Şuşa şəhəri haqqında qanun qəbul olunacaq

ShushaNews xəbər saytına əsasən “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi mayın 24-də Milli Məclisin Mədəniyyət, Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Regional məsələlər komitələrinin birgə iclasında müzakirəyə çıxarılcaq.

Qanun layihəsinin tam mətni açıq çap və ya elektron informasiya mənbələrində hələki dərc edilməməsinə baxmayarq, bəzi informasiya resursları layihənin bəzi detalları barədə məlumat əldə ediblər.

“Report” xəbər verir ki, layihəyə əsasən, Şuşa şəhərinin ərazisində abidələrin tarixi-memarlıq və bədii-estetik görkəminin dəyişdirilməsi, abidələrin uçurulması və ya onlar üçün təhlükə yarada biləcək hər hansı fəaliyyətin həyata keçirilməsi qadağan edilir.

Demokrat.az isə xəbər verir ki, layihənin mətninə əsasən, Şuşa şəhərinin ərazisində ekoloji təmiz nəqliyyat vasitələrinə üstünlük veriləcək. Şuşa şəhərinin ərazisində mövcud olan yollarda və ya şəhərin mühafizə zonasından keçən yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunması üçün təhlükə yaradarsa, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən həmin yollarda nəqliyyat vasitələrindən istifadəyə məhdudiyyət tətbiq edilə və ya bu cür istifadə qadağan edilə bilər.

SİA-nın məlumatına görə, qanun layihəsinə əsasən, Şuşa şəhəri Dövlət Qoruğu Şuşada Xüsusi nümayəndəliyin nəzdində yaradılacaq və publik-hüquqi şəxs tərəfindən idarə ediləcək.

Şuşa şəhərinin inzibati sərhədlərinə bitişik yerləşən və onunla təbii landşaft, sosial, tarixi, mədəni və ya təsərrüfat bağlılığı olan və ya Şuşa şəhəri Dövlət Quruğunun mühafizəsi, qorunması və ya inkişafı üçün əhəmiyyətə malik olan ərazilərdə publik hüquqi şəxs tərəfindən mühafizə zonasının sərhədləri müəyyən ediləcək.

Şuşa şəhəri Dövlət Qoruğunun maliyyələşdirilməsi dövlət büdcəsindən ayrılan vəsait və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçiriləcək. SİA xəbər verir ki, bu, “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanunun layihəsində əksini tapıb.

Şuşa şəhəri Dövlət Qoruğunun qorunması, bərpası və yenidən qurulması, öyrənilməsi və inkişafı sahəsində işlərə dəstək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xüsusi fond yaradılacaq.

Fondun vəsaiti fiziki və hüquqi şəxslərin yardımları, ianələri, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılacaq. Fondun vəsaitlərinin formalaşması və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.