Formalaşmış yeni reallıqlarla barışmaqdan başqa çarələri qalmayacaq

Bakı, 11 mart, AZƏRTAC

Martın 10-da Avropa Parlamentinin “Qarabağda mədəni irsin məhv edilməsi ilə bağlı” qəbul etdiyi qətnamə antiazərbaycan xarakteri daşımaqla bərabər, həm də islamofobiyanın əyani nümunəsidir.

Qətnamənin tam əksər hissəsi guya dağıdılmış erməni məbədlərinin adları ilə göstərilməsinə rəğmən, sənəddə Azərbaycan mədəni irsinə aid bir məscidin, yaxud hər hansı dağıdılmış tarixi, dini və mədəni abidənin adı belə çəkilmir. Sənəddə guya erməni kilsələrinin albanlaşdırılmasından narahatlıq ifadə olunur. Halbuki, Qarabağda olduğu kimi, Azərbaycanın digər ərazilərində də indiyədək qorunub saxlanan Alban məbədləri mövcuddur. Albaniya katolikoslarının iqamətgahları əvvəl Dərbənd-Qəbələ, VI əsrdən Bərdə, XIII əsrdən etibarən isə Gəncəsərdə yerləşirdi. Kambisena (VIII-XI əsrlər), Sünik (XI-XII), Alban-Xaçın knyazlıqları, habelə Qarabağın Alban məliklikləri alban xristian irisinin qanuni varisləri hesab ediliblər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi Ramil İskəndərli söyləyib.

QHT sədrinin sözlərinə görə, sənədin qəbulu onu göstərir ki, avropalı deputatlar Vətən müharibəsindən sonra regionda baş verən dəyişiklikləri və bununla bağlı formalaşan yeni reallıqları ya görmür, ya da həzm edə bilmirlər. Qətnamənin mətnində “Dağlıq Qarabağ” və “Şuşa/Şuşi” sözlərindən istifadəni, işğaldan azad edilmiş ərazilər barədə isə “Ermənistanın Azərbaycana qaytardığı ərazilər” ifadəsinin işlədilməsini, ATƏT-in Minsk qrupunun rolunun qeyd olunmasını bilərəkdən avropalı seçiciləri arasında Qarabağla bağlı yanlış təəssüratların yaradılması istiqamətində atılmış addım kimi qəbul etmək olar.

Sənəddə guya balansı qorumaq cəhdi olaraq qeyd edilir ki, Ermənistanın Azərbaycana qaytardığı keçmiş münaqişə bölgələrində, xüsusən Ağdam və Füzulinin demək olar tamamilə dağıdılması və talanı baş verib. Birinci Qarabağ müharibəsi Azərbaycanın mədəni irsinin, o cümlədən azərbaycanlı məcburi köçkünlərin regionda qoyub getdikləri mədəni və dini obyektlərin zədələnməsinə və ya məhv edilməsinə səbəb olub. Halbuki, bu yerlər ya dağıdılıb, baxımsız qalıb və ya talan olunub. Dini-mədəni abidələr at tövlələri kimi istifadə edilib, mədəni izləri aradan qaldırmaq üçün adları dəyişdirilib və ya tikinti materialları üçün sökülüb. Lakin sənəddə ən azından nümunə olaraq Ermənistanda Azərbaycan mədəni irsinə aid abidələrin, məbədlərin dağıdılması barədə hər hansı bir cümləyə rast gəlmək olmur.

“Qeyd etməliyik ki, bütün dağıntı¬lar məqsədli şəkildə edilib. Belə ki, Ermənistan ərazisindəki tarixi torpaqlarımızda, Qarabağda və ətraf rayonlarda azərbaycanlılara aid tarixi miraslar erməni vandalları tərəfindən viran qoyulmaqla soydaşlarımızın bu ərazilərdəki mədəni kimliyinin itirilməsi məqsədi güdülüb. Lakin sənəddən də göründüyü kimi, avropalı deputatlar bu faktları, sadəcə, öz seçicilərindən gizlətmək yolunu tutublar.

Ermənistan Azərbaycan tor¬paqlarını işğal etməklə, şəhər və kəndlərimizi xaraba qoymaqla, maddi-mədəni, təbii sərvətlərimizi ta¬lan etməklə müharibə zamanı mülki şəxslərin qorunması məsələlərini tənzimləyən Dördüncü Cenevrə Konvensiyasının 27-ci maddəsini, “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasını pozublar. Lakin sənəddə qərəzli şəkildə yalnız Azərbaycan tərəfinin guya törətdiyi əməllər barədə məlumatlar verilir” , – deyə R.İsgəndərli qeyd edib.

QHT sədri bildirib ki, Vətən müharibəsinin bitməsinə bir neçə gün qalmış Şuşa muzeyində saxlanılan xalçalar daşınaraq Yerevana aparılıb və qanunsuz olaraq orada saxlanılmaqdadır. Bu baxımdan “Mədəni dəyərlərin qeyri-qanuni yolla gətirilməsinin, aparılmasının və mülkiyyət hüququnun verilməsinin qadağan edilməsi və qarşısının alınmasına yönəlmiş tədbirlər haqqında” 1970-ci il Paris Konvensiyası və “Oğurlanmış və qeyri-qanuni yolla ölkədən çıxarılmış mədəni dəyərlər haqqında” 1995-ci il Konvensiyasında təsbit edilən müddəalara əsasən, silahlı münaqişələr zamanı mədəni sərvətlərə və mədəni irsə qarşı qanunsuz əməllər beynəlxalq cinayət qanunvericiliyinə görə müharibə cinayəti hesab olunur. Sənəddə bu barədə heç nə yoxdur.

“Avropalı deputatlar qeyd olunan bütün məsələləri artıq 30 ildən çox görməzdən gələrək ermənilər üçün cəzasızlıq mühiti formalaşdırmağa çalışsalar da, hazırda Azərbaycan Ordusunun onların həzm edə bilmədikləri şanlı Qələbəsinin formalaşdırdığı yeni reallıqlarla barışmaqdan başqa çarələri qalmayacaq”, – deyə Ramil İsgəndərli fikirlərini yekunlaşdırıb.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s