Şuşa məktəbləri

XIX əsrin 30-cu illərində Azərbaycan xalq maarifi və məktəb təhsili öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Həmin dövrdən başlayaraq dövlət tərəfindən yeni tipli məktəblər təşkil edildi. Bu məktəblərin yaranması ilə Azərbaycanda xalq maarifi şəbəkəsi xeyli genişləndi, yeni üsullu məktəblər təsis olundu. Şuşa şəhərində də bir neçə yeni tipli məktəbin əsası qoyuldu.

Bu fikirlər Qarabağ tarixinin tanınmış tədqiqatçısı Vasif Quliyevin “Şuşada dini və şəxsi məktəblər” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

1826-cı ildə Rusiya hökumətinin iştirakı ilə Bazel missionerlərinin “Yevangeli” cəmiyyəti tərəfindən Azərbaycanda ilk dəfə Şuşada Bazel missionerləri məktəbi açılıb. Burada rus və qeyri-dillər tədris olunur, yalnız müsəlman uşaqlarına alman dili öyrədilirdi.

Azərbaycanda dünyəvi təhsil verən ilk qəza məktəbi olan Şuşa qəza məktəbi Zaqafqaziya məktəblərinin 1829-cu il 2 avqust tarixli nizamnaməsinə əsasən, 1830-cu il dekabrın 30-da fəaliyyətə başlamışdı. Məktəb dövlət idarələri üçün qulluqçular, ilk növbədə isə Azərbaycan və rus dillərinə tərcüməçilər hazırlamaq məqsədilə açılmışdı. Burada təhsil alanların əksəriyyəti bəy və tacir balaları idi. Məktəb Şuşada olan Bazel alman missionerlərinin “Yevangeli” cəmiyyəti tərəfindən pulsuz olaraq bir il müddətinə verilmiş binada yerləşirdi. İki sinif otağından əlavə burada iki müəllimin yaşaması üçün də yaxşı şərait yaradılmışdı. Məktəbin təlim xərci əsginas ilə 3800 manat idi və xəzinədən ödənilirdi. Yeni bina tikmək üçün yerli əhali gümüş pulla 5235 manat 16 qəpik pul toplamışdı.

Şuşa qəza məktəbinin birinci sinfinə birinci il 19 şagird qəbul olunmuşdu. Lakin ildən-ilə şagirdlərin sayı artaraq 1833-cü ildə 27, 1834-cü ildə 44 nəfərə çatmış və ikinci sinif də açılmışdı. Rusiyadan Zaqafqaziya Məktəblər Direktorluğunun sərəncamına göndərilmiş titulyar müşavir Nikolay Mixaylovski məktəbin ilk müəllimi və ştat üzrə nəzarətçisi təyin edilmişdi. Tədris planına şəriət, hüsnxət, hesab, rus dili və Azərbaycan dili daxil idi. Həmin fənlərlə yanaşı, kənd təsərrüfatı kursu keçirilir və bağçılıq öyrədilməsi də nəzərdə tutulurdu. Açılış münasibətilə məktəbə ilk oxu üçün bəzi kitablar ianə edilmiş, bundan əlavə, Zaqafqaziya Məktəb Direktorluğu Tiflis gimnaziyasından pulsuz olaraq bir sıra dərslik və tədris vəsaiti göndərilmişdi. Məzunları Azərbaycan maarifinin, məktəb və mədəniyyətinin inkişafında mühüm və böyük rol oynamış Şuşa qəza məktəbi 1874-cü ilə qədər öz fəaliyyətini davam etdirmiş, yerini Şuşa şəhər məktəbinə vermişdir.

Zaqafqaziyada ilk şəhər məktəbi olan Şuşa şəhər məktəbi XIX əsrin 60-cı illərindən məktəb islahatı ilə əlaqədar 1874-cü ildə fəaliyyətə başlamışdı. Məktəb təhsilin quruluşuna görə Rusiyanın şəhər məktəblərinə uyğun və yeni idi. Şuşa şəhər məktəbini açmaqda əsas məqsəd bütün təbəqədən olanların uşaqlarına ibtidai əqli və dini əxlaqi təhsil vermək idi. Bura vəziyyətindən və milliyyətindən asılı olmayaraq yeddi yaşı tamam olmuş uşaqlar imtahansız qəbul olunurdu. Məktəbin tədris planına şəriət, oxu və yazı, rus dili, hesab, təcrübi həndəsə, coğrafiya və tarix, təbiyyat tarixindən məlumat və fizika, rəsm, rəsmxət, nəğmə və gimnastika daxil idi. Həmin fənlərlə yanaşı, əhalinin əlavə vəsaiti hesabına fransız dili də öyrədilirdi. 1880-ci ildə məktəbin nəzdində xüsusi musiqi sinfi də açılmışdı.

Şuşa şəhər məktəbi fəaliyyətə başladığı vaxt hər şagirddən alına təhsil haqqı beş manat idi. Şagirdlərin sayı artdıqca təhsil haqqı da müvafiq olaraq 1876-cı ildə 8, 1878-ci ildə 12 manat və s. artmışdı. Kasıb uşaqları pedaqoji şuranın qərarı ilə təhsil haqqından azad edilə bilərdi. 1899-cu ildə böyük rus şairi A.S.Puşkinin anadan olmasının 100 illiyi ilə əlaqədar 20 manat məbləğində olan Puşkin təqaüdü də təsis edilmişdi. Həmin təqaüd təhsildə fərqlənən kasıb şagirdlərdən birinə verilirdi.

Şagirdlərinin çoxluğuna görə Şuşa şəhər məktəbi Rusiyada ilk yerlərdən birini tuturdu. Məktəbdə ilk vaxtlar 375 uşaq oxuyurdu. Məktəbin nəzdində pulsuz istifadə olunan kitabxanalar fəaliyyət göstərirdi. Burada fizika kabinələri, digər tədris vasitələri vardı, tarixi kolleksiyalar təşkil edilmişdi. Məktəb zooloji, mineroloji kolleksiyalar, fiziki, kimyəvi və meteoroloji cihazlar, coğrafi xəritələr, xüsusi musiqi alətləri ilə zəngin idi. Tədris vəsaiti və fənn kabinələrinin təchizi cəhətdən Şuşa şəhər məktəbi tədris dairəsində birinci yeri tuturdu. Burada maliyyə vəsaitindən və tələbatdan asılı olaraq şagirdlərə müəyyən peşələr də öyrədilirdi. Məktəbin nəzdində ipəkçilik şöbəsi də vardı. Kasıb şagirdlərin təhsilinə qayğı göstərmək üçün 1875-ci il mayın 6-da xüsusi qərarla məktəbin nəzdində 20 nəfəri əhatə edən konvinkt (Latın sözüdür, “kon” sözün kökü, “vinkt” isə şəkilçidir. Konvinkt birlikdə yaşamaq mənasında işlədilir) də təşkil edilmişdi, həmin qərara görə kasıb uşaqları dövlət hesabına pansionda yaşayır və təhsil alırdılar. Konvinktdə yaşayan şagirdlərin xərci Zaqafqaziya ölkəsinin mədaxilindən ödənilirdi. Ədəbi-bədii gecələr keçirmək, səhnəciklər və tamaşalar təşkil etmək Şuşa şəhər məktəbində ənənəyə çevrilmişdi. Bu tədbirlərdən əldə olunan vəsait məktəblərin ehtiyaclarına sərf edilirdi. Şuşa şəhər məktəbi nəinki Qarabağda, eyni zamanda, bütün Azərbaycanda təhsilin, xalq maarifinin, həmçinin müxtəlif sənətlərin inkişafında böyük rol oynamışdır.

Azərbaycanda ilk orta təhsil verən müəssisələrdən biri olan Şuşa Realnı Məktəbi Şuşa əhalisinin tələbi və xahişi ilə 1881-ci il sentyabrın 20-də fəaliyyətə başlamışdı. Altı sinifli hazırlıq sinfindən və üç əsas sinifdən ibarət idi. Şuşa Realnı Məktəbi ümumi təhsil və bəzi texniki biliklər verirdi. Tədris planı Ümumrusiya orta məktəblərinin planına tamamilə uyğun gəlirdi. Məktəbdə əsas riyaziyyat və fizika kursları, təbiətşünaslıq, rəsm və rəsmxət, şəriət və s. keçirilirdi. Lakin burada Rusiyadan fərqli olaraq alman və fransız dillərinə ayrılan saatların miqdarı daha çox idi. Rütbəsindən və dinindən asılı olmayaraq bütün varlı təbəqələrin uşaqları, az sayda isə kəndlilər və kasıblar məktəbə daxil ola bilərdilər. Birinci tədris ilində məktəbə 159 şagird qəbul olunmuşdu ki, onların da 58-i azərbaycanlı idi. 1890-cı ilin məlumatına görə, məktəbdə kəndli və kasıb uşaqları 6,2 faiz, 1895-ci ildə 15,1 faiz təşkil edirdi. Təhsil pullu idi. Təhsil haqqının miqdarı pedaqoji şura tərəfindən müəyyən edilirdi. Şuranın qərarı ilə yoxsullar təhsillər bu şərtlə azad oluna bilərdilər ki, onlar şagirdlərin ümumi sayının 10 faizdən çoxunu təşkil etməsinlər. Maarif Nazirliyinin tabeliyindəki məktəblərdə işləyənlərin, həmçinin əvvəllər 10 ildən çox maarif sistemində çalışanların uşaqları təhsil haqqından azad edilə bilərdilər. Öz davranışı və təhsil uğurları ilə fərqlənən yoxsul uşaqlarına birdəfəlik maddi yardım və ya illik təqaüd verilə bilərdi.

Şuşa Realnı Məktəbinin böyük və zəngin kitabxanası, fənn kabinələri vardı. Fizika kabinəsi isə öz mükəmməlliyi ilə seçilirdi. Məktəb Qafqaz orta təhsil müəssisələri arasından nümunəvi tədris müəssisələrindən hesab olunurdu. Azərbaycan dilini Haşım bəy Vəzirov, fransız dilini Əhməd bəy Ağayev, elmi-ilahi dərslərini isə həkim və şair Mirzə Sadıq Lətifov deyirdi.

Qarabağlı gənclərin bir hissəsi Şuşa Realnı Məktəbdə təhsil almaları sayəsində Rusiyanın və Avropanın ali məktəblərinə daxil olmuş və oranı bitirdikdən sonra xalq maarifi və məktəb, elm və mədəniyyət, xalq təsərrüfatı və iqtisadiyyatın, sənayenin müxtəlif sahələrində xidmətlər göstərmişlər.

Dini etiqadından və mənşəyindən asılı olmayaraq qızların oxuduğu xüsusi məktəb olan Şuşa Marinski Qız Məktəbi 1875-ci il oktyabrın 26-da Şuşa Xeyriyyə Cəmiyyəti tərəfindən təsis edilmişdi. Məktəb Ananyevlərin ikimərtəbəli evində yerləşirdi. Tədris planına təcrübi əhəmiyyəti olan fənlər, o cümlədən rus dili, hesab, ana dilində oxu və yazı, hüsnxət, rəsm, rəsmxət, ümumi coğrafiya, tarix, Şuşa qəzasının və Rusiya imperiyasının xəritəsini çəkməklə ölkəşünaslıq daxil idi. Bunlardan əlavə məktəbdə milli mahnılar öyrədilir, təbiət, tarix və fizikadan məlumat verilirdi. Təhsil pullu idi, lakin kasıblar təhsil haqqından azad idilər. Əlavə təhsil haqqı verənlərə həm də fransız və alman dilləri tədris edilir, musiqi öyrədilirdi. Gimnastika valideynlərin arzusundan asılı olub pulsuz keçilirdi.

Şuşa Marinski Qız Məktəbi 1894-cü ildən dördsinifli məktəbə çevrilmişdi. Bu məktəbin təşkili azərbaycanlı qızların da rus dilində təhsilinə şərait yaratmışdı. 1901-ci ildə buradakı şagirdlərin 7-si azərbaycanlı idi. Şuşa Marınski Qız Məktəbi qadın təhsili sahəsində, azərbaycanlı qızların dünyəvi təhsil almasında mühüm rol oynamışdır.

İki sinifdən ibarət normal rəsmi məktəb olan Şuşa Nikolayevski rus-tatar məktəbi 1896-cı il oktyabrın 6-da Şuşa ziyalılarının təşəbbüsü ilə açılmışdı. Şəhər əhalisi məktəbin bütün xərclərini öz üzərinə götürmüş və 1500-dən çox adamın, o cümlədən şəhər qazisinin və dörd nəfər din xadiminin imzası ilə qısa müddətdə baş məscidin həyətində səhiyyə və pedaqoji tələblərə cavab verən yeni bir tədris binasının tikilməsi nəzərdə tutulmuşdu. Şahzadə Fətəli Mirzə Qacar və xan qızı Natəvan bina tikilənədək öz evlərini təmənnasız olaraq məktəbə vermişdilər. Şuşa Realnı Məktəbin şagirdlərinin nümayiş etdirdikləri iki tamaşadan toplanmış 500 manat və şəhər ziyalılarının Xandəmirov teatrında Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” tamaşasından əldə olunan 700 manat məktəb binasının tikintisinə sərf edilmişdi.

Şuşa Nikolayevski rus-tatar məktəbinin müdiri Haşım bəy Vəzirov, fənn müəllimləri Rasim bəy Tahirov və Mizə Baxış Yusifzadə, şəriət müəllimi Molla Mehri Sarıcalı, fəxri müdiri Mehdiqulu xan Vəfa idi. Tədris planına Azərbaycan və rus dilləri, hesab (rus dilində) daxil idi. “Ana dili” təlimi yeni üsulla aparılırdı. Məktəbə birinci il 210 uşaq qəbul edilmişdi. Hər şagirddən ildə 10 manat təhsil haqqı alınırdı, 20 faizi isə bundan azad idi. Şəhərin bir çox xeyriyyəçiləri bu təhsil müəssisəsinin maddi bazasının möhkəmləndirilməsində fəal iştirak edirdilər. Məktəbin fəxri nəzarətçisi Cavad bəy Vəzirov, knyaginya Baqration-Muxranskaya, Həsənəli bəy Sarıcalınski kasıblardan beş nəfərin təhsil haqqını ödəməyi və oxuduqları müddətdə onların paltar və tədris vəsaitləri ilə təmin edilməsini öhdələrinə götürmüşdülər.

Məktəb çar II Nikolayın 1896-cı ildə keçirilən tacqoyma mərasimi münasibətilə onun şərəfinə “Şuşa Nikolayevski rus-tatar məktəbi” adlandırılmış və Şuşa Xeyriyyə Cəmiyyətinin xahişi ilə məktəbin müəllimlərinə dövlət qulluqçusu hüququ və üstünlüyü verilmişdi. Şuşa ziyalılarının böyük bir dəstəsi – Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşları, Yusif Vəzir Çəmənzəminli, Mirzə Xosrov Axundov və başqaları ilk təhsillərini həmin məktəbdə almışdılar.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s