QHT-lərin Şuşa səfəri

İndiyədək bir çox ölkələrə səfər etmişəm. Amma Şuşa səfərimlə heç bir səfər müqayisə oluna bilməz…Ramil Iskəndərli.

Sentyabrın 11 və 12-də Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçiləri işğaldan azad olunmuş Şuşa şəhərinə səfər ediblər.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan səfərdə ümumilikdə 300-dək QHT təmsilçisi iştirak edib. QHT təmsilçilərini Prezident Administrasiyasının məsul əməkdaşı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev müşayiət etmişdir.

Ziyarətçilər əvvəlcə Cıdır düzündə olublar. Şuşa şəhəri yaxınlığında yerləşən, tarixən cıdır yarışlarının keçirildiyi və Qarabağ xanlığı dövründən yerli azərbaycanlı əhalinin Novruz bayramını qeyd etdiyi ərazi ziyarətçilərə unudulmaz hisslər yaşadıb. Daha sonra Molla Pənah Vaqifin bərpa olunmuş məqbərəsi ilə tanış olduqdan sonra, Şuşa şəhərinin mərkəzi meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məscid – Yuxarı Gövhərağa məscidi ziyarət edilib. 1768-1769-cu illərdə inşa edilən bu məscid də işğal dövründə erməni vandalizminə məruz qalıb . Məsciddə bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir (Azərtac).

Mərkəzi küçələrdə yerləşən çörək sexlərində məşhur Şuşa çörəyindən dadan QHT nümayəndələri Şuşa şəhərində aparılan abadlıq, quruculuq işləri də tanış olublar.

Səfərdə iştirak edən “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri, Ramil İskəndərli “ShushaNews” saytı ilə öz təəssüratlarını bölüşərək qeyd etmişdir ki, “İstənilən ərazi sənə məxsusdursa, sən heç həmin məkanda tikmək, yaratmaq, quruculuq, abadlıq işləri aparmaqdan yorula bilməzsən. Şuşaya səfər edərkən məhz bunun şahidi olduq. Şəhərdə hal-hazırda bu baxımdan böyük işlər görülür. Ermənilər tərəfindən dağıdılan ərazilər bərpa olunur və Şuşada həyat yenidən canlanır. Bunu görmək çox xoş idi. Ümumiyyətlə, indiyədək bir çox ölkələrə səfər etmişəm. Yaddaqalan gəzməli yerlərdə olmuşam. Amma Şuşa səfərimlə heç bir səfər müqayisə oluna bilməz…”  Nümayəndə heyəti Şuşanın mərkəzi meydanında Azərbaycan mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə, ermənilər tərəfindən 30 ilə yaxın müddət ərzində vəhşicəsinə dağıdılmış digər mədəniyyət abidələrinə, inzibati və yaşayış binalarına baxıblar. QHT-lər həmçinin Şuşa qalasına səfər etmişlər.

Ramil İskəndərli həmçinin qeyd etmişdir ki, “Şəxsən mən indi daha aydın başa düşürəm ki, nə üçün Prezident İlham Əliyev Şuşada, Cıdır düzündə “Şuşaya gələn insan buradangetmək istəmir” demişdir. Ali Baş Komandana və onun əsgər və zabitlərinə borclüyüq! Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin!”. (ShushaNews).