Londonda səfirliyimizə edilən hücum hərtərəfli araşdırılmalıdır

Bildiyimiz kimi, 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndirərək Azərbaycanın dövlət bayrağına qarşı təhqiredici hərəkətlər etmişlər.

Ənənəvi və sosial mediada yayılmış foto və videokadrlardan görünür ki, diplomatik nümayəndəliyə edilən hücumun sonlarında radikal qruplaşmanın bəzi üzvləri polislərin gözü qarşısında səfirlik binasının eyvanında rahatlıqla hərəkət edir, dini bayraqları dalğalandırırlar. Həmçinin Azərbaycan bayrağının endirilməsinə, səfirlik binasına zərər vurulmasına baxmayaq qruplaşma üzvləri polislərin qarşısında öz dini şüarlarını çox rahatlıqla səsləndirirlər. Yalnız bir müddət sonra, yerli polis binanın içərisindəki səfirliyin əməkdaşlarını təhlükəsiz şəkildə təxliyə edib, daha sonra etirazçıları oradan uzaqlaşdırıb və 8 nəfəri həbs edib.

Təsadüfi deyil ki, 5 avqust 2022-ci il tarixində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb. Londondakı Azərbaycan səfirliyinə qarşı dini radikal qrup tərəfindən törədilən hücumla bağlı XİN-ə çağırılan Britaniya müvəqqəti işlər vəkilinə qəti etiraz bildirilib.

Məsələnin beynəlxalq hüquqi baxımından danışarkən, qeyd etməliyik ki, 1961-ci il Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına əsasən, diplomatik nümayəndəlik təmsil etdiyi dövlətin bayraq və rəmzlərindən nümayəndəlik binalarında, həmçinin nəqliyyat vasitələrində istifadə etmək hüququna malikdir.

Vyana Konvensiyasının 22-ci maddəsinə əsasən, nümayəndəlik binaları toxunulmazdır. Nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir. Nümayəndəliyin binaları, avadanlıqları və bu binalardakı digər əmlak, həmçinin nümayəndəliyin nəqliyyat vasitələri axtarış, müsadirə və həbs icra hərəkətlərində immunitetdən istifadə edir.

Qeyd etməliyəm ki, sözügedən hücumla bağlı araşdırma aparılarkən, Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə təşkil edilən hücum və eyni zamanda bu qeyri-qanuni aksiyanın lazımi və çevik səviyyədə qarşısının alınmaması, Vyana Konvensiyasında nəzərdə tutulan öhdəliklərin qeyri-qənaətbəxş səviyyədə yerinə yetirilməsi məsələsi araşdırılmalıdır.

Ramil İskəndərli

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri

Leave a Reply

Your email address will not be published. Required fields are marked *