“İskəndər-M” raketləri Ermənistana qeyri-leqal yollarla aparılıb ŞƏRH

Ramil İskəndərli: Ermənistanın “İskəndər” raketlərindən istifadə etməsi beynəlxalq təşkilatlar, aparıcı dövlətlər tərəfindən ciddi şəkildə araşdırılmalı, təcavüzkar dövlət hüquqi müstəvidə cəzalanmalıdır

“Bu günlərdə ANAMA-nın apardığı araşdırmalar nəticəsində Ermənistanın 44 günlük müharibə dönəmində Şuşaya “İskəndər” raketləri atması ilə bağlı yeni faktlar meydana çıxıb. İşğalçı ölkənin “İskəndər” raketlərindən istifadə etməsi beynəlxalq təşkilatlar, aparıcı dövlətlər tərəfindən ciddi şəkildə araşdırılmalı, təcavüzkar dövlət hüquqi müstəvidə cəzalanmalıdır”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli deyib.

R. İskəndərli bildirib ki, Ermənistan beynəlxalq hüquqa qarşı cinayət törədib. Buna görə də işğalçı dövlət bu cinayətə görə məsuliyyətə cəlb edilməlidir: “Aydındır ki, “İskəndər-M” raketləri Ermənistana qeyri-leqal yollarla aparılıb. Beynəlxalq dairələr, təcavüzkar dövlətin qeyri-qanuni silah ticarətçilərinin barələrində ifşaedici bəyanatlar verməli, bu faktın ifşası istiqamətində qəti mövqelərini ortaya qoymalıdırlar. “İskəndər” raket kompleksinin raketinin qalıqlarının tapılması xarici medianın da gündəmindədir. Qardaş Türkiyənin media qurumları bu mövzuda çoxlu xəbərlər yaymaqda davam edir. Eyni zamanda, Ukrayna, Gürcüstan, Ruminiya, Qırğızıstan, Albaniya mediasında da məlumatlar yer alır. Lakin konkret olaraq aidiyyatı beynəlxalq təşkilatlar bu məsələyə öz münasibətini bildirmirlər. Bu məsələdə nüfuzlu beynəlxalq təşkilatların sükutu təəccüb doğurur”.

QHT sədri qeyd edib ki, Ermənistanın beynəlxalq hüquqa zidd əməlləri ilk dəfə deyil, 30 ilə yaxın müddətdə işğal altında olmuş Azərbaycanın bütün ərazilərində erməni vandalizmi özünü göstərib: “44 günlük Vətən müharibəsi dövründə Ermənistan tərəfi beynəlxalq hüququ kobudcasına pozmaqla yanaşı, çoxsaylı müharibə cinayətlərinə imza atıb. Gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin iki dəfə qadağan olunmuş bombalarla vurulması müharibə cinayəti olmaqla yanaşı, həm də insanlığa qarşı cinayət kimi dəyərləndirilir. Qeyd edək ki, Bərdəyə də analoji bomba atılmış və çoxsaylı dinc insan həlak olmuşdur. Xüsusilə vurğulamaq lazımdır ki, sözügedən şəhərlər müharibə ərazisindən çox uzaqdadır və həmin ərazidə heç bir hərbi obyekt yoxdur. Bu onu göstərir ki, Ermənistan qəsdən yaşayış məntəqələrinə qadağan olunmuş bombalar atmaqla mülki əhali arasında panika və təşviş yaratmaq niyyəti güdüb”.

R. İskəndərlinin sözlərinə görə, bu gün Azərbaycan Ordusu möhtəşəm qələbəsi ilə tarixi torpaqlarımızı işğaldan azad etməklə yanaşı, həm də ermənilərin əsl simasını ortaya qoydu, Ermənistanın işğalçılığı, vandalizmi həyata keçirdiyi siyasətin əsas xəttinə çevirdiyini təsdiqlədi. Ermənistan beynəlxalq hüquq çərçivəsində layiq olduğu cəzanı almalıdır.

Nigar Orucova, “İki sahil”