Azərbaycan Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verdi

Azərbaycan “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verib.

“Report” xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.

“Ermənistan azərbaycanlılara qarşı milli və ya etnik mənşəyinə görə bir sıra ayrı-seçkilik hərəkətləri edib və etməkdə davam edir. İddiaçı (Azərbaycan-red.) Ermənistanın həm birbaşa, həm də dolayı yolla etnik təmizləmə siyasətini davam etdirdiyini və nifrəti qızışdırdığını bildirir, azərbaycanlılara qarşı etnik zorakılıq, nifrət dolu ifadələrdən istifadə və irqçi təbliğat hökumət səviyyəsində aparılır”, – məlumatda deyilir.

Azərbaycan tərəfi əlavə edir ki, son 10 ay ərzində tərəflərin razılığa gəlmək cəhdləri çıxılmaz vəziyyət yaradıb. Bu səbəbdən də Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsindən “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etməyi, ölkəyə və xalqa dəymiş ziyanı ödəməyi xahiş edir.

Müraciətdə məqsəd Ermənistanı konvensiyaya uyğun olaraq üzərinə götürdüyü beynəlxalq öhdəliklərə riayət etməsinə məcbur etməkdir. Bununla yanaşı, azərbaycanlıları Ermənistanın davam edən davranışının səbəb olduğu zərərlərdən qorumaqdır. Belə olan təqdirdə Azərbaycan məhkəmədən təcili olaraq müəyyən müvəqqəti tədbirlər görülməsini xahiş edir.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bir neçə gün bundan əvvəl ölkəmiz tərəfindən cari ilin yanvar ayında Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistana qarşı qaldırılan iddiaya əlavə olaraq, yaxın günlərdə Azərbaycanın “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında” Beynəlxalq Konvensiyanın sistematik şəkildə pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcəyini bildirmişdi.

Azərbaycan Ermənistandan digər beynəlxalq və milli məhkəmələrə də şikayət edəcək.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev özünün tvitterdəki hesabında yazıb.

“Azərbaycan ərazisində cinayət, qanunsuz və ayrı-seçkilik hərəkətlərinə görə Ermənistana, ayrı-ayrı şəxslərə və şirkətlərə qarşı beynəlxalq və milli məhkəmələrdə də vəsatət qaldırılacaq”, – paylaşımda deyilir.

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri, hüquqşünas Ramil İskəndərli mövzu ilə bağlı bir neçə gün əvvəl “İki sahil”ə açıqlamasında bildirmişdir ki, hələ 2020-ci ilin noyabrın 6-da Prezident İlham Əliyev BBC televiziya kanalına müsahibə verərkən qeyd etmişdir ki, müharibə bitdikdən sonra Ermənistana qarşı məhkəmə iddiaları olacaqdır.

R. İskəndərlinin qənaətinə görə, Azərbaycan dövləti tərəfindən Ermənistanın törətdiyi əməllərə görə tədbirlərinin görülməsi barədə Avropa İnsan Hüquqları Məhkəməsinə dövlətlərarası şikayətin verilməsi, 30 illik işğal dövründə Ermənistan və onun əməkdaşlıq etdiyi şirkətlərə qarşı xarici məhkəmə instansiyalarında təzminatla bağlı iddiaların qaldırılması, eyni zamanda, sözügedən irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın pozulmasına görə məsuliyyətə cəlb etmə prosedurlarına başlanması, təmin ediləcək.

Eyni zamanda Azərbaycan dövləti müxtəlif hüquq mexanizmlərindən istifadə etməklə Ermənistanın törətdiyi beynəlxalq hüquqa zidd əməllərə görə cəzalandırılmasını effektiv həyata keçirməyə çalışacaq:

“Həmçinin rəhbərlik etdiyim “Hüquqi Təhlil və Araşdırmalar” İctimai birliyi adından ictimaiyyətə təqdim etdiyimiz məhkəmə müşahidəsi hesabatında qeyd olunduğu kimi, Ermənistan Respublikasının vətəndaşları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, və digər müharibə cinayətləri törətməsinə görə cari ilin iyun ayının 2-dən avqust ayının 2-dək cinayət işi üzrə məhkəmə prosesi, eləcə də erməni qanunsuz silahlı birləşmələrin üzvləri, müzdlular və digər cinayətkarlarla bağlı ilə keçirilmiş milli məhkəmələrin qərarları bir daha sübut edir ki, Azərbaycan dövləti erməni cinayətkarları həm dövlətdaxili hüquq mexanizmlərindən istifadə etməklə, həmçinin beynəlxalq hüquq mühakimə sistemi vasitəsilə cəzalandırılmasını prosesini məqsədyönlü və beynəlxalq hüquq prinsiplərinə uyğun şəkildə həyata keçirir və keçirməyə davam edəcəkdır”.