Kəlbəcər yaylaqlarında bal süzümü – VİDEO

Kəlbəcər yaylaqlarında sonuncu bal süzümünə başlanılıb – hər pətəkdən 50 kiloqram bal

Kəlbəcər yaylaqlarına ilk dəfə köçürülmüş arıçılıq təsərrüfatlarında sonuncu bal süzümünə başlanılıb. Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi pilot layihə çərçivəsində Kəlbəcər yaylaqlarına iyunun 7-də köçürülmüş arıçılıq təsərrüfatları artıq ikinci bal süzümünü həyata keçirirlər.

AZƏRTAC xəbər verir ki, arıçılar yaylaq dövrünün çox məhsuldar keçdiyini deyirlər. Onlar hər pətəkdən orta hesabla 30 kiloqram məhsul götürməyi hədəfləsələr də, məhsuldarlıq gözləntilərin üzərində olub.

Kəlbəcərə köçürülmüş arı təsərrüfatlarından birinin sahibi Vahid Məmmədov deyir ki, 28 ildən sonra yenidən bu yerlərə qayıdıb: “Mən 50 pətək gətirmişəm. Bal süzümünü yekunlaşdırmaq üzrəyik. Pətək başına gözlədiyimizdən də yüksək məhsul əldə etmişik. Hər pətəkdən 45-50 kiloqram bal süzdük. Kəlbəcərin flora və faunası çox zəngindir. Yaylaqlarımızın bitki örtüyü, həmçinin meşə örtüyü çox zəngindir. Artıq mövsüm bitmək üzrədir. Olduğumuz yerdə bal mövsümü yekunlaşıb. Orta məhsuldarlıq pətək başına 30 kiloqram nəzərdə tutmuşduq, amma çox şükür, bizim 3-4 mərtəbəli pətəklərimizdə yetərincə bal oldu”.

Bal süzümü prosesi bir neçə mərhələni əhatə edir. Pətəklərdə yalnız arının növbəti mövsümədək qidalanmasına bəs edəcək miqdarda bal saxlanılır. Pətəklərdəki çərçivələrdən şan çıxarılaraq xüsusi qablara yığılır. Daha sonra yaylaq şəraitində qurulmuş xüsusi otaqlarda bal süzümü həyata keçirilir. Süzülmüş bal əvvəlcə iri çəlləklərə yığılır, daha sonra isə bankalara tökülərək qablaşdırılır.

Bu il Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə Kəlbəcər yaylaqlarına 3537 arı ailəsi köçürülüb. Öz təsərrüfatlarını Kəlbəcər yaylaqlarına köçürməyə razılıq vermiş təsərrüfatların əməkdaşlarına ANAMA-nın Göygöl Regional Təlim Mərkəzində müvafiq təlimlər keçirilib, onlara dislokasiya bölgəsində davranış qaydaları izah edilib. İlk arıçılıq təsərrüfatları yaylaqlara iyunun 7-də Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərşivəsində, birbaşa yerli bölmələrin iştirakı ilə köçürülüb. Bu təsərrüfatlarda artıq ikinci bal süzümü davam edir.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynovla söhbət zamanı bildirdi ki, Kəlbəcər yaylaqlarında sonuncu bal süzümü mövsümü başlayıb. Yaylaqlarda bal süzümü yekunlaşmaq üzrədir. “Kənd Təsərrüfatı Nazirliyi pilot layihəni həyata keçirən zaman arıçılıq təsərrüfatlarının yaylaqlara köçürülməsindən bal süzümünə qədər bütün mərhələlərdə monitorinq keçirib. Nazirliyin heyvandarlığın təşkili və monitorinqi şöbəsi, həmçinin digər şöbələr monitorinq prosesinə cəlb olunublar. Monitorinqin nəticələri bizi sevindirir. Pilot layihə həyata keçirilən zaman qarşımızda nəzəri hədəflər vardı. Bu gün bal süzümü həyata keçirilən təsərrüfatlarda aparılan monitorinqlər göstərir ki, məhsuldarlıq gözləntilərin çox üzərindədir. Bu, həm çəki, həm də keyfiyyət baxımından belədir. Bal süzümü prosesinin tam başa çatması ilə yaylaqlarda arıçılığın ən əsas dövrünün başa çatdığını elan etmək olar. Çünki artıq çəmənlərdə nektar kütləsi azalıb, arıların işləməsi üçün kifayət qədər nektar kütləsi yoxdur”, – deyə nazirlik rəsmisi vurğulayıb.

Qeyd edək ki, bu il Kənd Təsərrüfatı Nazirliyinin pilot layihəsi çərçivəsində Kəlbəcər yaylaqları ilə yanaşı Laçın yaylaqlarına da arıçılıq təsərrüfatları köçürülüb. Laçının Qorçu, Oğuldərə və digər kəndlərinə, ümumilikdə, 531 arı ailəsinin köçürülməsi təmin edilib. Laçın yaylaqlarında bal süzümünə avqust ayının ikinci yarısında başlanması nəzərdə tutulur.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s