi üçün iri xəndəklər qazmışdı. Ermənilərin yaratdığı bütün maneələrə baxmayaraq, Müzəffər Ordumuz düşmənin qurduğu müdafiə zolaqlarını darmadağın etdi.

Prezident İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən, növbəti dəfə dillərə dastan olan Şuşa əməliyyatından danışdı. Dövlət başçısı əvvəlcə xatırlatdı ki, düşmən təqribən 30 il ərzində müdafiə səddini çox fəal şəkildə möhkəmləndirmişdi:

“Hətta işğaldan azad edilmiş ərazilərə gedəndə, yəqin siz də görmüşünüz, xüsusən Füzuli istiqamətində bir neçə müdafiə xətti, üstəgəl uzunmüddətli atəş nöqtələri, hətta onların öz mövqeləri də atəşə tutulub ki, biz oraya daxil olanda bizi artilleriya atəşinə tutsunlar. Ona görə də dərin eşelonlaşdırılmış müdafiə xəttini yarmaq üçün çox böyük cəsarət, qorxmazlıq tələb olunurdu və bizim həmlə dəstələrimiz düşmənin müdafiə xəttini yararkən əsl qəhrəmanlıq göstərdilər. Təəssüf ki, onların arasında qurbanlar az olmadı. Ona görə ki, əsas məsələ müdafiə xəttini yarmaq idi. Özü də biz onların bizi haradan gözlədiklərini və nə edəcəklərini təxminən bilirdik. Buna görə də elə yerdən gedirdik ki, onların ağlına belə gəlməzdi”.

Ali Baş Komandan daha sonra Şuşa döyüşlərindən söz açaraq Azərbaycan Ordusunun şəhəri necə qəhrəmanlıqla işğaldan azad etməsinin təfərrüatlarını açıqladı:

“Onlar bizim Şuşaya necə gedib çıxmağımızı hələ də başa düşə bilmirlər. Başa düşə bilmirlər, bir-birindən soruşurlar. Bəzən bu məsələ mətbuata çıxır. Lakin haçansa başa düşəcəklər, bu da Azərbaycanın xüsusi təyinatlılarının və digər xüsusi hərbi birləşmələrinin misilsiz mərdliyi, qəhrəmanlığı, fədakarlığı ilə bağlı ayrıca bir əhvalatdır. Lakin bu gün artıq sirr deyil ki, döyüş əməliyyatlarında sərhəd xidmətinin xüsusi təyinatlı qüvvələri, daxili qoşunlar, təhlükəsizlik xidməti, kəşfiyyat xidməti, Naxçıvan ordusunun xüsusi qüvvələri iştirak edirdilər. Onlardan hər birinin vahid komandanlıq altında öz vəzifəsi var idi. 44 gün ərzində ərazilərimizi azad etməyimizdə xüsusi təyinatlıların böyük xidməti olub. Ordu korpusları da ərazilərin azad edilməsində və mövqelərin əldə saxlanmasında böyük rol oynayıblar. Cəbhə aviasiyası, pilotsuz uçuş aparatları da əlbəttə, itkilərin minimuma endirilməsində çox böyük rol oynayıb, ona görə ki, əgər onlar olmasaydı tələfat qat-qat çox olardı. Sizin tamamilə düzgün olaraq qeyd etdiyiniz kimi onlar təkcə zərbə və kəşfiyyat funksiyalarını deyil, həm də atəşin təshih edilməsi funksiyalarını yerinə yetirirdi. Hətta bəzən göstərilən kadrlarda da görünür ki, hədəf götürülüb, mərmi isə hədəfi vurur. Buna görə də bütün bu əməliyyatların kombinasiyası uğurla nəticələnib. Bir də, əlbəttə, planlaşdırmanın düzgün olması. Sizə deməliyəm ki, planlaşdırma düzgün olmasaydı bizim üçün çox çətin olardı. Ona görə ki, orada uzunmüddətli istehkamlardan əlavə təbii relyef də çətinlik törədir. Axı, dağa dırmaşmaq, aşağıdan yuxarıya qalxmaq lazımdır. Şuşanın alınması isə, ümumiyyətlə, ayrıca dastandır, bəli, bu, epos kimidir. Ona görə ki, döyüşçülər nə götürə bilərdilərsə götürməliydilər, amma özünlə nə götürə bilərsən? Maksimum qumbaraatan. Bu, inanılmaz fiziki qüvvə, hazırlıq tələb edir. Bu, sal qayalara aşağıdan dırmaşmaq lazımdır. Müdafiə xətləri çox möhkəmlənib, özü də orada ermənilərin tankları və topları vardı. Bizdə isə süngü-bıçaqlar və yüngül silah. Bəzən mən də ekspertlərin fikrini müşahidə edirəm, amma əlbəttə, hərənin öz fikri var. Bu da aydındır, çünki ekspert döyüş əməliyyatlarının bütün mənzərəsinə bələd ola bilməz. Buna görə də təbii ki, müharibə aparılmasının bir növünün xeyrinə müəyyən meyil olur. Amma deməliyəm k, bu elementlərin heç biri vahid komandanlıq, planlaşdırma olmadan bizim qələbəmizi təmin etməzdi. Məhz bunlarının hamısının düzgün kombinasiyası: kəşfiyyat, artilleriya, zərbə pilotsuz uçuş aparatları, pilotsuz kamikadzelər, xüsusi təyinatlılar, ordu korpusları – bütün bunlar birlikdə qələbəyə gətirib çıxarıb. Lakin zaman keçdikcə məxfilik qrifi götürüləcək və informasiya daha çox olacaq. Amma düşünürəm ki, hətta artıq olub keçənlər düzgün nəticə çıxarmaq üçün kifayət qədər əsas verir”.

Sözsüz ki, işğaldan azad edilmiş torpaqların hər bir qarışı bizim üçün doğmadır, əzizdir. Amma Şuşanın düşmən işğalından azad olunması, hərbçilərimizin orada göstərdiyi igidlik, mərdlik hər zaman xatırlanacaq. Mədəniyyət beşiyi Şuşanın azadlığa qovuşmasının tariximizdə xüsusi bir yeri var. Hələ 2020-ci ilin oktyabr ayında, döyüşlərin qızğın getdiyi günlərdə Prezident İlham Əliyev xarici media nümayəndələrinə verdiyi müsahibə zamanı bu məsələyə toxunmuşdu:

“Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir. Qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edib. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar”.

2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu bu ali missiyanı yerinə yetirdi. 1992-ci ilin 8 mayından Ermənistan işğalçı qüvvələrinin zəbt etdiyi Şuşa şəhəri – Qarabağın baş tacı – 28 il 6 ay sonra, 2020-ci ilin 8 noyabrında işğaldan azad olundu. Şanlı Azərbaycan Ordusunun bu möhtəşəm Zəfər xəbərini, Prezident, Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqımıza müraciətində elan etdi. Dövlət başçısı həmin gün çıxşını bu sözlərlə tamamladı:

“Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Şuşanın necə azad olunmasından danışan hərbi ekspert Ruslan İmamquliyev bildirib ki, bu döyüşlər bütün istiqamətlərdəki hərbi əməliyyatlardan fərqlənib. Onun sözlərinə görə, Şuşa şəhərinin azad edilməsi hərbçilərimizin daha çox xüsusi təyinatlı hazırlığı və qələbəyə olan dərin inamla səciyyələndirilir.

“Orada heç bir yüksək texnoloji vasitələrdən istifadə edilməyib, sadəcə yaxın döyüşlərdə, əlbəyaxa, bıçaq və fərdi silahların tətbiqi ilə şəhər azad olunub. Hərbçilərimiz sıldırım qayalıqlardan, düşmənin gözləmədiyi istiqamətlərdən dərinliklərə sızma edərək şəhər döyüşlərində özünün şücaətini göstərib. Şuşa alınmaz qala idi. Alınmaz qala heç bir desant cəlb edilmədən, pilotsuz uçuş aparatından, dəqiq vuran raket və uzaqvuran artilleriyadan istifadə edilmədən alınıb. Xüsusi təyinatlı qüvvələrimizin göstərdiyi peşəkarlıqla Şuşanın azad edilməsi hərb tarixinin ən şanlı səhifələri arasında yer alır”.

R.İmamquliyev, həmçinin qeyd edib ki, Şuşanın azad olunması bütün torpaqlarımızın azadlığı deməkdir: “Şuşaya qədər Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir sıra kəndlər, ərazilər, yüksəkliklər azad olunmuşdu. Bundan başqa şimal istiqamətində bir sıra yüksəkliklər, o cümlədən Suqovuşan azad edilmişdi. Şuşanın azad olunması ilə adını çəkdiyimiz bütün istiqamətlərdəki nailiyyətlərimiz daha da bərkidilmiş oldu. Şuşanın taktiki əhəmiyyətindən başqa Xankəndinə yaxın olmasını da vurğulaya bilərik. Şuşanın azad edilməsilə Ordumuz Xankəndinin 2-3 kilometrliyinə yaxınlaşdı və orada döyüşlər gedirdi. Şuşanın azad olunmasının elan edilməsindən sonra Ermənistan məcbur qalaraq üçtərəfli bəyanatın imzalanmasına razılıq verdi. Bundan sonra dekabrın 1-nə qədər Kəlbəcər, Ağdam və Laçın rayonlarının azad olunmasına razılaşdı. Ermənistanın bu rayonların azad olunmasına razılıq verməsi və bölgədən çəkilməsi strateji olaraq qiymətləndirilə bilər. Ermənilər Şuşanın azad olunması ilə anladılar ki, onların son ümid yerləri belə yoxdur və oradan çəkilmək məcburiyyətindədirlər”.

Şuşanı azad edən qəhrəmanlarımızdan biri, Vətən müharibəsində böyük şüacət göstərən Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun zabiti, “İgidliyə görə”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilən polkovnik Tehran Mənsimov bu yaxınlarda mətbuata müsahibəsində şəhərin azad olunması barədə bəzi detalları açıqlamışdı.

“Şuşaya gedən yol var. Həmin yol açılmadığına görə, orada mürəkkəb, qızğın döyüşlər gedirdi. Düşmən bütün gücünü həmin əraziyə cəlb etmişdi. Minalanmış sahələrdə canlı qüvvə və zaman itkisinə yol verməmək üçün bizə yeni tapşırıq gəldi. Əlavə olaraq, 3 briqada mənim tabeçiliyimə verildi. Xüsusi təyinatlılara şərait yaratmaq üçün Daşaltı bölgəsini nəzarətə almalı, oradakı düşmən qüvvələrini məhv etməli idik. O vaxta kimi xüsusi təyinatlılar Şuşaya girəcəkdilər. Onlar meşədən keçib Şuşaya girənə qədər döyüşüb düşməni öz üzərimizə çəkməli idik. Həmin gün şəhidlərimizin qanı bahasına hədəfə çatdıq və noyabrın 4-də Daşaltını işğaldan azad etdik. Sonrakı günlərdə də düşmənin saysız əks-hücumlarını dəf etdik. Ermənilər deyirdilər ki, biz vururduq, Azərbaycan hərbçiləri yenidən qalxaraq üzərimizə gəlirdi. Həqiqətən də, həmin döyüşlərdə Naxçıvan xüsusi təyinatlıları qeyri-adi iradə, böyük fədakarlıq və qəhrəmanlıq göstərdilər… Noyabrın 6-da artıq xüsusi təyinatlılarımız Şuşa yaxınlığında yaxın təmas döyüşünə keçmişdilər. Döyüşən 4 hərbi hissənin hər birində Naxçıvan xüsusi təyinatlıları var idi. Ayın 7-si artıq Şuşaya şanlı bayrağımızı sancdıq, ilk azan oxundu. Bu hissləri sözlərlə ifadə etmək çox çətindi. Oxunan azan səsi və Dövlət Himnimizi eşidən yaralılarımıza, sanki yenidən həyat verilirdi. Şuşa azad olunandan dərhal sonra ilk ürəyimdən keçən namaz üstdə şəhid olan qəhrəman oğullarımızın ruhuna və igid döyüşçülərimizə dua etmək, Allaha şükranlığımı sevinc göz yaşları ilə çatdırmaq oldu. Düşmən sonra da əks-hücuma keçdi və bu hücumların da qarşısı alındı. İgidlərimiz canları bahasına Şuşanı qoruyub saxladı. Ölkənin müxtəlif yerlərində bu qələbəmizi coşqu ilə qarşılayan xalqımızın sevinci bizə daha böyük ruh yüksəkliyi verirdi.

Bu müharibədə oğullarımızın qəhrəmanlıqları ortaya çıxdı. Fiziki göstəricisindən asılı olmayaraq, elə əsgərlər, hərbçilər var idi ki, loru dillə desək, boyundan böyük qəhrəmanlıq, cəsarət göstərirdilər. Nəinki, şəhidlərimiz, bu gün sağ qalan hərbçilərimiz var ki, onlar öz qanları bahasına tarix yazıblar. 44 günlük müharibə dünya hərb tarixində yeni bir döyüş taktikası oldu. Müharibə həm də onu göstərdi ki, xalqımız müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşib”, – deyə Şuşa fatehi döyüş xatirələrini bölüşüb.

Şuşa döyüşləri bir daha Azərbaycan Ordusunun gücünü və qüdrətini göstərdi. Xüsusi təyinatlılarımızın peşəkarlığı və mərdliyi bütün dünyaya səs saldı. Peşəkar, ən yeni silahlarla silahlanmış Azərbaycan ordusu misli görünməmiş şücaət, qəhrəmanlıq nümayiş etdirdi. Şübhə yox ki, gələcək hərb dərsliklərində bu əməliyyata xüsusi yer veriləcək. Hətta bir çox ölkələrin aparıcı hərbi mərkəzləri Şuşa döyüşlərinin sirrlərini açmaq üçün araşdırmalar aparır, dünyanın XXI əsrdə belə döyüşlərə şahidlik etmədiyini söyləyirlər.

Anar Kəlbiyev
Azvision.az

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s