Heydər Əliyev və Şuşa

“Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.

Heydər ƏLİYEV

Ümumimilli lider Heydər Əliyev Azərbaycana sovet dövründə rəhbərliyi zamanı (1969-1982-ci illər) Qarabağa çox böyük diqqət və qayğı göstərmişdır. Şuşa şəhərində kurort kompleksini daha da inkişaf etdirmək tədbirləri haqqında” Azərbaycan KP MK və Nazirlər Sovetinin birgə qərarı, şuşalı görkəmli şəxsiyyətlərin ev-muzeylərinin, xalça muzeyinin yaradılması, Molla Pənah Vaqifin məqbərəsinin tikintisi, abadlıq işləri üçün ayrılan vəsaitin hər il əhəmiyyətli dərəcədə artırılması, Şuşa Dram Teatrının yaradılması, Qarabağ İpək Kombinatının və Bakı Radio Zavodunun filiallarının açılması, turist bazasının və yeni məktəblərin tikintisi də onun Şuşaya olan qayğı və diqqətinin nəticəsi idi. (ANL.az)

Ümummilli lider Heydər Əliyev hələ Azərbaycan rəhbəri seçilməmişdən əvvəl ilk dəfə Şuşada hələ 1967-ci ildə olmuşdu. O vaxt Xankəndidə (1923-1991-ci illərdə Stepanakert adlandırılmışdır) azərbaycanlılarla ermənilər arasında münaqişə olmuş və qan tökülmüşdü. Dağlıq Qarabağda olan bəzi millətçilər 3 nəfər azərbaycanlını vəhşicəsinə öldürmüşdülər. Həmin məsələni dərindən araşdırmaq üçün Heydər Əliyev 15 gün Dağlıq Qarabağda olmuş, eləcə də Şuşaya getmişdi. 1970-ci illərdə ermənilər Dağlıq Qarabağ məsələsini yenidən ortaya atsalar da, onların bu istəklərinin qarşısı qətiyyətlə alınmışdı. (1News.az)

Həmin illərdə Heydər Əliyevin Dağlıq Qarabağa göstərdiyi diqqət və qayğı daha da artmış və geniş quruculuq işləri vüsət almışdı. Belə ki, görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə, məqbərə tikilmiş və 1982-ci il yanvarın 14-də yağan güclü qarın altında, soyuqda ümummilli lider Şuşada şairin məqbərəsini böyük təntənə ilə açmışdı. Onun M.P.Vaqifə bu münasibəti bir tərəfdən, milli ədəbiyyata sevgisindən irəli gəlirdisə, digər tərəfdən, diyarın tarixini, əhalisinin etnik mənsubiyyətini bir daha göstərməklə bağlı idi. Əslində bu, məqbərə, eyni zamanda, gözəl memarlıq abidəsi idi. Heydər Əliyev abidənin tikintisini böyük, əlamətdar hadisə hesab edirdi. Ona görə də açılışa gedərkən yanında elm, mədəniyyət və incəsənət adamlarının böyük bir qrupunu da aparmışdı. Bu addımı ilə Ümummilli Lider ziyalıları Dağlıq Qarabağa xüsusi diqqət yetirməyə istiqamətləndirir, vilayətə tez-tez səfərə gəlmələrini tövsiyə edirdi.

Ümummilli liderin M.P.Vaqifin məqbərəsinin açılışında söylədiyi nitq Ulu Öndərin Dağlıq Qarabağa qayğısının göstəricisi idi. Bununla yanaşı, səfər zamanı Heydər Əliyev Şuşada Poeziya Evini açaraq Vaqif poeziya günlərində iştirak etdi. 

Bununla yanaşı, o dövrdə Heydər Əliyevin göstərişi ilə Dağlıq Qarabağda, xüsusilə Şuşada yaşamış digər elm və mədəniyyət xadimlərinin də xatirəsi əbədiləşdirildi. 1982-ci il avqustun 2-də Şuşada şairə Xurşudbanu Natəvana abidə qoyuldu. Nəticədə məhz Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə Şuşa şəhərinin və Dağlıq Qarabağın azərbaycanlılar yaşayan digər məntəqələrinin siması əsaslı şəkildə dəyişdi, yeni iş yerləri açıldı, yerli əhalinin milli ruhu daha da yüksəldi. (1news.az)

Şuşanın abidələr şəhəri olduğunu söyləyən ümummilli lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdir ki, “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur”. Bir vaxtlar “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, Azərbaycanın ictimai-siyasi həyatında mühüm xidmətləri olan bir sıra görkəmli xadimlərin vətəni, eləcə də tarixi mədəniyyət mərkəzi və Qarabağın baş tacı olan Şuşa şəhəri artıq işğaldan azad edilmişdir.Şuşanın işğaldan azad edilməsi Zəfər günü kimi tarixə yazıldı və Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. (Azərtac)

2020-ci il noyabrın 8-i isə tariximizə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-dən Qarabağda başladığı və 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi. Əcdadlarımızdan bizə miras qalmış əziz, müqəddəs və qədim Şuşa şəhərinin 28 il, 6 aydan sonra rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər günü kimi tariximizə yazıldı. (Azərtac)

Bu gün əbədiyaşar Lider haqqında düşünərkən Prezident İlham Əliyevin Şuşa azad olunan gün – noyabrın 8-də Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət sonsuz qürurla ziyarət etməsi, xalqa müraciətində dediyi sözlər yada düşür: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.

Ümummilli Liderin öz xalqı qarşısında ən böyük xidmətlərindən biri də Azərbaycanı dünyada tanıdan, Qarabağı azadlığına qovuşduraraq, ata vəsiyyətini dönmədən yerinə yetirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev kimi oğul yetişdirməsidir. (Azərtac)