Bəzi ölkələrdə 27 Fevral Ümumdünya QHT Günü kimi qeyd olunur

Ümumdünya QHT Günü hər il fevralın 27-də qeyd olunur. Günün məqsədi cəmiyyətdə insanları, (həmçının dövlət və özəl sektorda çalışanları)  QHT-lərdə fəal iştirak etməyə həvəsləndirməkdir. O, həmçinin dünyada insanları QHT-lər və onların cəmiyyətə təsiri haqqında maarifləndirmək məqsədi daşıyır.

Ümumdünya QHT Günü 2010-cu il aprelin 17-də Litvanın paytaxtı Vilnüs şəhərində Baltik Dənizi QHT Forumunun 12 ölkəsi tərəfindən rəsmi olaraq təklif edilmiş və görüşdə qəbul edilmiş bəyannamə ilə elan olunmuşdur. Baltik Dənizi QHT Forumuna üzv ölkələr Belarus, Danimarka, Estoniya, Finlandiya, Almaniya, İslandiya, Latviya, Litva, Polşa, Rusiya, Norveç və İsveç olub.  Almaniya, Avropa İttifaqı, Hindistan, Böyük Britaniya Nümayəndələr Palatası və Lordlar Platası bu ideyanı dəstəkləyiblər və iclaslarında müzakirə ediblər.

Ümumdünya QHT gününün ilk qlobal açılış tədbiri 27 fevral 2014-cü il tarixində Finlandiyanın Helsinki şəhərində Finlandiya Xarici İşlər Nazirliyi tərəfindən keçirilmişdir.

Ümümdünya QHT Günü ideyasını əsas etibarilə Avropa İttifaqı və Avropa Şurası kimi Avropa institutları dəstəkləyir. Avropa Şurasında iştirakçılıq statusuna malik Conference of INGOs təşkilatı da hər il QHT gününü qeyd edir.

Lakin sonda, onu da qeyd etmək lazımdır ki, Avropa İnstitutlarından fərqli olaraq, Birləşmiş Millətlər Təşkilatı (BMT) heç bir rəsmi sənədlərində, rəsmi açıqlamalar vasitəsilə, və yaxud BMT-nin Beynəlxalq Günlər təqvimində Ümumdünya QHT Gününü rəsmi olaraq tanımayıb.

Hesab edirəm, gələcəkdə Azərbaycanda da, Ümumdünya QHT Gününün keçirilməsi BMT-nin bü hadisəni rəsmi olaraq tanımasından sonra mümkün ola bilər.

Ramil İskəndərli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *