QHT-lər BMT-nin Baş katibinə müraciət edib – FOTO/VIDEO

Azərbaycanda fəaliyyət göstərən bir qrup QHT sədrinin iştirakı ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında (UNDP) işçi kimi çalışan ermənilərin Azərbaycana qarşı apardıqları nifrət zəmnində fəaliyyətinin qarşısının alınması ilə əlaqədar toplantı keçirib.

APA xəbər verir ki, toplantıda BMT-nin İnkişaf Proqramında çalışan və öz sosial şəbəkə platformalarını nifrət zəmnində istifadə edən, yalnız Azərbaycana qarşı deyil, bütün türk xalqlarına qarşı qərəz, böhtan və təhqirlər səsləndirən, açıq şəkildə separatizmi təbliğ edən erməni əsilli Armen Qriqoryan, Narine Sahakyan, Meri Tavukciyan və Stepan Marqaryan adlı əməkdaşların BMT-nin əməkdaşı statusundan sui-istifadə edərək türklərə və azərbaycanlılara, ölkəmizə və Azərbaycan Respublikasının Prezidentinə nifrət zəmnində hücum etdikləri qeyd olunub.

Tədbirdə çıxış edən Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İsgəndərli bildirib ki, BMT-də çalışan erməni əsilli şəxslər heç bir əsas olmadan həm Vətən müharibəsi dövründə, həm də müharibədən sonra Azərbaycan dövlətinə, dövlət rəhbərinə nifrət aşılayan çıxışlar edib.

“Hazırda Şimali Makedoniyada rezident rəhbəri Armen Qriqoryan, eyi zamanda BMT-də vəzifə tutan Meri Tabukçyan, Stepan Markaryan və digərləri BMT-dəki statuslarından sui-istifadə edərək Azərbaycana qarşı kampaniya aparır. BMT 1990-cı illərdə Azərbaycanla çox yaxından əməkdaşlıq edib, bir çox layihələrin həyata keçirilməsinə dəstək olub, lakin qurumun əməkdaşları Azərbaycana qarşı kampaniyaya başlayıb və biz buna etiraz edirik. Bu əməkdaşlar cəzalandırılmalıdır. Necə ola bilər ki, BMT əməkdaşlarının bu cür hərəkətlərinə qarşı tədbir görmür?
Armen Qriqoryan bu yaxınlarda Şimali Makedoniyada rezident rəhbəri təyin edilib. Onun yerinə isə daha bir erməni təyin edilib. Buna görə də BMT-nin baş katibinə bu barədə məlumat çatdırılmalıdır”, – birlik sədri deyib.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli isə qeyd edib ki, manipulyativ hərəkətlərlə məşğul olan beynəlxalq QHT-lər bəzi ölkələri qərəzli şəkildə qaralamaqla məşğuldurlar, bəzilərini isə haqlı olmadığı halda ən demokratik ölkə kimi təqdim edirlər:

“Bu sırada beynəlxalq QHT-lər də var. Onların fəaliyyəti müəyyən mənada anlaşılandır. Çünki müəyyən məsələlərə subyektiv yanaşa bilərlər. Amma təəssüf ki, biz belə qeyri-məqbul, ikili standartlarla yanaşmanı dövlətlərarası təşkilatların fəaliyyətində də müşahidə edirik. Bu yaxında bəlli oldu ki, bəzi dövlətlərarası təşkilatların əməkdaşları təşkilat səviyyəsində olmasa da, özlərinin fərdi sosial şəbəkə hesablarında Azərbaycan dövləti və rekvizitləri haqqında aşağılayıcı ifadələr işlədirlər. Düzdür, bunlar həmin təşkilatların mövqeyi və bəyanatı səviyyəsində deyil. Amma istənilən halda qurumun əməkdaşları olduqları üçün beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaradırlar. Bu səbəbdən bizim QHT-lər təşəbbüs göstəriblər ki, həmin təşkilatlara adbaad müraciətlər göndərək”.

İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə qeyd edib ki, hər bir beynəlxalq təşkilatın əsas məqsədi birtərəfli olmaq və həqiqəti müdafiə etmək olmalıdır. O, təəssüflə qeyd edib ki, bəzi beynəlxalq təşkilatlar bu prizmadan çıxış etmir:

“Onlar Azərbaycan dövlətinə, dövlətçiliyinə qarşı fərdi mövqelərindən çıxış edirlər. Beynəlxalq təşkilatların, dövlətlərarası qurumların alt qurumlarının bəzi nümayəndələri öz şəxsi profillərində Azərbaycana qarşı hörmətsizlik nümayiş etdirirlər. Hesab edirəm ki, beynəlxalq qurumlar buna qarşı adekvat münasibət bildirməlidir. Hər hansı beynəlxalq təşkilatın erməni əsilli nümayəndəsi öz profilində Azərbaycana qarşı hər hansı təhqiredici ifadələr paylaşırsa, həmin şəxslər cəzalandırmalı, hətta işdən azad olunmalıdır”.

Sonda QHT sədrlərinin iştirakı ilə BMT-nin Baş katibi Antonio Quterreşə müraciət göndərilib.

Müraciətdə deyilib ki, müstəqilliyin ilk illərində BMT-nin ölkəmizdə oynadığı mühüm rolu bir çox azərbaycanlı bu gün də xatırlayır:

“Azərbaycan 90-cı illərin əvvəllərində çoxsaylı çətinliklərlə üzləşib, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20%-dən çoxu işğal olunmuş, 1 milyon azərbaycanlı isə qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Belə çətin dövrdə BMT-nin bir çox qurumlarının vaxtında etdiyi yardım xalqımız tərəfindən həmişə minnətdarlıqla xatırlanır, çünki ehtiyac olan zaman gələn dost həqiqi dostdur”.

Bəyanatda bildirilib ki, Azərbaycandakı vətəndaş cəmiyyəti təşkilatlarının BMT ilə uzun və səmərəli tərəfdaşlıq təcrübəsi var. BMT-nin qurumlarından biri – BMTİP – ölkədə QHT prinsip və mexanizmlərinin tətbiqində mühüm rol oynayıb:

“BMT-nin müxtəlif institutları bir çox mühüm inkişaf və humanitar məsələlər də daxil olmaqla Azərbaycandan olan geniş spektrli tərəfdaşlarla sıx əməkdaşlıq edir. Ancaq təəssüf ki, bu mesaj tərəfdaşlıq və uğur haqqında deyil. BMT-də yeri olmayan bir məsələyə diqqətinizi çəkmək üçün sizə ürək ağrısı ilə yazırıq. Biz hər zaman qəbuledilməz olan fanatizm, nifrət nitqi, ayrı-seçkilik və ləyaqəti alçaldan rəftar barədə məlumat verməyə borcluyuq”.

Bəyanatda deyilib ki, bu cür əməllərlə məşğul olan şəxslərin sülhü humanizm təbliğ edən bir qurumda olması ağrıdıcıdır:

“Biz BMT-nin İnkişaf Proqramının bir qrup erməni əməkdaşını – Armen Qriqoryan, Narine Sahakyan, Meri Tavoukjian və Stepan Marqaryanı nəzərdə tuturuq ki, onlar öz sosial şəbəkədəki səhifələrini nifrət platformasına çevirərək, təkcə Azərbaycana deyil, bütün türk xalqlarına qarşı böhtan, təhqir və söyüşlər səsləndirir və separatizmi açıq şəkildə təbliğ edirlər. Bunlar BMT-nin bayrağından, BMT-nin əməkdaşı statusundan sui-istifadə edərək türklərə və azərbaycanlılara, ölkəmizə və Prezidentimizə hücum edən şəxslərdir.”

Müraciətdə qeyd olunub ki, bu şəxslər beynəlxalq mülki qulluqçuların bütün əsas prinsiplərinə və etik normalarına məhəl qoymurlar. “Onların davranışı Birləşmiş Millətlər Təşkilatının prinsipləri və idealları üçün utancvericidir:

“Çoxsaylı müraciətlərə baxmayaraq, BMTİP-in niyə bu çirkin davranışı dayandırmaq üçün tədbir görmədiyini anlamırıq. Üstəlik, həmin əməkdaşların bəziləri vəzifələrində yüksələrək hazırda “sülh və inkişafa xidmət edirlər. Təbliğ etməyə borclu olduqları dəyərləri sarsıtdıqlarını nəzərə alsaq, bizim üçün maraqlıdır ki, görəsən bu şəxslər hansı təmsilçilik təklif edə bilərlər.

BMT-də işləməyin vacib elementlərindən biri məsuliyyətlilik, hesabatlılıqdır. İnsanlar öz əməllərinə görə məsuliyyət daşımalıdılar. Sizdən xahiş edirik ki, Birləşmiş Millətlər Təşkilatının nüfuzunu Azərbaycanda qoruyasınız və tək Azərbaycanda deyil BMT-nin öz prinsiplərinə hörmət etdiyini və buna əməl etməyənlərə qarşı tədbir görməyə hazır olduğunu göstərəsiniz” – müraciətdə vurğulanıb.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s