Şuşalılar Mehriban Əliyevanı Şuşadan təbrik etdilər

Bu gün Azərbaycanın I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür. Bu münasibətlə bir qrup Şuşa sakinləri Mehriban Əliyevanı Şuşaya səfərləri zamanı səmaya sülh rəmzi olan göyərçinləri buraxaraq təbrik etmişlər.

Bu gün Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaşlı nəslin nümayəndələrindən, Qarabağ qazilərindən, ziyalılardan ibarət növbəti qrup Şuşa sakininin doğma şəhərlərinə səfərini təşkil etmişdir.

Sakinlər Cıdır düzü, Qala divarları, Gəncə qapısı, şəhərin simvolları olan və Ermənistan Silahlı Qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərkən gülləbaran etdikləri Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəllərini, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edəcəklər. Səfərin sonunda sakinlər öz evlərini də ziyarət etmək imkanı qazanacaqlar.

Qeyd edək ki, Şuşalıların ilk səfəri 19 avqust tarixində baş tutub və 50 nəfər sakin 29 illik ayrılıqdan sonra öz doğma şəhərlərini görmək imkanı qazanıblar.