Şuşada konfrans keçirilir

Avqustun 27-də Şuşada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlama, postmünaqişə dövründə minatəmizləmə əməliyyatları və şəhərsalma potensialından istifadə edilməsi, beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans işə başlayıb.

“Report”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu xüsusda, xarici ölkələrin yüksək rütbəli diplomatları avqustun 26-da Ankara-Füzuli reysi ilə Azərbaycana səfər ediblər. Qonaqlar Ermənistanın 30 illik işğalı nəticəsində törədilən vandalizm aktları ilə əyani tanış olublar, eyni zamanda ərazilərimiz işğaldan azad olunandan sonra görülən yenidənqurma və bərpa işlərinə dair təqdimatlar keçirilib.

Şuşa şəhərinə gələn qonaqlar, tikilməkdə olan infrasturuktur layihələri, xüsusilə yol, tunel və digər layihələrlə tanış olublar.

Konfransı giriş sözü ilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev açıb. Eyni zamanda konfransda Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov təqdimatla çıxış ediblər.

Bakıdakı diplomatik korpusun, eləcə də Azərbaycanda akkreditə olunmuş Türkiyə, Rusiya və İrandakı diplomatik korpusun nümayəndələri, həmçinin bir sıra ölkələrin İstanbuldakı Baş konsulları, beynəlxalq təşkilatların təmsilçiləri və Türkiyə hökumətinin rəsmiləri konfransın işinə qatılıblar.

Ümumiliklə 180-ə yaxın iştirakçının 130-u diplomatik korpusun xarici nümayəndəsi, o cümlədən 36-sı səfir, 18-i hərbi attaşedir.

“Bu gün Şuşa nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqazın diplomatik mərkəzlərindən, paytaxtlarından birinə çevrilməkdədir. Konfransın da əsas mahiyyəti diplomatik korpusun nümayəndələrini Azərbaycan tərəfindən həyata keçirilən yenidənqurma və rekonstruksiya layihələri barədə yerində məlumatlandırmaqdır”.

“Report”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu səfərdə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri – səfirlər, səfirlik əməkdaşları, hərbi attaşelər, o cümlədən beynəlxalq təşkilatların Azərbaycanda akkreditə olunmuş nümayəndələri, həmçinin Azərbaycanda qeyri-rezident əsasda akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak edir: “Bura xüsusən Ankara, Tehran və Moskva şəhərlərindən gəlmiş səfirlər, diplomatik nümayəndələr daxildir. Diplomatik korpusun bütövlükdə 180-ə yaxın nümayəndəsi bu tədbirdə iştirak edir. Diplomatik korpus nümayəndələri mütəmadi olaraq Azərbaycan hökuməti tərəfindən işğaldan azad olunmuş ərazilərdə görülən işlər haqda məlumat almaqda çox maraqlıdırlar. Ona görə də, bu konfransda ilk növbədə Azərbaycan tərəfindən regionda sülhün gücləndirilməsi və ölkəmizin həyata keçirdiyi sülh gündəliyi barədə diplomatik korpus nümayəndələrinə məlumat vermək əsas hədəflərimizdən biri idi. Prezidentin Basqalda Azərbaycan mediasına verdiyi müsahibə əsasında ölkəmizin regional sülh gündəliyinin təfərrüatı barədə geniş məlumatlar çatdırıldı, vacib məqamlara və tezislərə toxunuldu. Bu xüsusda dövlət başçısının qoyduğu xüsusi tapşırıq və tezislərdən irəli gələrək diplomatik korpus məlumatlandırıldı”.

H.Hacıyev bildirib ki, Azərbaycan regionda hərtərəfli sülhün tərəfdarıdır və bu xüsusda Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara hazırdır: “Azərbaycan tərəfindən irəli sürülmüş təkliflər də bilavasitə buna dəlalət edir. Azərbaycan dünya miqyasında postmünaqişə reallıqları çərçivəsində çox nadir və miqyası görünməyən yenidənqurma layihəsi həyata keçirir. Bu işlər məhz Azərbaycan hökumətinin öz səyləri, öz resursları, özünün bürokratik idarəetmə mexanizmi çərçivəsində reallaşdırılır. Beynəlxalq ictimaiyyət və diplomatik korpus tərəfindən də bu məsələyə ciddi maraq var. Çünki Azərbaycanın bu təcrübəsi dünyanın başqa regionlarında da tətbiq oluna bilər”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *