Human Rights Watch təşkilatına Azərbaycan QHT-lərinin sualları var

Bu gün “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycanda insan hüquqları sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti təsisatlarının 30 nümayəndəsi Human Rights Watch (HRW) təşkilatına Azərbaycanla bağlı dərc etdikləri illik hesabatda qeyd edilən bəzi məqamların aydınlaşdırılması ilə bağlı müraciət etmişlər.

Müraciətdə konkret olaraq aşağıdakı suallar qoyulur:

Sual 1: BMT-nin Təhlükəsiz Məktəblər Bəyannaməsi ilə bağlı

“Azərbaycanla bağlı hesabatda qeyd edirsiniz ki, “rəsmi məlumatlara görə, Erməni tərəfində azı 71, Azərbaycan tərəfdən isə 54 məktəb zərər görüb və ya dağıdılıb. Münaqişə zamanı məktəblərə ciddi ziyan dəyməsinə baxmayaraq, Azərbaycan hələ də 112 ölkə tərəfindən imzalanmış silahlı münaqişə zamanı təhsili qorumaq üçün beynəlxalq razılaşma olan BMT Təhlükəsiz Məktəblər Bəyannaməsini təsdiq etməmişdir. Ermənistanla bağlı hesabatda isə eyni rəqəmləri qeyd etsəz də, Təhlükəsiz Məktəblər Bəyannaməsi ilə bağlı heç bir qeyd göstərilmir. Halbuki, Ermənistan Təhlükəsiz Məktəblər Bəyannaməsinə 2017-ci ildə qoşulub və bu sənədin icrasına könüllü öhdəlik götürüb. Ermənilər tərəfindən özünüzün də qeyd etdiyiniz kimi Azərbaycanda 54 məktəbin dağıdılmasını sözügedən bəyannamənin pozulması kimi qeyd etməmisiniz.

Sualımız budur ki, dağıdılmış məktələrlə bağlı rəqəmlər haradan götürülüb? Ümumiyyətlə toplanmış məlumatlar necə verifikasiya olunur? ErmənistanınTəhlükəsiz Məktəblər Bəyannaməsinə qoşulması, onun Azərbaycanda özünüzün qeyd etdiyiniz kimi 54 məktəbin dağıdılması ilə bağlı məsuliyyətdən azad edirmi?

Sual 2: Hərbi əsirlər, terrorçular və digər saxlanılmış şəxslərlə bağlı

Azərbaycanla bağlı hesabatda qeyd edirsiniz ki, “2021-ci ildə Azərbaycan 100-dən çox erməni əsir və mülki məhbusu geri qaytarıb. Sentyabrda Ermənistan Ombudsman Aparatı Azərbaycanın nəzarətində ən azı 41 hərbi əsir və dörd mülki əsir qaldığını bildirdi; həbsdə qalanların dəqiq sayı bəlli deyil. Azərbaycan hökuməti bu məhbusları hərbi əsir kimi tanımaqdan imtina edir. Azərbaycan hakimiyyəti ardıcıl olaraq həbsdə qalan erməni əsgərlərinin hamısının terrorçuluqda şübhəli olduğunu iddia edir.

Bizim sizə bu məsələ ilə bağlı bir mötəbər insan hüquqları təşkilatı olaraq mövqeyinizi bilmək üçün, sualımız var. Beynəlxalq humanitar hüquq və Müharibə əsirləri ilə bağlı Üçüncü Cenevrə Konvensiyasının(1949) dördüncü maddəsinə və konvensiyanın 2020-ci il rəsmi kommentariyasının 983-cü bəndinə əsasən (“Fərqləndirmə öhdəliyi”),  eyni zamanda beynəlxalq humanitar adət hüququna əsasən “Ayrı-ayrı döyüşçülərin hərbi əməliyyatlarda iştirak edərkən və ya hazırlıq hərbi əməliyyatında fərqlənməməsi onların hərbi əsir statusu hüququndan məhrum olması deməkdir.” Burada söhbət kimliyindən asılı olmayaraq, məhz hərbi əməliyyətlar zamanında törədilən əməllərdən gedir. Azərbaycanda indiyədək geri qaytarılmayan erməni əsilli şəxslər 44 günlük müharibə zamanı yox, hərbi əməliyyatlar bitdikdən və atəşkəs elan olunduqdan sonra törədilən cinayətlərə görə məhkum olunmuş və ya barəsində cinayət təqibi və mühakiməsi həyata kerilən şəxslərdir. Hərbi əsirlər kateqoriyasına şamil edilən erməni əsilli şəxslər isə Azərbaycan höküməti tərəfindən müxtəlif dövlətlərin vasitəçiliyi ilə müxtəlif dörvlərdə azad edilmişlər.

Konkret sualımız isə budur ki, siz 44 günlük hərbi əməliyyatlar zamanı yox, müharibənin dayandırılması barədə 10 noyabr bəyanatından sonra saxlanılan şəxsləri müharibə əsirləri hesab edirsinizmi?

Sual 3. Müharibə zamanı törədilən cinayətlərə görə cinayət təqibi

Azərbaycanla bağlı hesabatda qeyd edirsiniz ki, “2020-ci ilin dekabrında bir sıra beynəlxalq KİV-lər Azərbaycan hakimiyyətinin ölmüş erməni əsgərlərinin cəsədlərini təhqir etdiyinə və erməni qəbiristanlıqlarında məzar daşlarını dağıddıqlarına görə dörd hərbçini həbs etdiyi barədə məlumat yayıb”.

Lakin Ermənistanla bağlı hesabatda HRW qeyd edir ki, “Erməni qüvvələri tərəfindən yeddi azərbaycanlı əsirlə pis rəftar, o cümlədən işgəncələr sənədləşdirilib. Human Rights Watch təşkilatı Ermənistan hakimiyyətinin müharibə zamanı erməni qüvvələrinin törətdiyi iddia edilən hərbi cinayətlərlə bağlı hər hansı araşdırma aparmasından xəbərsizdir”.

Qeyd etmək istəyirik ki, Beynəlxalq Humanitar Hüquqa görə, bütün dövlətlər öz vətəndaşları və ya silahlı qüvvələri tərəfindən və ya ərazilərində törədildiyi iddia edilən hərbi cinayətləri araşdırmalı və lazım gəldikdə şübhəliləri mühakimə etməlidir.

Sualımız isə bundan ibarətdir ki, Ermənistan, erməni hərbi qüvvələri nümayəndələri tərəfindən törədilən cinayətlərlə bağlı indiyədək heç bir cinayət təqibini həyata keçirmədiyinə görə, HRW təşkilatı Ermənistana bugünədək hər hansı irad və ya tövsiyyə bildiribmi?

Yuxarıdakıları nəzərə alaraq, xahiş edirik, bizə qaldırdığımız məslələrlə bağlı öz mövqeyinizi bildirəsiniz.

Müraciətə qoşulanlar:

  1. Ramil İskəndərli – Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri
  2. Novella Cəfərova –D.Əliyeva adina Azərbaycan Qadinlarının Hüququnun Müdafiə Cəmiyyətinin sədri
  3. Sahib Məmmədov –Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri
  4. Ələsgər Məmmədli – Müstəqil hüquqşünas
  5. Dilara Əfəndiyeva, Hüquq müdafiəçisi
  6. Cəsarət Hüseynzadə – İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri
  7. Ramil Məmmədli – hərbi ekspert
  8. Ziya Quliyev – Hüquq Cəmiyyəti təşkilatının təsisçisi
  9. Rəsul Cəfərov – Bakı İnsan Hüquqları Klubunun sədri
  10. Əliməmməd Nuriyev –“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti
  11. Çingiz Qənizadə – Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri
  12. Mirvari Qəhrəmanlı – Neftçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri
  13. Mirəli Hüseynov – Demokratiyanı öyrənmə İctimai Birliyinin sədri
  14. Fərman Nəbiyev – Mingəçevir Valideynlər Assosiasiyasının sədri
  15. Elmari Məmişov – Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədr müavini
  16. Zaur İbrahimov – “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri
  17. Azər Allahverənov – Avrasiya Miqrasiya Təşəbbüsləri İctimai Birliyinin sədri
  18. Hafiz Həsənov –Hüquq və İnkişaf İctimai Birliyinin sədri 
  19. Vuqar Ahmadov –  AzərbaycanAmerika Gənclər Birliyinin sədri 
  20. Vüsalə Hüseynli – “İslahatçı qadınlar və innovasiyalar” İctimai Birliyinin sədri
  21. Elçin Salmanov – Gənclərin Hüquqları Müdafiə İctimai Birliyinin sədri
  22. Mehriban Zeynalova – “Təmiz Dünya” Qadınlara Yardım ictimai Birliyinin sədri
  23. Kəmalə Ağazadə – “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri
  24. Rafiq İsmayilov – Vətəndaş Cəmiyyəti inkişafı təşkilatının sədri
  25. Xalid Kazımov – Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin sədri
  26. Davud Rəhimli – Əlil Təşkilatları İttifaqının sədri
  27. Əhməd Abbasbəyli – “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri
  28. Kəmalə Aşumova – Ümidli Gələcək Sosial Təşəbbüsləri İctimai Birliyinin İcraçı Direktoru
  29. Fariz Əkbərov – müstəqil hüquqşünas
  30. Səltənət Qocamanlı – hüquq müdafiəçisi, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri