“Azərbaycan hal-hazırda zəngin dövlətçilik tarixinin ən güclü dövrünü yaşamaqdadır” – Ramil Iskəndərli

Müharibədə əldə olunan Qələbə və daha sonra bu Zəfərin siyasi yolla möhkəmləndirilməsi beynəlxalq səviyyədə Azərbaycanın nüfuzunu daha da artırmışdır.

“Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəsinin ən vacib nəticəsi bütün ölkələr tərəfindən tanınan ərazi bütövlüyünün bərpası və Qarabağ bölgəsindəki yurd-yuvalarından qovulmuş vətəndaşlarımızın öz dədə-baba yerlərinə yaxın zamanlarda qayıtması, ərazilərin yenidən qurulması, bərpası və dirçəliş prosesinin başlanması üçün zəmin yaradılması olmuşdur”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli deyib.

R. İskəndərli bildirib ki, Vətən müharibəsində tarixi Qələbəmiz həm regional, həm də beynəlxalq səviyyədə əməkdaşlıq üçün perspektivlər açmışdır: “Buna sübut olaraq mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələri qeyd etmək olar. İlk öncə müzakirələr zamanı Prezident İlham Əliyevin qısa və lakonik şəkildə söylədiyi bu fikir mühüm əhəmiyyət kəsb edir: “Yeni vəziyyət yeni yanaşmaları tələb edir”.

Bu yanaşma müharibədən sonrakı yeni vəziyyətdə, regional inkişaf baxımından region ölkələri arasında (Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, İran və Ermənistan) nəqliyyat bağlarının açılması həm iqtisadi, həm siyasi, həm də humanitar və mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə, bununla da regionda gələcəkdə sabitliyin pozulması ehtimalının xeyli dərəcədə azalmasına imkan verəcək. 

Regional baxımdan ən vacib məqam isə indiyədək bağlı olan nəqliyyat dəhlizlərinin açılmasının Azərbaycanın bölgədə tam olaraq regional qovşaq, hab, mərkəz rolunu dəfərlərlə artıracağını deyən İctimai Birliyin sədri qeyd edib ki, regionla bağlı bütün siyasi, iqtisadi və humanitar xarakterli məsələlər, layihələr, Azərbaycanın həm bilavasitə nəzarəti, həm də vasitəsiçiliyi ilə həyata keçiriləcək.

Həmsöhbətimiz vurğulayıb ki, müharibə nəticəsində əldə olunan qələbə və daha sonra bu Zəfərin siyasi yolla möhkəmləndirilməsi beynəlxalq səviyyədə Azərbaycanın nüfuzunun artmasına gətirib çıxarmışdir: “Azərbaycanın BMT Baş Assambleyası səviyyəsində COVID-19 pandemiyası ilə bağlı vaksinlərin ədalətli qaydada bölüşdürülməsi və digər beynəlxalq təhlükəsizlik məsələlərində könkret mövqe ortaya qoyması, BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının  ölkəmizi hər bir məsələdə dəstəkləməsi, eləcə də türk və İslam ölkələrini birləşdirən  regional qurumların işində dövlətimizin aparıcı rola malik olması buna sübutdur. Azərbaycan hal-hazırda zəngin dövlətçilik tarixinin ən güclü dövrünü yaşamaqdadır. Qarşıda duran perspektivlər imkan verir söyləyək ki, Azərbaycan regional və beynəlxalq əməkdaşlıq sayəsində daha da güclü dövlətə çevriləcək”.

Nigar Orucova, “İki sahil”