Bakıda Türk Şurası Media Toplantısı keçirildi

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısı başa çatıb.

Demokrat.az xəbər verir ki, iclasda Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun, Qırğızstan Mədəniyyət, İnformasiya, İdman və Gənclər siyasəti naziri Kayrat İmanaliyev, Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayev, Qazaxıstan Respublikası İnformasiya və İctimai İnkişaf nazirinin müavini Asxat Oralov, Macarıstan Xarici Əlaqələr və Ticarət Nazirliyinin Təhlükəsizlik Siyasəti üzrə dövlət katibi Peter Sztaray, Türk Şurasının Baş katibi Bağdat Amreyev iştirak ediblər.

“Türk Şurası çərçivəsində media sahəsində əməkdaşlığın daha da sistemləşdirilməsinin tərəfdarıyıq. Bu günə kimi yaxşı təşəbbüslər olub. Lakin gəldiyimiz qənaətlərdən biri odur ki, təşkilat çərçivəsində Media Koordinasiya Komitəsi yaradılmalıdır. Necə ki, digər sahələrdə müvafiq komitələr çərçivəsində davamlı iş aparılır bu istiqamətdə də addımlar atılmalıdır”.

Demokrat.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Tədbir zamanı iştirakçılar çıxışlar edib və müəyyən təkliflərlə çıxış ediblər.

Aprelin 11-də isə nümayəndə heyətləri Azərbaycanın işğaldan azad olunmuş Ağdam şəhərinə və Gəncə şəhərinə səfər edəcəklər.