Azərbaycandakı QHT-lər ermənilərin ölkəmizə qarşı mina terroru ilə bağlı Bəyanat qəbul ediblər

Noyabrın 2-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində QHT-lər işğaldan azad olunmuş ərazilərdən minaların təmizlənməsi ilə bağlı “Minasız Azərbaycan naminə səylərimizi birləşdirək” mövzusunda konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda qeyri-hökumət təşkilatlarının və KİV-lərin nümayəndələri iştirak ediblər.

Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov tədbiri açaraq bildirib ki, Azərbaycan azad olunmuş ərazilərində işğal dövründə Ermənistan tərəfindən basdırılmış tank və piyada əleyhinə minaların hazırda da insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaratması, bu vəziyyətə son qoyulması ilə bağlı beynəlxalq ictimaiyyətə dəfələrlə bəyanat və çağırışlar ünvanlayıb. Azad edilmiş ərazilərdə mövcud olan mina problemi məcburi köçkünlərin doğma yurdlarına qayıdışını ləngitməklə yanaşı, çoxsaylı insanların həyatına son qoyub və ya ömürlük əlil qalmasına səbəb olub. Eyni zamanda, bildirilib ki, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” proqramının mühüm tərkib hissəsi, onun vacib komponentidir. Azərbaycanın münaqişədən zərər çəkmiş ərazilərinə keçmiş məcburi köçkünlərin davamlı və təhlükəsiz şəkildə köçürülməsi vəzifəsi Dayanıqlı İnkişaf Məqsədləri ilə birbaşa uzlaşır.

Sonra çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli və digər qeyri-hökumət təşkilatlarının nümayəndələri bildiriblər ki, hazırda işğaldan azad olunan torpaqlarımızda tikinti-quruculuq işləri ilə yanaşı, ərazilərin minalardan təmizlənməsi prosesi davam etdirilir. Tikinti işlərinin sürətlə aparılmasına, eyni zamanda, kommunikasiyaların xətlərinin çəkilməsinə maneə yaradan yalnız minalardır. Düşmən işğal edilmiş ərazilərimizi 30 il ərzində mina və partlamamış sursatların “məzarlığı”na çevirib. Sirr deyil ki, bu gün də minalar və müharibələrin qalıqları dünyanın bir çox bölgəsində sülhə, insanların həyat və sağlamlığına, inkişafına və tərəqqisinə ən ciddi təhdid və maneələrdən biri olaraq qalır. Təbii ki, beynəlxalq miqyasda mövcud olan bu cür problem məhz qlobal səviyyədə səylərin birləşdirilməsini şərtləndirir. “Biz – Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Ermənistanın törətdiyi müharibə cinayətlərinin beynəlxalq qurumlar tərəfindən araşdırılmasını, ərazilərin minalanması və xəritələrin təqdim edilməməsinə hüquqi-siyasi qiymət verilməsini və beynəlxalq ictimaiyyətdən, beynəlxalq təşkilatlardan Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətlərə görə cəzalandırılmasını tələb edirik”, – deyə çıxış edənlər vurğulayıblar.

Çıxışlardan sonra konfrans qarşılıqlı diskussiya şəklində davam edib.

Konfransın yekunu olaraq Qeyri-hökumət təşkilatları adından aşağıdakı Bəyanat səsləndirilib:

“Minasız Azərbaycan naminə səylərimizi birləşdirək” adlı konfransda Azərbaycan

qeyri-hökumət təşkilatlarının Ermənistanın törətdiyi mina terroru ilə bağlı

BƏYANATI

2 noyabr 2022-ci il

Bakı şəhəri

Ermənistan bütün tarixi dövrlərdə Azərbaycanın mülki əhalisinə münasibətdə beynəlxalq hüququn prinsip və normalarına qarşı hərəkət etmişdir. Onlar istər I Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində terror hadisələrini, Azərbaycan əhalisinə qarşı soyqırım istəklərini heç vaxt gizlətməmişlər və dinc Azərbaycan əhalisinin qətlinə səbəb olmuşlar. Hətta 2020-ci il Vətən müharibəsinin bitməsinə baxmayaraq, ölkəmizin mülki şəxslərini hədəfə alan və Ermənistan tərəfindən törədilən mina terroru bu gün də davam etməkdədir.

Otuz il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan Ermənistan  bu torpaqlarda 1 milyondan çox mina basdırmışdır. Əsasən Ermənistan və başqa ölkələrin istehsalı olan bu minaların partlaması nəticəsində təkcə Vətən müharibəsindən sonra keçən iki il ərzində 267 nəfər Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb. Bu günədək minaların təmizlənmə prosesi zamanı on minlərlə mina və partladılmamış hərbi sursat tapılaraq məhv edilmişdir. Azərbaycan hökuməti dəfələrlə Ermənistandan mina xəritələrini tələb etsə də, Ermənistanın buna cavabı adekvat olmamışdır. Ermənistan tərəfindən verilən mina xəritələri isə ümumi minalanmış ərazilərin çox kiçik faizini əhatə etmişdir və həmin sənədlərdə verilən məlumatın dəqiqliyi və etibarlılığı çox aşağı səviyyədədir.  

Bu gün Azərbaycan Respublikası işğaldan azad olunmuş ərazilərdə quruculuq və bərpa işlərini öz daxili resursları hesabına görür. İşğal dövründə dağıdılmış bu ərazilərin işğalçılar tərəfindən minalarla çirklədirilməsi və işğaldan azad olunmuş bu torpaqların minalardan təmizlənmə prosesinin uzun müddət çəkməsi bərpa prosesini ciddi şəkildə ləngidən amillərdən biridir. Zamanında Ermənistanın bu hərbi cinayətə getməsi perspektivdə həm də mümkün quruculuq işlərinə zərbə vurmaq məqsədilə baş vermişdir. Təəssüf hissi ilə qeyd edirik ki, azad edilmiş ərazilərimizdə mövcud olan mina problemi bu gün həm bərpa prosesini və məcburi köçkünlərin doğma yurdlarına qayıdışını ləngidir, həm də bir terror hadisəsi olaraq çoxsaylı insanların həyatına son qoyur və ya ömürlük əlillik dərəcəsi almalarına səbəb olur.

Ermənistanın Azərbaycana qarşı törətdiyi və əsasən dinc sakinləri hədəfə alan mina terroru bütövlükdə bəşəriyyət əleyhinə yönəlmiş hərbi cinayət, sülhə və sabitliyə ciddi təhlükədir. Hər bir partlayan mina sadəcə kiminsə həyatına və sağlamlığına son qoymur. Bu, yalnız mina təsirinə birbaşa məruz qalmışlar və onların yaxınları ucun faciə deyil. Bu, eyni zamanda, yeni nifrət dalğalarının mənbəyidir. Bununla yanaşı mina terroru Azərbaycan və Ermənistan arasında davamlı sülh üçün münbit şəraitin əldə edilməsinin qarşısını alır. Minalar müharibə və zorakılıq toxumlarıdır, və biz dünyanın bütün xoşməramlı insanlarından dəstək istəyir, mütərəqqi qüvvələri mina terroruna qarşı mübarizə aparmaq üçün birləşməyə çağırırıq.

Bu səbəbdən biz, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara üz tutaraq, Ermənistanın törətdiyi müharibə cinayətlərinin beynəlxalq qurumlar tərəfindən araşdırılmasını, ərazilərin minalanması və xəritələrin təqdim edilməməsinə hüquqi-siyasi qiymət verilməsini və beynəlxalq ictimaiyyətdən, beynəlxalq təşkilatlardan Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətlərə görə cəzalandırılmasını tələb edirik.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *