Türk Şurası nümayəndələri Gəncə və Ağdamda olublar

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmiləri işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib. Nümayəndə heyətini Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və media üzrə məsul nazirləri, yüksək vəzifəli rəsmiləri yolboyu Ermənistan ordusunun hərbi istehkamlarının olduğu ərazilərə baxıblar. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev həmin qurğuların mürəkkəbliyi barədə məlumat verib. Bildirilib ki, üçtərəfli bəyanata uyğun olaraq, Ağdam rayonu noyabrın 20-də Ermənistan ordusundan boşaldılıb. Rayonun ərazisində keçmiş təmas xətti boyunca Ermənistan ordusu tərəfindən yaradılmış mürəkkəb müdafiə istehkamlarının keçilməsi ciddi texnika və insan itkisi olmadan mümkün deyildi. Ancaq Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi ilə Ermənistan kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur oldu, Ağdam rayonu işğaldan itkisiz azad edildi.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və media üzrə məsul nazirləri, yüksək vəzifəli rəsmiləri sonra Ağdam şəhərindəki İmarət qəbiristanlığına gəliblər. Ağdam ziyalısı Zülfü Qasımov məlumat verib ki, burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar – İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra Pənahəli xanın buradakı sarayı və qəbiristanlıq erməni vandalizminə məruz qalıb. Erməni vandalları İbrahimxəlil xanın türbəsini və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsini də dağıdıblar.

İşğal edilən ərazilərdəki məscidlər, məzarlıqlar kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib. Tövlə kimi istifadə edilən xan sarayında inək və donuz saxlanılıb.

Diqqətə çatdırılıb ki, Ağdamda məhv edilən idman infrastrukturundan biri də bu ərazidə yerləşən rayonun “Qarabağ” futbol klubunun meydançası olan “İmarət” stadionudur. Vaxtilə stadionda restoran və futbolçuların bazası da vardı. Yaxınlıqda isə Xurşidbanu Natəvanın heykəli qoyulmuşdu. İndi onlardan əsər-əlamət qalmayıb. Bir çox el şənlikləri, festivallar, eləcə də mədəniyyət və incəsənət xadimlərinin konsertləri məhz “İmarət” stadionunda təşkil edilərdi.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və media üzrə məsul nazirləri, yüksək vəzifəli rəsmiləri Ağdam Cümə məscidində ermənilərin törətdikləri vəhşiliyə şəxsən şahid olublar. Onlar ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etmələri barədə ətraflı məlumatlandırılıb.

Qonaqlara məlumat verilib ki, Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir. Ermənilər tərəfindən dağıntılara məruz qalan Ağdam məscidinin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb.

Bildirilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. İşğala qədər Ağdam rayonunda 153 min, Ağdam şəhərində isə 42 mindən çox sakin yaşayırdı. Rayonda 17 sənaye müəssisəsi fəaliyyət göstərirdi. Ermənilər işğal etdikləri Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsal müəssisələrini talan edib, dağıdıb və yandırıblar.

Diqqətə çatdırılıb ki, Birinci Qarabağ müharibəsi zamanı Ağdam uğrunda gedən döyüşlərdə altı min nəfərdən çox şəhid olub. Şəhidlər Ağdamdakı üç Şəhidlər xiyabanında dəfn edilib. Erməni vandalları Şəhidlər xiyabanlarını, qəbiristanlıqları da dağıdıblar.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və media üzrə məsul nazirləri, yüksək vəzifəli rəsmiləri Ağdam şəhərində mehmanxananın, dram teatrın, rayon icra hakimiyyətinin, bankın binalarının qalıqlarına baxıb, ermənilərin törətdikləri müharibə cinayətlərinin nəticələrini gözləri ilə görüblər.

Bu torpaqlara gələn zaman Qarabağ zəfərinin necə böyük zəfər olduğunu bir daha açıq şəkildə anladıq. Bunu ürəkdən hiss etdik. Şəhid olan bütün qardaşlarımıza Allahdan rəhmət, yaralılara uzun ömür diləyirik. Bu zəfər üçün onlara minnətdarıq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun Ağdam şəhərində jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu qələbə Azərbaycan, bölgə və Türkiyə üçün böyük bir zəfərdir: “30 illik işğal sona çatdırıldı. Həqiqətən, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində işğal aradan qaldırıldı və bölgə azad edildi. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə bu haqlı mübarizədə Azərbaycana dəstək verdi. Bu gün bunun qürurunu yenidən burada yaşadıq”.

Fahrettin Altun Ağdamda gördüyü erməni vəhşiliyindən bəhs edərək deyib: “Buradakı zülmü, əziyyəti və barbarlığı gördük. Bu, bənzəri olmayan bir barbarlıqdır. Burada barbarlıq olan zaman dünyanın, beynəlxalq təşkilatların necə ikiüzlü bir mövqe sərgilədiyini də gördük. Baxın, burada mədəniyyət abidələri tar-mar edilib. Amma özünü dünyanın mədəniyyət abidələrini qorumaq məsuliyyəti daşıyan qurumlardan heç bir səs çıxmayıb. Ona görə də buradakı mədəniyyət abidələri məhv edilib. Bu abidələr, əslində, türklüyün və İslamın izlərini itirmək üçün məhv edilib. Amma bunu bacarmadılar, bacara bilməyəcəklər. Çünki bu torpaqlar türklərin, İslamın torpaqlarıdır”, – deyə Fahrettin Altun bildirib.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sədri işğaldan azad edilən torpaqların yenidən bərpa ediləcəyini vurğulayıb: “Azərbaycan sahibi olduğu torpaqları işğaldan azad etdi. Bir milyon azərbaycanlı qardaşımız bu torpaqlara dönəcək. Bu ərazilər yenidən bərpa olunacaq. Türkiyə dövlət və özəl qurumları ilə bu ərazilərin bərpasında iştirak edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya səfəri zamanı dedi ki, biz bölgənin sülh göyərçinləri olmaq istəyirik. Eyni zamanda, bölgənin əsas oyunçuları olaraq bir daha belə işğala imkan verməyəcəyimizi göstərdik. Ağdam da, Şuşa da, işğaldan azad edilən digər ərazilər də bərpa ediləcək, inkişaf edəcək, dünyanın cazibə mərkəzlərindən birinə çevriləcək. Biz bu yöndə bütün gücümüzlə azərbaycanlı qardaşlarımızın yanındayıq. İnşallah, birlikdə bu ərazilərin bərpasını, inkişafını təmin edəcəyik”.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun UNESCO-ya müraciət edərək deyib: “Mən buradan UNESCO başda olmaqla bütün beynəlxalq təşkilatlara səslənərək bildirmək istəyirəm ki, ikili standartları kənara qoysunlar. Burada barbarlıq həyata keçirilib, mədəniyyət abidələri məhv edilib. Bu gerçəkləri heç bir şəkildə saxlaya bilməzlər”.

Daha sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirləri, yüksək vəzifəli rəsmiləri Ermənistanın müharibə cinayətləri ilə yaxından tanış olmaq üçün Gəncədə səfərdə olublar.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətini Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Milli Məclisin deputatı Müşfiq Cəfərov müşayiət ediblər.

Səfərin məqsədi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərini, yüksək vəzifəli rəsmilərini Azərbaycanın ikinci böyük şəhəri Gəncənin ayrı-ayrı məkanlarında Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış etməkdir.

Qonaqlar ötən ilin oktyabrın 11-də Gəncədə erməni terroru nəticəsində çoxlu insanın öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı əraziyə gəliblər. Məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.

Oktyabrın 11-də Ermənistan silahlı qüvvələrinin Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 10 nəfər həlak olub, 35-dən çox şəxs yaralanıb, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Növbəti müharibə cinayəti isə oktyabrın 17-də törədilib. Düşmənin Gəncəyə xain hücumu nəticəsində 13 nəfər həlak olub, 48-dən çox şəxs xəsarət alıb.

Qeyd olunub ki, əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə gecə saatlarında hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb. Baxmayaraq ki, dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir, Ermənistan beynəlxalq hüquqa məhəl qoymadan müharibə cinayətlərini davam etdirib.

Macarıstanın Xarici Əlaqələr və Ticarət Nazirliyinin təhlükəsizlik siyasəti üzrə dövlət katibi Peter Sztaray jurnalistlərə açıqlamasında Gəncədə mülki əhaliyə qarşı edilmiş erməni terrorunun “ürəkağrısı” ilə şahidi olduğunu və baş verənlərin təəssüf doğurduğunu bildirib. “Sevindirici odur ki, artıq bu hadisələr sona çatıb. Macarıstanın Xarici işlər naziri bu yaxınlarda Azərbaycanda səfərdə olub. Ölkəmizin Azərbaycanla çox sıx strateji əlaqələri mövcuddur. Macarıstan daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Bu gün biz Qarabağda da olduq. Ümid edirik ki, Qarabağda başlamış yenidənqurma işləri uğurla başa çatdırılacaq. Nəhayət, bu regionda sülh bərqərar olacaq” – deyə P.Sztaray qeyd edib.

Nümayəndə heyəti həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq erməni terroru nəticəsində dağıdılmış yaşayış binasının ətrafına gül dəstələri düzüblər.