Ermənistanın hərbi cinayətləri ilə bağlı hesabatın təqdimatı keçirildi

Cari ilin fevral ayından etibarən “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi “Ermənistanın hərbi cinayətləri beynəlxalq fokusda” layihəsini icra etməkdədir.  

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Layihənin əsas məqsədi Azərbaycan əleyhinə Ermənistan tərəfindən həm “44 günlük” müharibədən əvvəl, həm də müharibədən sonrakı dövrdə törədilən və törədilməkdə davam edilən insan hüquqları və humanitar hüquq pozuntuları barədə beynəlxalq aləmi məlumatlandırmaqdır.

20 aprel saat 10:00-dan 13:00-dək “Park Inn by Radisson” otelinin “Fizuli” zalında layihə çərçivəsində çap edilmiş “Humanitar hüquq və insan hüquqları tapdaq altında” adlı ingiliscə hesabatın təqdimatı keçirilmişdir.

Tədbirdə aşılış nitqi ilə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Layihələrin idarə edilməsi üzrə meneceri Ülkər Süleymanova, və “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli çıxış etmişlər. Natiqlər öz açılış nitqlərində ümumilikdə Ermənistanın Azərbaycan əhalisinə qarşı törətdiyi hərbi cinayətlər barədə beynəlxalq qurumlara hesabatların hazırlanması və çatdırılmasın QHT-lərin rolunun əhəmiyyətini qeyd etdilər.

Daha sonra Ramil İskəndərli layihə müddətində görüşlən işlər və çap edilmiş hesabatın məzmunu ilə bağlı təqdimat etmişdir. Ramil İskəndərli qeyd etmişdir ki, layihə çərçivəsində çap edilmiş “Humanitar hüquq və insan hüquqları tapdaq altında” adlı hesabatından əlavə, BMT İrqi ayrıseçkiliyin qarşısının alınması ilə bağlı Komitəsinə Ermənistan dövlətinin verdiyi hesabata Alternativ hesabat hazırlanmış, layihə mövzusu ilə bağlı ingilis dilində xüsusi vebsayt istifadəyə verilmiş, sosial şəbəkələr vasitəsilə məlumatlar yayılmış, eyni zamanda beynəlxalq qurumlara birbaşa məktub və müraciətlər hazırlanıb göndərilmişdir. O həmçinin əlavə etmişdir ki, çap edilmiş hesabat bu günlərdə Şuşa şəhərində keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçıları arasında da paylanılması nəzərdə tutulmuşdur.

Layihənin hüquqşünası Fariz Əkbərov da iştirakçılara Ermənistan vətəndaşlarının hərbi cinayətlərlə bağlı təşkilatın həyata keçirdiyi məhkəmə müşahidəsi və Xocavənd rayonunda tapılmış kütləvi məzarlıqla bağlı aparılmış baxış və hüquqi qiymətləndirmə barədə iştirakçılara məlumat vermişdir.

QHT sədrlərindən və media nümayəndələrindən ibarət tədbir iştirakçıları arasında mövzu ilə bağlı diskussiyalar aparılmış və dəyərli təkliflər səsləndirilmişdir. Ümumilikdə beynəlxalq təşkilatlara hesabat və bu kimi məlumatların hazırlanması və təqdim olunmasının daha mükəmməl koordinasiyası və məlumat mübadiləsi formasında davam etməsi üçün vətəndaş cəmiyyəti təsisatlarının (QHT, düşüncə mərkəzləri, media və s.) səylərinin konsolidasiyasına ehtiyac vardır.

HTA İB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *