Qarabağ çaylarının potensialının təhlilinə başlanıldı

AZTV: Prezident İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən ölkəmizdə bütün su ehtiyatlarının potensialının dəqiq təhlili ilə bağlı tapşırıqlar verib. Bildirib ki, xüsusilə azad edilmiş torpaqlarda su anbarlarının tikintisinə ehtiyacın olub-olmadığı məsələsinə baxılmalıdır. Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyir ki, azad edilmiş torpaqlarda su hövzələrinə avtomatik ölçmə cihazları yerləşdiriləcək.

Qarabağın işğalı dövründə Azərbaycan Tərtərçay, Həkəri, Tərtərçayın qolu Levçay, Tutkunçay, Xaçınçay və digər böyük çayların su ehtiyatlarından  məhrum olduğundan, əkin sahələrinin suvarılmasında, xüsusilə bitkilərin vegitasiya dövründə çətinliklər yaranırdı. Ermənilər ekoloji terror törədərək həmin çayların suyunu dağətəyi ərazilərə buraxmırdı. Ordumuzun möhtəşəm zəfəri həm də bizə bu çayları qaytardı. Həmin su ehtiyatlarının həcminin 780 mln.kubmetr olduğu bildirilir. Bu isə yerli su ehtiyatlarımızın 20-25  faizini təşkil edir.

“Azad edilmiş torpaqlarda bizim böyük çay resurslarımız var. Biz bundan da məhrum idik. Bu gün azad edilmiş torpaqlarda formalaşan çaylarımız bizim əsas çaylarımızdır. Tərtərçay Kəlbəcər rayonu ərazisində formalaşır. Amma mənfur düşmən bizi Tərtərçayın suyundan məhrum edirdi. Hətta Qarabağ bölgəsinə dəfələrlə səfərim zamanı mən bu problemlə maraqlanarkən görürdüm ki, bu, böyük problemlər yaradır. Misal üçün, Tərtərin suyunu tam kəsirdilər. Tərtərçay bir çox yerlərdə demək olar ki, qurumuşdu. İndi biz Tərtərçaya qayıtmışıq, onun mənbəyinə qayıtmışıq. Bazarçay – ona Bərgüşad çayı da deyirlər, Həkəri çayı, Oxçuçay – bir çox çaylar, 10-dan çox çay orada formalaşır. Onların potensialı təhlil edilməlidir”, – deyə Prezident İlham Əliyev qeyd edib.

Artıq bu istiqamətdə işlərə başlanılıb. Bir zamanlar işğal altında olan torpaqlarımızda su ehtiyatları barədə məlumatlar əlçatan olmadığından, görüləcək ilk iş həmin hövzələrə avtomatik ölçmə cihazları yerləşdirməkdir.

V.Kərimovun sözlərinə görə, artıq 13 əraziyə baxış keçirilib: “Biz bu yerlərdə – çayların üzərində avtomatik ölçmə cihazları yerləşdirəcəyik ki, su potensialını daha dəqiq müəyyənləşdirək”.

İşğaldan azad edilən ərazilərimizdə çay resurslarımızın çox olması bu su hövzələrində yeni su anbarlarının da tikintisinə şərait yaradır.

“Azad edilmiş torpaqlarda su anbarlarının tikintisinə ehtiyac varmı, yoxmu, bu məsələyə də mütləq baxılmalıdır. Əlbəttə ki, azad edilmiş torpaqlarda bizim ən böyük su mənbəyimiz qonşu İranla sərhəddə yerləşən Xudafərin və Qız Qalası su anbarlarıdır. Bunlar çox böyük su anbarlarıdır. Xudafərin su anbarının həcmi 1,6 milyard kubmetrdir, çox böyük su anbarıdır. Bu su anbarından istifadə etmək üçün əlbəttə ki, əlavə infrastruktur layihələri icra edilməlidir. İlk növbədə, kanallar çəkilməlidir ki, azad edilmiş torpaqlara – Zəngilan, Cəbrayıl, Qubadlı və digər bölgələrə biz bu su anbarlarından su götürüb, ondan səmərəli şəkildə istifadə edə bilək”, – deyə ölkə başçısı nitqində bunun bizim böyük potensialımız olduğunu vurğulamışdı.

Qarabağ çatlı vulkanik süxurların geniş yayıldığı ərazi olduğuna görə yeraltı sularla da zəngindir. Gələcəkdə onlardan içməli su, çaylardan isə suvarma suyu kimi istifadə nəzərdə tutulur. Bu amillər Qarabağda ekoloji bərpa prosesinin sürətlənməsinə təkan verəcək.

AZTV