Şuşada Milli Məclisin komitələri tərəfindən dinləmələr keçirilib

Bakı, 11 iyun, AZƏRTAC

İyunun 11-də Milli Məclisin Aqrar siyasət və Regional məsələlər komitələrinin Şuşa şəhərində birgə iclası keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov tədbiri açaraq parlamentin komitə iclaslarının “Şuşa İli”ndə Azərbaycanın mədəniyyət paytaxtı kimi yenidən dirçələn Şuşa şəhərində keçirilməsinin qürurverici olduğunu söyləyib. O, Milli Məclisin komitə iclaslarının Şuşa şəhərində keçirilməsinə verdiyi dəstəyə görə parlamentin sədri Sahibə Qafarovaya təşəkkürünü bildirib. Komitə sədri iclasın “Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yeni regional, sosial-iqtisadi, aqrar inkişafın ünvanıdır” mövzusunda dinləmələrə həsr olunduğunu diqqətə çatdırıb. S.Novruzov incəsənətimizin beşiyi olan Şuşanın Qələbəmizin, birliyimizin də rəmzinə çevrildiyini qeyd edib, burada Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti ilə aparılan bərpa-quruculuq işlərinin miqyasından danışıb.

Komitə sədri Prezident İlham Əliyevin Fərmanı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılmasının ölkədə regional iqtisadi idarəetmənin təkmilləşdirilməsi və ərazicə optimallaşdırılması baxımından əhəmiyyətindən bəhs edib, bu iqtisadi zonalara daxil olan rayonların hər birinin özünəməxsus zəngin təbii resurslara, yüksək iqtisadi potensiala malik olmasını diqqətə çatdırıb.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusunun şanlı Zəfəri nəticəsində 30 illik həsrətə son qoyulmasından danışıb. O, cəmi 44 gün ərzində torpaqlarımız işğaldan azad edildiyi kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ərazilərin qısa müddətdə dirçələcəyinə inamını da bildirib.

Komitə sədri Şərqi Zəngəzur və Qarabağ iqtisadi bölgəsinə daxil olan rayonların iqtisadiyyatında ənənəvi sahələrə üstünlük verilməklə yanaşı, rəqabətədavamlı qeyri-ənənəvi sahələrin də inkişaf etdirilməsi ilə bağlı qeydlərini bildirib, işğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişafı ilə bağlı fikirlərini səsləndirib.

İclasda Regional məsələlər komitəsi sədrinin müavini Elşən Musayev, deputatlar Cavanşir Paşazadə, Nizami Cəfərov, Cavid Osmanov, Aydın Hüseynov, Aqil Məmmədov, Novruzəli Aslanov, Səbinə Xasayeva, İqbal Məmmədov, Azər Badamov, Müşfiq Cəfərov, Malik Həsənov, Əliabbas Salahzadə, Kamran Bayramov və Milli Məclisin İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov çıxış edərək torpaqlarımızın azad edilməsi uğrunda canlarını fəda etmiş şəhidlərimizə ehtiramlarını bildirib, qazilərimizə cansağlığı diləyiblər.

Şuşada Milli Məclisin komitələrinin iclasının keçirilməsinə verdiyi dəstəyə görə parlamentin sədri Sahibə Qafarovaya təşəkkürlərini bildirən deputatlar Şuşanın Azərbaycan tarixindəki, onların hər birinin həyatlarındakı yeri barədə danışıb, bu gün burada olmalarından keçirdikləri qürur hisslərini və təəssüratlarını bölüşüblər. Çıxış edənlər Vətən müharibəsində böyük Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı tikinti və quruculuq işlərini, regionun iqtisadi inkişafı və tərəqqisi istiqamətində həyata keçirilən layihələri, o cümlədən “Yaşıl enerji zonası” konsepsiyasını yüksək dəyərləndiriblər, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının inkişaf potensialı, Böyük Qayıdışın gerçəkləşdirilməsi prosesi ilə bağlı fikirlərini bölüşüblər.

Dinləmələrdə çıxış edənlər iqtisadi zonaların hərtərəfli inkişafının ölkəmizin ümumi iqtisadiyyatının daha da böyüməsinə və dövlətimizin qüdrətinin artmasına öz töhfəsini verəcəyinə inamlarını ifadə ediblər.

Bununla da Milli Məclisin Aqrar siyasət və Regional məsələlər komitələrinin Şuşa şəhərində keçirilən birgə iclası başa çatıb.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s