Ermənistan kütləvi məzarlıqların xəritəsini təqdim etmir – VİDEO

Xocavənd, 4 oktyabr, A.Yavərzadə, AZƏRTAC

Biz bu gün növbəti dəfə Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətinin şahidi oluruq. Bu cür kütləvi qırğınlar təkcə Xocavənd rayonunun Edilli kəndində deyil, eyni zamanda, digər işğaldan azad edilmiş ərazilərdə də törədilib. Xocalıda, Ağdamda, Füzulidə də belə kütləvi məzarlıqlara rast gəlinməsi labüddür.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında “Hüquqi təhlil və araşdırmalar” İctimai Birliyinin sədri Ramil İsgəndərli Xocavənd rayonunun Edilli kəndində aşkarlanan məzarlığa baxış zamanı deyib.

Ramil İsgəndərli bildirib ki, işğaldan azad olunmuş ərazilər minalardan təmizləndikcə bu cür məzarlıqların aşkarlanması mümkündür. “Çünki Ermənistan beynəlxalq hüquq normalarına zidd olaraq bizə kütləvi məzarlıqların xəritəsini təqdim etmir. Bu cür qətllərin törədilməsi Beynəlxalq Hərbi Tribunalın nizamnaməsinə, həm də Cenevrə Konvensiyasına əsasən beynəlxalq hüquq normalarının pozulması və müharibə cinayəti sayılır”, – deyə o əlavə edib.

Qeyd edək ki, erməni hərbçilərinin Birinci Qarabağ müharibəsində Xocavəndin Edilli kəndində azərbaycanlıları kütləvi basdırdıqları daha bir məzarlıq tapılıb. Məzarlıqda 12 nəfərin qalıqları aşkarlanıb. AZƏRTAC

Leave a Reply

Your email address will not be published. Required fields are marked *