Erməni hərbçilərə hökm oxundu- FOTO/VIDEO

Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə, sülh və insanlıq əleyhinə və digər müharibə cinayətlərində ittiham olunan erməni hərbçilər Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviç ilə bağlı cinayət işi üzrə Yasamal Rayon Məhkəməsinin inzibati binasında 2 iyul 2021-ci ildən etibarən keçirilən prosesə avqustun 2-də yekun vurulub.

Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə hər iki erməni hərbçinin cinayət əməlləri tam sübuta yetirilib və onlara hökm oxunub. Məhkəmənin qərarı ilə Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan 20 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxslər cəzalarının ilk 10 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Prosesdə təqsirləndirilən şəxslərin vəkilləri çıxış ediblər. Müdafiəçilər çıxışlarında məhkəmə iclaslarının qanunun tələblərinə uyğun aparıldığına görə təşəkkür ediblər. Daha sonra təqsirləndirilən şəxslər son söz deyiblər. Erməni yaraqlıları son sözlərində məhkəməyə və istintaqda iştirak edən əməkdaşlara təşəkkür ediblər:
“Məhkəmə davam edən müddətdə bizimlə çox yaxşı davrandılar. Azərbaycan Prezidentindən, Azərbaycan xalqından və məhkəmədən üzr istəyirik. Yalvararaq bizi bağışlamağınızı xahiş edirik”.

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil Iskəndərli erməni hərbçilərinin cinayət işi bağlı məhkəmədə növbəti dəfə müstəqil QHT müşahidəçisi qismində iştirak etmişdir. İctimaiyyətə açıq və şəffaf şəkildə keçirilən məhkəmə iclasında media nümayəndələri, Ombudsman təsisatının nümayəndəsi və qeyri-hökümət təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Ramil İskəndərli bildirmişdir ki, “Bu proses zamanı 1 ay müddətində bütün iclaslarda müstəqil QHT müşahidəçisi qismində iştirak edən şəxs kimi deyə bilərəm ki, proses nəticəsində əsas etibarilə bu nəticəyə gəlmək olar ki, Azərbaycan dövləti onun vətəndaşlarına qarşı Qarabağ müharibələri zamanı törədilmiş müharibə cinayətlərinə görə təqsirkar şəxsləri tam olaraq beynəlxalq hüquq standartları çərçivəsində müstəqil, qərəzsiz və ədalətli mühakimə prinsiplərinə əsasən cəzalandırır və bundan sonra da cəzalandıracaqdır”.

(Lent.az, Azertac və ShushaNews-a istinad olunub)

Vətəndaş cəmiyyəti nümayəndələri
ATV-nin reportajı