Yuxularımızı ərşə çəkən bir səfər təəssüratı

Artıq məlum olduğu kimi, 13 mart 2021-ci il tarixdə vətəndaş cəmiyyəti institutlarının, o cümlədən Kütləvi İnformasiya Vasitələrinin geniş tərkibdə nümayəndə heyətinin, blogerlərin, ictimai fəalların və bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələrinin işğaldan azad olunmuş Ağdam rayonuna səfəri təşkil olunub.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə keçirilən səfər çərçivəsində iştirakçılar əvvəlcədən tərtib edilmiş səfər proqramına uyğun olaraq, Ağdam rayonu ərazisində ermənilərin hərbi istehkamları və minalardan təmizlənmiş sahələrlə tanış olub, minaların zərərsizləşdirmə əməliyyatına baxıb, Ağdam rayonunun dillər əzbəri olan Uzundərə və burada vaxtilə salınmış, lakin sonradan işğal zamanı tamamilə yerlə-yeksən edilmiş İkinci Şəhidlər Xiyabanının boş qalmış ərazisini ürək ağrısı ilə seyr edib, Ağdam şəhərinin girişində 1991-ci il fevralın 21-də partladılmış şəhər avtovağzalına, Mərkəzi meydanda Ağdam Dram Teatrının qalmış sütunlarına, dağıdılmış və viran qoyulmuş digər inzibati binalara baxıb, Qarabağ xanlarının abidələr kompleksini və İmarət qəbiristanlığını, Ağdamın “Qarabağ” futbol klubunun “İmarət” stadionunu, vaxtilə bölgədə öz unikallığı ilə sayılıb-seçilən Çörək muzeyinin divarlarını, 1941-1945-ci ilə Böyük Vətən Müharibəsi abidəsinin və Birinci Şəhidlər Xiyabanının qalıqlarını, Qarağacı qəbiristanlığını, Milli qəhrəman Allahverdi Bağırovun və digər şəhidlərin, Xocalı soyqırımının qurbanlarının məzarlarını, Ağdam Cümə məscidini və “Şahbulaq” qala kompleksini ziyarət ediblər.

Açığını deyim, çox ağır hissdir bir zamanlar öz gözəlliyi ilə könül oxşayan, köhnə video və şəkillərdə gördüyümüz Ağdamın şəhər və kəndlərini bu vəziyyətdə görmək. Bir tərəfdən qürur və sevinc hissi ki, işğaldan azad olunmuş torpaqlara səfər edirik, digər tərəfdən bu torpaqlarda törədilmiş vəhşilik və vandallıq aktlarına görə işğalçılara qarşı anbaan artan qəzəb və nifrət. Azərbaycana və onun xalqına nə dərəcədə düşmənçilik bəsləyəsən ki, vaxtilə gülüstan olan torpaqları xarabalığa döndərəsən? Bununla da kifayətlənməyib, məzarları dağıdıb insan cəsədlərinin qalıqlarını yox edəsən. Bu da dünyaya özünü qədim və mədəni xalq kimi sırımaq istəyən bədnam qonşularımızın əsl siması və xisləti. Məsələ bundadır ki, həm azərbaycanlılara, həm onların məskunlaşdığı dədə-baba torpaqlarına qarşı işğal zamanı baş vermiş cinayətlər əslində bəşəriyyətə, onun mədəni irsinə qarşı törədilmiş cinayətlər hesab olunmalıdır. Özlərini yalançı soyqırımının qurbanları kimi dünyaya sırımaq istəyən bədnam qonşularımız əslində tək Azərbaycan xalqına qarşı yox, həm də onun şəhər və kəndlərinə, mədəni abidələrinə qarşı bir soyqırımı törətmişdilər və onlar həm də məhz buna görə mühakimə olunmalıdırlar. Ermənistanın siyasi hakimiyyəti həm də bu vandallığa görə məsuliyyət daşımalıdır.     

Bəli, biz bu gün bu yerlərə bu torpaqların həqiqi sahibi kimi qayıdırıq. İşğal nəticəsində Ağdam və digər rayonlarımıza nə qədər viran qoyulsa da, ona nə qədər divan tutulsa da, bu torpaqların hər qarışı və hər daşı belə bizə əzizdir və bundan sonra biz vahid bir xalq olaraq, Azərbaycanın Ali Baş Komandanı və onun Müzəffər Ordusu tərəfindən bizə qaytarılmış bu torpaqları göz bəbəyimiz qorumalı, onları bərpa etməli və abadlaşdırmalıyıq.

Əminəm, çox qısa zamanda Ağdama həyata qayıdacaq və bu şəhər “Kabuslar şəhəri” adından qurtulacaq. Yenidən burada sosial və mədəni həyata qaynayacaq, muğam məktəbləri fəaliyyətə başlayacaq və bu yerlərə qayıdacaq əhalimiz “Qarabağ” futbol klubunun “İmarət” stadiondakı möhtəşəm oyunları seyr edəcək, onun qələbələrinə sevinəcək. Amma buna qədər görüləsi işlərimiz çoxdur və hər bir vətəndaş harada və nə hansı qisimdə olmasından asılı olmayaraq Ağdamın və bütövlükdə Qarabağın bərpasında və yenidən qurulmasında iştirak etməli, bu işə öz töhfəsini bir müqəddəs borc olaraq verməlidir.

Maraqlı bir hal yaşayıram. Səfərin digər iştirakçılarını bilmirəm, amma Ağdamdan qayıdandan sonra mənim yuxularım ərşə çəkilib. Bir anlıq belə gözümə yuxu gəlsə də, yenə Ağdamın indiki halını, az qala binəsinə qədər dağıdılmış evləri və bu dağıntılar arasında özümü gəzən görürəm. Bir-birinə bənzəməyən, fərqli arxitektura üslubunda tikilmiş, lakin işğal zamanı sanki qisas almaq məqsədilə vəhşi tayfa tərəfindən dağıdılmış və viran qoyulmuş evlərin əzəməti yenə də könül oxşayır və “Şahbulaq” qalası kimi öz möhtəşəmliyi və sarsılmazlığı ilə düşmənlərə meydan oxuyur.

Gözün aydın, mənim xalqım! Gözün aydın, Azərbaycan!

Azər Allahverənov

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və

“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri             

Leave a Reply

Your email address will not be published. Required fields are marked *