Müharibə cinayətləri: Mülki şəxslərə hücum” adlı konfrans keçirilib

28 oktyabr tarixində Bərdə şəhəri Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Ermənistanın Vətən Müharibəsi zamanı Bərdə şəhərində törətdiyi terror hadisələrinin ildönümü ilə bağlı “Müharibə cinayətləri: Mülki şəxslərə hücum” adlı konfrans keçirilib.

Konfransda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Bərdə Şəhər İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, millət vəkili Fatma Yıldırım, Prezident Administrasiyasının məsul əməkdaşları, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.

Konfrandan öncə qonaqlar və iştirakçılar Ermənistan silahlı qüvvələri tərəfindən Bərdənin raket atəşinə məruz qaldığı ərazini və Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Konfrans Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Konfransa açılış nitqi ilə başlayan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Bərdə terrorunun ikinci ildönümü ərəfəsində konfransın təşkil edilməsinin əhəmiyyətindən danışıb, Ermənistanın döyüş meydanında yaşadığı məğlubiyyətin əvəzində mülki əhaliyə və infrastruktura vurduğu ziyanın hərbi cinayətkarlığın və barbarlığın göstəricisi olduğunu qeyd edib. A.Əliyeva bildirib ki, qeyri-hökumət təşkilatlarının Ermənistanın azərbaycanlılara qarşı qadağan olunmuş silahdan istifadə etməsinə dair açıqlamaları, etirafları işğalçı ölkənin bütün dünya qarşısında vəhşiliyini, insanlıqdan kənar mübarizəsini bir daha isbatladı. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bərdə terroru sonrası xalqa, Bərdə camaatına başsağlığı verərək əmin etdi ki, düşməndən layiqli qisas alınacaq, bu qan yerdə qalmayacaq. Bu söz, müzəffər sərkərdənin verdiyi vəd idi. Və bu şərəfli vədin ardınca 44 gün davam edən şanlı savaşın uğurları sıralandı.

Daha sonra çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev bildirib ki, Bərdədə törədilmiş terror Ermənistanın Azərbaycanın mülki əhalisini məqsədli şəkildə hədəf seçməsi, terror əməllərinin qurbanı olan əhali arasında qadın və uşaqların yer alması ermənilər tərəfindən tarixən törədilən qətliamların növbəti təzahürü oldu. Müəllifi erməni faşistləri olan Bərdə terroru öz miqyası, ağrı-acısı ilə daha dəhşətli idi. Bu artıq erməni terrorçularının növbəti vəhşiliyidir. Təəssüf ki, beynəlxalq qurumlar bu hadisələrə hələ də səssiz qalırlar. Beynəlxalq təşkilatları və bütövlükdə dünya ictimaiyyətini Azərbaycanın mülki əhalisini məqsədli şəkildə hədəf seçərək onların qətli ilə nəticələnən sülh və insanlıq, eləcə də müharibə cinayətləri törətmiş Ermənistana və onun hərbi-siyasi rəhbərliyinə qarşı hüquqi məsuliyyət tədbirlərini görməklə beynəlxalq hüququn aliliyini təmin etməyə çağırır. Biz insanlıq və sülh əleyhinə olan cinayətləri qınayır, həlak olanların xatirəsini dərin hüznlə yad edirik!”

Çıxış edən Bərdə Şəhər İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, millət vəkili Fatma Yıldırım bildiriblər ki, 44 günlük Vətən müharibəsində ermənilərin Bərdənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması onların çirkin niyyətlərini bir daha göz önündə canlandırdı. Uşaq, qoca və qadınlarln terrora məruz qalması, dünya ictimaiyyətinin bu vandallığa səssiz qalması bütün beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Beləliklə, dünyanın gözü qarşısında ermənilər bəşəriyyət tarixində ən ağır cinayətlər törədirlər.

Sonra çıxış edən QHT sədrləri “Demokratiyanı Öyrənmə” ictimai birliyinin sədri Mirəli Hüseynov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev baş vermiş terror hadisələrini pisləyərək, bu sahədə bütün beynəlxalq təşkilatlara haqq səsimizi çatdırılması istiqamətində QHT-ləri aktiv olmağa səsləyiblər.

Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb.

Konfransın yekunu olaraq iştirakçılar adından BƏYANAT səsləndirilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *