Aslan İsmayılov: “Şəxsən mən XTQ ilə fəxr edirəm”

Aslan İsmayılov

Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaradılmasının 22-ci ildönümüdür. Azərbaycan XTQ-nin yaradılmasını və 22 il keçəndən sonra bu qüvvənin tək ölkəmizdə, regionda deyil, həm də dünyada oynadığı rolu görəndən sonra onu xüsusi qeyd etməyi özümə borc bildim. Həmişə ABŞ-ın “Dəniz pişikləri”, İsrailin “Sayeret Matkal”, Türkiyənin “Bordo Bereli” (tünd qırmızı beretlilər), Rusiyanın “Alfa qrupu” və digər xüsusi təyinatlıların hansısa peşəkar əməliyyatları ilə bağlı nə isə oxuyanda həmişə həsəd aparardım və hefsilənirdim ki, bizdə belələri yoxdur. Mənim üçün belə qüvvələrin mövcudluğu həmin dövlətlərin gücünün, möhtəşəmliyinin göstəricisi idi.

44 günlük Vətən Müharibəsi Şanlı Qələbədən başqa Dövlətimizə həm də onun gücünün, möhtəşəmliyinin göstəricisi olan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrini tanıtdı. Müharibə dövrü XTQ-in əsgər və zabitlərinin göstərdiyi igidliklər barədə sonralar daha çox, daha möhtəşəm bilgilər alacağımıza heç bir şübhəm yoxdur. Əminəm ki, Dövlətimizin ətrafında baş verənlər hələ də bu igidlərin nəyə qadir olduqlarını tamlığı ilə göstərməyə imkan vermir. Müharibənin ən qaynar nöqtələrində olmuş doğmamı dinlədikcə XTQ döyüşçülərinin özlərinin göstərdikləri igidliklərdən də önəmli bütün Ordumuzun onlara güvənməsi, onların hər şeyə qadir olmasına, onların qarşılarında heç bir gücün dayana bilməməsinə əminliyi olmuşdur.

Qardaşım oğlundan hansı təhlükədən qorxduqlarını soruşanda hər dəfə “heç nədən, çünki bilirdik ki, yaxınlığımızda XTQ var və istənilən çətinlikdən bizi xilas edəcəklər” cavabı oldu.

44 günlük Vətən Müharibəsi dövrü yəqin ki, hər birimiz Şuşanın azad olunması barədə fikirləşəndə bu arzunun mümkünsüz olduğunu düşünürdük və beynimizdə dərhal alınmaz Qala canlanırdı. Bu igidlər o alınmaz Qalanı necə fəth etmələri barədə eşitdiyimiz cüzi bilgilər belə hamını heyrətləndirir. Buna nəinki biz, dünyada heç kim inanmırdı. Əminəm ki, gələcəkdə bu barədə dünyaya səs salacaq səhnələr də açıqlanacaq.

Əminəm ki, bu gün kimliyindən asılı olmayaraq hamı general Hikmət Mirzəyevə və döyüşçülərinə qibtə edir, onların yerinə olmaq istəyir. Ancaq H.Mirzəyev və onun döyüşçülərinin çəkdikləri əziyyətləri, gördükləri çətinlikləri çox az adam təkrarlamaq istəyər. Bu gün qürur hissi ilə deyirəm ki, şəxsən mən Azərbaycan XTQ ilə fəxr edirəm və onları təbrik edib bu şöhrəti daim saxlamaqlarını arzu edirəm!

Mənbə: https://www.facebook.com/Aslan.Z.Ismayilov/posts/4337039809647808

Leave a Reply

Your email address will not be published. Required fields are marked *