Diaspor Gənclərinin III Yay Düşərgəsi başa çatdı

Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları layihənin başa çatması ərəfəsində əzəmətli Cıdır düzündə olublar.

Azərbaycan bayrağını Cıdır düzündə dalğalandıran gənclər “Azərbaycan!” “Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarlarını səsləndiriblər.

Düşərgə iştirakçıları Şuşada olduqlarına və Cıdır düzünü ziyarət etdiklərinə görə sözlə izah edilə bilməyəcək xoş və inanılmaz hisslər keçirdiklərini söyləyiblər. Onlar sıldırım qayaları qəhrəmancasına fəth edib, qədim şəhərimizi mənfur düşmənin tapdağından azad edən və xalqımıza geri qaytaran Azərbaycan Ordusuna və Müzəffər Ali Baş Komandana minnətdar olduqlarını vurğulayıblar. “Şəhidlərimizin ruhu şad olsun!” deyən gənclər qazilərimizə cansağlığı arzulayıblar.

Tədbirin son günündə Diasporla İş üzrə Dövlət Komitəsinin irimiqyaslı layihələrindən biri olan “Şuşa-270” Diaspor Gənclərinin III Yay Düşərgəsinin bağlanış mərasimi keçirilib.

Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, mərasimdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov və DİDK-nın Aparat rəhbəri Daşqın Rəcəbli layihənin uğurla başa çatması münasibətilə düşərgə iştirakçılarını təbrik edib, onlara təhsildə və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonra düşərgə iştirakçılarına sertifikatlar təqdim olunub, layihə çərçivəsində keçirilmiş intellektual oyunların qalibləri mükafatlandırılıb. Eyni zamanda düşərgədə xüsusi fəallıq göstərən gənclər püşkatmada iştirak edərək hədiyyələr qazanıblar. 

Düşərgə iştirakçıları həmçinin dahi Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsini də ziyarət ediblər.

Qeyd edək ki, Diaspor Gənclərinin III Yay Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 2022-ci ilin 2-8 avqust tarixlərində gerçəkləşdirilib. Düşərgənin tərəfdaşları Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir. 

Bu möhtəşəm layihədə 50 ölkəni təmsil edən 115 nəfər iştirak edib. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri olub. Layihənin xalqımızın Qarabağda parlaq qələbəsindən və Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayından sonraya təsadüf etməsi xüsusi önəm daşıyır. 

Mənbə: Diasporla İş üzrə Dövlət Komitəsi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *