“Qarşımızda duran əsas məqsəd Böyük Qayıdış prosesinə hər birimizin çalışdığı sahədə töhfə verməyimizdir” – Ramil İskəndərli

Ramil İskəndərli: Hazırda seçki məsələləri və ya Konstitusiya referendumunun keçirilməsinə zərurət yoxdur.

“Hüquq islahatlarında maraqlı olan ölkələrdə idarəçiliyin təkmilləşdirilməsi davamlı xarakter alır. Azərbaycan Respublikasında dövlət idarəçiliyinin düzgün təşkili sayəsində son illərdə inkişaf tempinə görə ölkəmiz ən sürətlə inkişaf edən ölkələrdən biri olmuşdur ki, bu da dünyanın əsas beynəlxalq iqtisadi qurumları tərəfindən təsdiq edilmişdir. Azərbaycan iqtisadiyyatı Davosda Dünya İqtisadi Forumu tərəfindən hazırlanan qlobal rəqabətqabiliyyətlilik hesabatı sıralamasında 38-ci yeri tutmuşdur”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli sosial şəbəkələrdə Konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçiriləcəyi, eləcə də Milli Məclisin yenidən buraxılacağı və növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı dezinformasiyalara münasibət bildirərkən deyib.

İctimai Birliyin sədrinin sözlərinə görə, zamanın tələbinə uyğun olaraq və sürətli idarəetmənin dinamikası baxımından  Azərbaycanda hüquqi, iqtisadi və maliyyə islahatları, bir sıra yeni ictimai strukturların yaradılması, Prezident Administrasiyası, hüquq-mühafizə orqanları, ədliyyə sistemi və digər sahələr də daxil olmaqla bir çox dövlət idarəetmə orqanlarında icraçı və qərar qəbuledici vəzifələrdə gənc mütəxəssislərin qərar qəbuletmə prosesində irəli çəkilmələri müşahidə olunur.

R. İskəndərli qeyd edib ki, Azərbaycanda uğurlu yeni idarəçilik konsepsiyası tətbiq olunmaqdadır ki, bu da aşağıdakı formalarda təzahür edir:

–        Dövlət Proqramlarının icrasında nəticəyönümlülük, strateji planlama və performans dəyərləndirilməsi.

–        İctimai iştirakçılıq və bürokratik strukturda ierarxik münasibətlərin yumşaldılması, kollegial qərarların tətbiqi

–        Elektron hökumətin ictimai xidmətlərdə geniş tətbiqi

Həmsöhbətimiz bildirib ki, ortaya atılmış və müzakirə obyektinə süni şəkildə çevrilmiş “növbədənkənar parlament seçkilərinin”, “referendumun keçirilməsi” ilə bağlı vurğulmaq yerinə düşər ki, artıq 2021-ci ilin 2 fevral tarixində ölkə Prezidenti ölkənin inkişafına dair  milli prioritetləri elan etmişdir: “Bu prioritetlərdən biri də işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışdır. Zaman baxımından hal-hazırda seçki məsələləri və ya Konstitusiya referendumunun keçirilməsinə zərurət yoxdur. Bu cür məsələlərin sosial şəbəkələrdə və ya mediada müzakirə obyektinə çevilməsinə, hər hansı bir ehtiyac görmürəm. Hesab edirəm ki, hazırda Azərbaycan cəmiyyəti və hər birimizin qarşısında duran əsas məqsəd Böyük Qayıdış prosesinə çalışdığı sahədə töhfə verməyimizdir”.

Nigar Orucova, “İki sahil”