QHT-lərin növbəti qrupu Şuşaya səfər etdi

QHT-lərdən ibarət növbəti qrup Şuşaya səfər etdi

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə QHT-lərdən ibarət növbəti qrup Şuşa şəhərinə səfər edib.

Səfərə müxtəlif sahələrdə fəaliyyət göstərən 100-dək QHT təmsilçisi qatılıb. QHT təmsilçilərinin geniş tərkibdə nümayəndə heyətini Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev və Agentliyin icraçı direktoru Aygün Əliyeva müşayiət ediblər.

QHT nümayəndələri şəhərdəki Saatlı, Aşağı Gövhər Ağa və Yuxarı Gövhər Ağa məscidlərində olublar, Şuşanın mərkəzi meydanında Azərbaycan mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini, Bülbülün Ev muzeyini ziyarət ediblər. Nümayəndə heyəti ermənilər tərəfindən 30 ilə yaxın müddət ərzində vəhşiliklə dağıdılmış digər maddi-mədəni abidələr, inzibati və yaşayış binaları ilə yaxından tanış olublar. Pənahəli xanın sarayının qalıqları olan əraziyə, Mehmandarovların malikanə kompleksinə, Molla Pənah Vaqifin məqbərəsinə baxış keçirilib.

Sonra QHT təmsilçiləri Şuşa şəhərində görülən abadlıq, quruculuq işləri ilə də yaxından tanış olublar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *