Erməni cinayətkarların məhkəmə prosesinin müşahidəsi üzrə yekun hesabat təqdim edilib

Bü gün Park İnn otelində “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin təşəbbüsü ilə məhkəmə müşahidəsi ilə bağlı Yekun Hesabatın Media nümayəndələri üçün təqdimatı keçirilmişdir.

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərlinin sözlərinə görə, Ermənistan Respublikasının vətəndaşları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, və digər müharibə cinayətləri törətməsinə görə cari ilin iyun ayının 2-dən avqust ayının 2-dək cinayət işi üzrə məhkəmə prosesi keçirilmişdir.

Proses zamanı keçirilmiş məhkəmə iclaslarında “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli və hüquqşünas Fariz Əkbərov QHT təmsilçisi olaraq müşahidəçi qismində iştirak etmişlər.

Müşahidənin məqsədi – keçirilən məhkəmə prosesinin beynəlxalq humanitar hüquq və insan hüquqları, ədalətli mühakimə və açıq və qərəzsiz məhkəmə araşdırması hüququ və prinsipləri baxımından beynəlxalq standartlara uyğunluğunu müəyyən etmək olmuşdur.

Digər müşahidəçi Fariz Əkbərov bildirmişdir ki, Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın  Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə görə hər biri 20 il müddətinə azadlıqdan məhrum edilmişlər.

Məhkəmə ictimaiyyətə açıq şəkildə təşkil edilmiş və məhkəmə iclaslarında xeyli sayda yerli və xarici vətəndaş cəmiyyəti qurumarları, Ombudsman təsisatı, media və QHT nümayəndələri iştirak etmişlər.

Tədbir zamanı Ramil İskəndərli qeyd etmişdir ki, Beynəlxalq Humanitar Hüquq və insan hüquqları prinsiplərinə görə, Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bütün dövlətlər öz vətəndaşları və ya silahlı qüvvələri tərəfindən və ya ərazilərində törədildiyi iddia edilən hərbi cinayətləri araşdırmalı və cinayətləri törətməkdə təqsirlı bilinən şəxsləri mühakimə etməlidir. Əsirlər hərbi əməliyyatlarda yalnız iştirak etdiyinə görə cinayət məsuliyyətinə cəlb oluna bilməsələr də (Üçüncü Cenevrə Konvensiyasına görə), onları həbs edən ölkə onları mümkün müharibə cinayətlərinə görə mühakimə edə bilər.

Ədalətli məhkəmə araşdırması prinsiplərinə əməl edilməsi

Eyni zamanda tədbirdə qeyd olunmuşdur ki, müşahidəçilər tərəfindən keçirilmiş məhkəmə prosesinin prosedur nöqteyi nəzərindən Cenevrə konvensiyaları, Avropa İnsan Hüquqlari Konvensiyası və Mulki və siyasi hüquqlar haqqında Paktla müqayisəli analiz aparılaraq, belə qənaətə gəlmişdir ki, proses zamanı Ədalətli məhkəmə araşdırması ilə bağlı beynəlxalq standartların məhkəmə tərəfindən tam əməl olunmuşdur.

Belə ki, aşağıdakı məsələlər yüksək səviyyədə təmin edilmişdir:

–           Məhkəmənin müstəqilliyi və qərəzsizliyi, tərəflərin bərabərliyi prinsipi

–           Legitim hərbi məhkəmə (Bakı Hərbi Məhkəməsi), bərabər ittiham və müdafiə tərəfi, məhkəmə çəkişməsi prinsipi

–           Təqsirləndirilən şəxslərə, zərərçəkmiş şəxslərə işin mahiyyəti və səbəbləri barədə dolğun məlumat verilməsi və hüquq və vəziflərin izah olunması

–           Təqsirləndirilən şəxslərin Tərcümə ilə təmin olunması

–           Müdafiə tərəfinin vəsatətlərinin təmin edilməsi

–           Tədsirləndiriıən şəxsin məhkəmə zalında azad şəkildə iştitrakının təmin edilməsi

–           Məhkəmənin açıq keçirilməsi prinsipi və ictimaiyyət nümayəndələrinin Pandemiya qaydalarına riayət etməklə iştirakının təmin olunması

“Bu proses zamanı 2 ay müddətində bütün iclaslarda müstəqil QHT müşahidəçisi qismində iştirak edən şəxs kimi deyə bilərəm ki, proses nəticəsində əsas etibarilə bu nəticəyə gəlmək olar ki, Azərbaycan dövləti onun vətəndaşlarına qarşı Qarabağ müharibələri zamanı törədilmiş müharibə cinayətlərinə görə təqsirkar şəxsləri tam olaraq beynəlxalq hüquq standartları çərçivəsində müstəqil, qərəzsiz və ədalətli məhkəmə araşdırması prinsiplərinə əsasən mühakimə edir və bundan sonra da mühakimə edəcəkdir”. – deyə Ramil İskəndərli bildirmişdir.

Tədbirdə o da qeyd olunub ki, Azərbaycanlılara işgəncə verən erməni yaraqlıları – Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin məhkəmə prosesi ilə bağlı yekun hesabat beynəlxalq təşkilatlara da təqdim edilib.

Hesabat ICRC – Beynəlxalq Qırmızı Xaç Komitəsi, “Amnesty İnternational”, İnternational NGO Alliance on Crime Prevention and Criminal Justice (Cinayətkarlığın qarşının alınması və Cinayət Ədliyyəsi üzrə QHT Alyansı), NGO Coalition for ICC – (Beynəlxalq Cinayət Məhkəməsi uğrunda QHT koalisiyası), OHCHR (BMT İnsan Hüquqları Komissarlığı ofisi), CoE Human Rights Directorate (Avropa Şurası İnsan Hüquqları Direktoratı və İşgəncələr Əleyhinə Komitə), “Fair Trials” beynəlxalq təşkilatı, “İnternational Bar Association Human Rights İnstitute (Beynəlxalq Vəkillər Assosiasiyasının İnsan Hüquqları İnstitutu) ünvanlanıb.

Tədbirdə Media nümayəndələri ilə yanaşı Ombudsman təsisatının nümaəndəsi Vuqar Heydərov, QHT rəhbərləri Kəmalə Aşumova, Əvəz Həsənov, Cəsarət Hüseynzadə və digərləri iştirak etmiş və məsələ ilə bağlı öz fikirlərini bildirmişlər.