44 GÜNLÜK MÜHARİBƏDƏKİ QƏLƏBƏMİZ NÖVBƏTİ İQTİSADİ QƏLƏBƏMİZƏ TƏKAN VERDİ

Vüqar Ağayev

Ədliyyə Nazirliyi Cəzaların icrasına

nəzarət üzrə müfəttişliyin rəis müavini,

ədliyyə müşaviri

Ötən bir il ölkəmizin hərbi-iqtisadi və ictimai-siyasi həyatı öz əhəmiyyətinə görə əsrlərə bərabər mühüm tarixi hadisələrlə zəngin oldu. Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin sərkərdəliyi ilə 27 sentyabr 2020-ci ildə başlanan şanlı ordumuzun 44 günlük özünümüdafiə xarakterli əks-hücum əməliyyatları və Vətən müharibəsindəki möhtəşəm qələbəsi bu hadisələrin kuliminasiya nöqtəsi olmuşdur. Əks-hücum əməliyyatlarında ilk növbədə Azərbaycan öz ərazi bütövlüyünün təminatına nail olmuş, öz doğma torpaqlarını Ermənistanın hərbi təcavüzündən azad etmişdir. Bu qələbə ilə bütün dünya anladı ki, Azərbaycan öz ərazilərini qəhrəman övladlarının, şəhidlərinin qanı və canı bahasına, həm hərbi yolla, həm də dövlət rəhbərliyinin siyasi və diplomatik iradəsi və gücü hesabına sülh yolu ilə qaytarmağa qadir bir ölkədir.

Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artmış, dünyada mühüm güc və siyasi iradə mərkəzi kimi möhkəmlənmiş, yeni qlobal, regional və yerli iqtisadi layihələrə start verilmiş və hal-hazırda bir sıra irimiqyaslı işlər icra olunaraq davam etdirilir. Bu gün qarşıda duran əsas vəzifə həmin ərazilərin bərpa edilməsi, iqtisadi və sosial dirçəlişə nail olunması, məcburi köçkünlərin yurdlarına qaytarılması və bu insanların normal həyatının təmin edilməsidir. Əlbəttə, bütün bunlar isə ölkəmizin strateji proqramlarının tərkib hissəsi olaraq mərhələli şəkildə uğurla icra olunur.

Ermənistanın işğalından azad olunmuş torpaqlara səfərləri zamanı ölkə başçısı görüləcək işlərlə, o cümlədən ərazilərin minalardan təmizlənməsi, infrastrukturun yenidən bərpa edilməsi, hər cür layihə və proqramların icra edilməsi ilə bağlı müvafiq tapşırıqlarını vermişdır. Regionun iqtisadi və strateji mövqeyi nəzərə alınaraq bölgənin inkişafını sürətləndirəcək yeni yollar inşa olunur, irimiqyaslı infrastruktur obyektlər tikilir, mühüm layihələrinın icrası həyata keçirilir. Əlbəttə, icra olunan bütün bu layihələr regionun həm tranzit əhəmiyyətini, həm də strateji-iqtisadi gücünü artıracaqdır.

Ölkəmizdə bütün bu genişmiqyaslı layihələrə 44 günlük müharibədən dərhal sonra başlanılmış, eyni zamanda pandemiya şəraitinə baxmayaraq, ölkənin sosial-iqtisadi inkişafında sürətli irəliləyişlər baş vermiş, mühüm nailiyyətlər əldə olunmuşdur. Heç də təsadüfi deyil ki, bu günlərdə BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində Azərbaycanın dövlət başçısı çıxışı zamanı qeyd etdi ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə Azərbaycan dünyada 2030-cu il Gündəliyinin icrası ilə bağlı 3-cü Könüllü Milli Hesabatını təqdim edən 12 ölkədən biri, öz regionunda isə ilk dövlətdir. Bu proqramın nailiyyət indeksi üzrə mümkün 100 xaldan 72.4 xal toplayan Azərbaycan regionda ən yaxşı nəticə göstərərək 2021-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatında 165 ölkə arasında 55-ci yeri tutmuşdur. Eyni zamanda vurğulanıb ki, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional əlaqələndirmə layihələrinin icrasında fəal iştirak edir və bununla da Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.

Xüsusi vurğulanmalıdır ki, ölkə Prezidentinin müharibədən sonrakı bir il ərzində işğaldan azad edilmiş ərazilərə, o cümlədən Şuşa şəhərinə, Füzuli, Kəlbəcər və Laçın rayonlarına səfərləri, Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunun, həmçinin Füzuli, Zəngilan və Laçın rayonlarında beynəlxalq hava limanlarının, Horadiz-Ağbənd dəmir yolu xəttinin, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tunelin təməlinin qoyulması, Laçın rayonunda Güləbird Su Elektrik Stansiyasının, “Kəlbəcər” yarımstansiyasının açılışı, Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası tamamilə yenidən qurulması və digər irimiqyaslı işlər yeni iqtisadi inkişafın və böyük qayıdışın təminatıdır.

Dövlət başçısının Sərəncamı ilə 14 iqtisadi rayon yaradılmış, o cümlədən onların arasında iki iqtisadi rayonun – Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması xüsusi strateji əhəmiyyəti ilə diqqət çəkmişdir. Qarabağ iqtisadi rayonunda bütün Qarabağ bölgəsinə aid olan rayonlar, Şərqi Zəngəzur iqtisadi rayonunda Şərqi Zəngəzura aid olan rayonlar birləşdirilmişdir. Ölkə başçısının da qeyd etdiyi kimi, “Qərbi Zəngəzur hazırda Ermənistanın nəzarəti altında olsa da, ancaq Zəngəzur dəhlizinin çəkilişi nəticəsində əlbəttə ki, biz bu dəhlizdən istifadə edib öz vətəndaşlarımızı dədə-baba torpaqlarımıza qaytaracağıq. Belə planlar var və bu da təbiidir. Çünki bizim vətəndaşlar indiki Ermənistan ərazisindən, təkcə Zəngəzur mahalından yox, Göyçə mahalından da, – bura ilə həmsərhəddir, – zorla qovulmuşlar və onların tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar. Biz bunu sonrakı mərhələyə saxlayırıq”.

Azərbaycan tarixində ilk dəfə olaraq 2021-ci il iyunun 15-də qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Təyyub Ərdoğanın Şuşa şəhərinə rəsmi səfəri və Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması Bakı və Ankaranın həm hərbi-siyasi, həm də iqtisadi sahədə müttəfiqliklərini rəsmi şəkildə bir daha möhkəmləndirmiş, regional və beynəlxalq təhlükəsizlik, o cümlədən iqtisadi təhlükəsizlik baxımından mühüm tarixi hadisə kimi yaddaşlara həkk olunmuşdur. Şuşa Bəyannaməsində həmçinin milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəldilmiş səylərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər də yer alır.

Ölkəmizin qlobal nüfuzunun artması həmçinin beynəlxalq iqtisadi əməkdaşlıqların genişlənməsinə yol açmaqla, görüləcək infrastruktur layihələr hesabına Avrasiyanın yeni bir nəqliyyat platforması açıla bilər. Azərbaycanın bütün regionlarında 2004-cü ildən başlanmış iqtisadi inkişaf proqramının icra edilməsi imkan verir ki, azad olunmuş ərazilərdə də genişmiqyaslı işlər görüləcək, əhalinin rifahı naminə mühüm layihələr icra ediləcək.

Ermənistanın təcavüzündən azad edilmiş bölgələrin – Şərqi Zəngəzurun, Qarabağın bərpası, insanların bu torpaqlara qaytarılması üçün yeni imkanlar açılır və maksimum qısa müddətdə irimiqyaslı işlər icra edilir. Həmçinin, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının “yaşıl enerji” zonası kimi strateji hədəfi ölkəmizin iqtisadi gücünün göstəricisi olmaqla, eyni zamanda dövlətimizin siyasi iradəsinin təzahürüdür. Xüsusi vurğulanmalıdır ki, Zəngilan, Laçın, Füzuli hava limanlarının inşa edilməsi və istismara verilməsi bölgənin gələcək iqtisadi inkişafına əlavə təkan verəcək, bu limanlar vasitəsilə həm yüklər, həm sərnişinlər daşınacaq, eyni zamanda limanlar ölkəmizin hərbi qüdrətinin artmasına, yeni hərbi infrastrukturunun formalaşdırılmasına xidmət edəcək.

Qeyd olunmalıdır ki, artıq xarici dövlətlər də bu bölgələrdə layihələr icra etmək istəklərini bildiriblər. İki iri beynəlxalq şirkət ümumi həcmi 440 meqavata bərabər günəş və külək elektrik stansiyaları tikintisinə sərmayə yatırmaq arzusunda olduqlarını bildirib. Dünyanın aparıcı enerji şirkətləri arasında tender keçirilib və iki şirkət ən yaxşı təkliflər irəli sürüb.

Bundan əlavə, işğaldan azad olunmuş zonalarda kənd təsərrüfatı layihələrinə də start verilmiş, pilot layihələr kimi Kəlbəcər və Laçın rayonlarına arıçılıqla və heyvandarlıqla məşğul olan sakinlər göndərilmiş, onlara əlverişli şərait yaradılmışdır. İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində ölkə başçısının iştirakı ilə ilk “Ağıllı kənd” layihəsinin təməli qoyulmuşdur. İcra olunacaq layihədə Türkiyə, İsrail, İtaliya və Çinin qabaqcıl şirkətləri iştirak edirlər. Erməni işğalçıları tərəfindən dağıdılmış şəhər və kəndlərimiz ən müasir texnologiyalara əsaslanan əsasında bərpa olunacaq və bu pilot layihəsi əsasən, 5 komponent üzrə icra ediləcək. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir.

Onu da vurğulamaq lazımdır ki, 44 günlük müharibədən sonra ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar çərçivəsində iqtisadi sahə ilə yanaşı məhkəmə-hüquq sahəsində də mühüm işlər görülür, milli qanunvericilik və beynəlxalq müqavilə bazası möhkəmləndirilir, yeni məhkəmə infrastrukturu yaradılır, dünya təcrübəsinə əsaslanan innovativ proqram və layihələr icra olunur. Dövlətimizin başçısının sosial ədalətə əsaslanan islahatlarına, eləcə də birinci xanım Mehriban Əliyevanın inklüziv cəmiyyətin inkişafı üzrə təşəbbüslərinə uyğun olaraq ədliyyə və məhkəmə sahəsində də innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə ardıcıl tədbirlər görülür. Bütün bu işlər vətəndaşların ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılmasına, onlara yüksək keyfiyyətli hüquqi xidmətlərin göstərilməsinə, şəffaflığın artırılmasına, bütövlükdə məhkəmə hakimiyyətinə ictimai etimadın yüksəldilməsinə yönəlib. Bunun bariz nümunəsi kimi Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində bu yaxınlarda dövlət başçısının iştirakı ilə Sumqayıt Məhkəmə Kompleksinin və digər məhkəmə komplekslərinin açılışını qeyd edə bilərik. Xüsusilə Sumqayıt Məhkəmə Kompleksi altı məhkəməni, o cümlədən Sumqayıt apellyasiya, inzibati, kommersiya və ağır cinayətlər, Sumqayıt şəhər, eləcə də müvəqqəti olaraq Qubadlı rayon məhkəmələrini əhatə etməklə, “bir qapı” prinsipi ilə fəaliyyət göstərəcək və vətəndaşların müraciət imkanlarının asanlaşdırılmasına xidmət edəcək.

Bu baxımdan qeyd olunan işlər müasir tələblərə müvafiq olaraq həyata keçirilir, ölkə başçısı cənab İlham Əliyev tərəfindən qəbul olunan yol xəritələri, həmin sənədlərdən irəli gələn uzunmüddətli strategiya ölkəmizdə hərətərfli inkişaf üçün əsaslı zəmin yaradır. Təsadüfi deyildir ki, beynəlxalq maliyyə qurumlarının hesabatlarının nəticələri üzrə də ölkəmiz dünyanın öncül dövlətləri sırasına daxil edilmiş, ötən il Cənub Qaz Dəhlizi tamamlanmış, TAP istismara verilmiş, Azərbaycan qazı tarixdə ilk dəfə olaraq Avropa məkanına nəql olunmuşdur. Həmçinin, ölkəmiz hərbi-siyasi güc mərkəzi olaraq beynəlxalq aləmdə böyük nüfuz qazanmış, müasir dünyanın hüquq sistemlərinə inteqrasiya sahəsində mühüm nailiyyətlər əldə etmişdir.

Qeyd olunan ərazilərdə iqtisadi inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanması və həyata keçirilməsi, bərpası və yenidən qurulması, nəzərdə tutulan ərazilərdə istehsal və sosial təyinatlı obyektlərin, nəqliyyat infrastrukturunun inşası, investisiya layihələrinin icrası hələ irəlidə həyata keçiriləcək daha irimiqyaslı işlər sırasındadır. Ölkəmizdə bütün bu strateji hədəflərə nail olunması, nəhəng quruculuq işlərinin uğurla həyata keçirilməsi üçün beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq, ölkəmizdə iqtisadi qanunvericilik və müqavilə bazasının inkişafı üçün hər birimiz qarşıya qoyulan hədəflər naminə daha da əzmkarlıqla çalışmalı, hərbi qələbəmizlə yanaşı digər sahələrdə də uğurların davamlılığına nail olmalıyıq.

27 sentyabr Anım Günü Vətən müharibəsində torpaqlarımız uğrunda həlak olan şəhidlərimizə Allahdan rəhmət diləyirik, eyni zamanda Vətənin azadlıq mücadiləsində misilsiz şücaətlər göstərən qəhrəman döyüşçülərimizə ədalətin bərpa olunmasında, Azərbaycanın böyük zəfər qazanmasında sonsuz minnətdarlığımızı ifadə edirik. Həmçinin dövlətimizin başçısının apardığı siyasi xəttin həm hərbdə, həm də diplomatiya sahəsində qalib olduğunu fərəhlə təqdir etməklə, dövlətimizin bundan sonra daha böyük iqtisadi uğurlara nail olacağına əminliyimizi bildiririk.