“Zəfər” saytının təqdimatı keçirildi

AzVision.az

Heydər Əliyev Mərkəzində 44 günlük Vətən müharibəsində qazanılan Zəfərə həsr olunmuş zefer.az saytının təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin baş məsləhətçisi Humay Qasımovanın moderatorluğu ilə keçirilən tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyət və media təmsilçiləri iştirak ediblər.Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra “ zefer.az ” saytına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova xalqımızın “ Zəfər ” salnaməsinin yaddaşalara köçürülməsi, Zəfərin tarixi yaddaş baxımından mühüm əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə “Zəfər” saytının, bundan əvvəl isə, şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün “ Memorial.az ” saytının yaradıldığını bildirib. O, Azərbaycan xalqının 30 il hazırlaşdığı və 44 gün ərzində keçdiyi Zəfər yolunun virtual salnaməsi-ensiklopediyası olan “Zəfər” saytının ideya və məqsədlərindən danışıb.

Saytın logosunun 3 elementi əhatə etdiyini qeyd edən S.Yusifova onların birləşərək xalqımızın 44 gündə keçdiyi Zəfər yolunu simvolizə etdiyini bildirib: “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılmış bu tarixi Qələbə hər birimizin qələbəsidir. Vahid ideya, vahid amal uğrunda dəmir yumruq kimi birləşmiş Azərbaycan xalqının milli qürurunun, mübarizəsinin, əzmkarlığının canlı dastanıdır. Vətən müharibəsindəki Zəfərimiz müasir Azərbaycan milli kimliyini formalaşdıran başlıca amilə çevrilir. Tarixi ədalət, beynəlxalq hüquq, ərazi bütövlüyü və milli ləyaqətimizin bərpası yalnız Azərbaycan milli ruhunun qələbəsi deyil, həm də son iki əsrdə beyinlərə yeridilmiş komplekslərin tamamilə dağıdılmasıdır, xalqımızın özünə inamını bərpa edən, xalqımızı özgüvənli millətə çevirən və yaxın 50-100 ildə istinad nöqtəsi olacaq yeni mənəvi dönüş nöqtəsidir”.

O deyib ki, əgər 2020-ci il Şanlı Zəfərimizin tarixə yazıldığı il, Azərbaycan xalqının Zəfər salnaməsinin başlanğıc ili idisə, 2021-ci il bu Zəfərin nəticələrinin bütün dünya tərəfindən qəbul edilməsi ili oldu. “Zəfərimizin hərbi, siyasi-diplomatik nəticələri ilə yanaşı, mühüm iqtisadi nəticələri də var. “3+3” formatında kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması Azərbaycanın açıq dənizlərə çıxışını təmin edəcək, Naxçıvanla nəqliyyat əlaqələrinin bərpası Türk dünyasını birləşdirəcək və nəticədə ölkəmizin regional perspektivlərini və meqaregionda əhəmiyyətini yaxın onilliklər üçün daha da artıracaq. Yaranmaqda olan yeni regional dəhlizlər şəbəkəsi sülhün qarantı olmaqla, Azərbaycanın bu sahədəki imkanlarını diversifikasiya etməyə imkan verəcək, iqtisadi gücünü, ölkəmizin tranzit potensialını əhəmiyyətli dərəcədə yüksəldəcək, regionun geoiqtisadi xəritəsini dəyişəcək”,- Səadət Yusifova vurğulayıb.

Onun sözlərinə görə, bu fundamental dəyişikliklər ölkəmizin yeni inkişaf paradiqmasını şərtləndirir: “Qalib dövlətin dəyişən dünyanın bütün çağırışlarına hazır olması, Qalib xalqın köhnə-yeni coğrafiyada yenidən özünə baxışı və yeni ideoloji əsaslarının müəyyən edilməsi, Vətən müharibəsinin və onun nəticələrinin doğurduğu özgüvənin kapitalizasiyası, başqa sözlə, regionda və dünyada mövqeyimizin möhkəmləndirilməsi, günəş altında öz yerimizin tapılması, sadəcə dünya qaydasına yazılmaq yox, dünya qaydalarını yazmaq imkanlarına əltaçatlığın təmin edilməsi hazırda və yaxın gələcəkdə bizim üçün önəm kəsb edəcək”.

S.Yusifova vurğulayıb ki, qlobal kontekstə nəzər yetirəndə yeni dünya qaydasının formalaşmasının ilkin cücərtilərini artıq görünür: “Azərbaycan Respublikası Prezidentinin son müsahibəsində qeyd etdiyi kimi, “beynəlxalq münasibətlərdə ənənəvi davranış qaydaları artıq tükənir. Güc amili ön plana çıxır. Biz buna hazır olmalıyıq. Ona görə, biz hər zaman özümüzə güvənməliyik, daha güclü olmalıyıq, heç kimdən asılı olmamalıyıq. Vətən müharibəsindən sonra irəli sürülən “3+3” formulu Vestfal dünyasının yekunlaşması və yeni dünya qaydasının formalaşması çağırışına bir cavabdır. Yeni dünya əslində dünya xalqlarının, o cümlədən də bizim onu necə görmək istəyimizdən və səylərimizdən asılı olacaq.

Azərbaycan xalqının yazdığı bu tarixi heç vaxt unutmayacağını vurğulayan S.Yusifova bildirib ki, bizim üzərimizə düşən missiya bu Zəfər salnaməsini yazıya və lentə almaqla gələcək nəsillərə ötürmək, hər şeyi ilkin mənbədən, olduğu kimi, təhrif olunmadan dünyaya çatdırmaqdır. Ensiklopedik formatda, 3 dildə fəaliyyəti nəzərdə tutulan Zəfər portalının missiyası məhz buna hədəflənib”.

Mənbə: AzVision.az

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s