Ermənistan beynəlxalq məhkəmə qarşısında cavab verəcək
Ramil Iskəndərli, hüquqşünas : İşğalçı ölkənin beynəlxalq hüquqa zidd addımları onun cəzalandırılmasını şərtləndirir
Azərbaycan irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanın məsuliyyətə cəlb edilməsinə nail olacaq. Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Ermənistana qarşı beynəlxalq məhkəmə işlərindəki son vəziyyətlə bağlı sualını cavablandırarkən qeyd etmişdir ki, Azərbaycan tərəfindən cari ilin yanvar ayında Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistana qarşı qaldırılan iddiaya əlavə olaraq, yaxın günlərdə Azərbaycan İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın (ICERD) sistematik şəkildə pozulmasına görə Ermənistanın məsuliyyətə cəlb edilməsi üçün əlaqədar instansiyalara müraciət edəcək. Eyni zamanda, bildiyimiz kimi, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov öz tvitter hesabında yazmışdır ki, önümüzdəki günlərdə irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb edəcəyik. İşğal zamanı azərbaycanlıların insan hüquqlarının 30 il ərzində pozulması qəbuledilməzdir.
“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri, hüquqşünas Ramil İskəndərli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, hələ 2020-ci ilin noyabrın 6-da Prezident İlham Əliyev BBC televiziya kanalına müsahibə verərkən qeyd etmişdir ki, müharibə bitdikdən sonra Ermənistana qarşı məhkəmə iddiaları olacaqdır.
R. İskəndərlinin qənaətinə görə, Azərbaycan dövləti tərəfindən Ermənistanın törətdiyi əməllərə görə tədbirlərinin görülməsi barədə Avropa İnsan Hüquqları Məhkəməsinə dövlətlərarası şikayətin verilməsi, 30 illik işğal dövründə Ermənistan və onun əməkdaşlıq etdiyi şirkətlərə qarşı xarici məhkəmə instansiyalarında təzminatla bağlı iddiaların qaldırılması, eyni zamanda, sözügedən irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın pozulmasına görə məsuliyyətə cəlb etmə prosedurlarına başlanması, təmin ediləcək. Eyni zamanda Azərbaycan dövləti müxtəlif hüquq mexanizmlərindən istifadə etməklə Ermənistanın törətdiyi beynəlxalq hüquqa zidd əməllərə görə cəzalandırılmasını effektiv həyata keçirməyə çalışacaq: “Həmçinin rəhbərlik etdiyim “Hüquqi Təhlil və Araşdırmalar” İctimai birliyi adından ictimaiyyətə təqdim etdiyimiz məhkəmə müşahidəsi hesabatında qeyd olunduğu kimi, Ermənistan Respublikasının vətəndaşları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, və digər müharibə cinayətləri törətməsinə görə cari ilin iyun ayının 2-dən avqust ayının 2-dək cinayət işi üzrə məhkəmə prosesi, eləcə də erməni qanunsuz silahlı birləşmələrin üzvləri, müzdlular və digər cinayətkarlarla bağlı ilə keçirilmiş milli məhkəmələrin qərarları bir daha sübut edir ki, Azərbaycan dövləti erməni cinayətkarları həm dövlətdaxili hüquq mexanizmlərindən istifadə etməklə, həmçinin beynəlxalq hüquq mühakimə sistemi vasitəsilə cəzalandırılmasını prosesini məqsədyönlü və beynəlxalq hüquq prinsiplərinə uyğun şəkildə həyata keçirir və keçirməyə davam edəcəkdır”.
Nigar Orucova, “İki sahil”