Şuşada xristian kilsəsinin yaranma tarixi 1822-ci ildən başlanır

Bakı, 10 noyabr, AZƏRTAC

Ermənistanın təbliğat maşını “Şuşada erməni kilsəsinin azərbaycanlılar tərəfindən dağıdılması” ilə bağlı dünyaya cəfəng məlumatlar yaymaqda davam edir. O zaman bu məsələ belə bir sual yaradır: Şuşada erməni kilsəsi olubmu? Biz bu suala aydınlıq gətirməyə çalışacağıq. Şuşada ermənilərin sahib çıxmaq istədikləri xristian kilsələri var. Onların yaranma tarixi əslində 1822-ci ildən başlayıb.

Bu barədə AZƏRTAC-a açıqlamasında AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov bildirib. İnstitutun əməkdaşı deyib ki, 1822-ci il noyabrın 21-də Qarabağ xanlığını devirməyə nail olan Çar Rusiyası digər bölgələrimizlə bərabər öz idarəçilik sistemini Şuşada da yaratdı və bu şəhərə böyük sayda ordu hissələri yerləşdirdi. Rus əsgərləri onlara dini ayinlərini icra etmək üçün şərait yaradılmasını tələb edirdilər. O dövrdə Şuşa şəhərində xristian kilsəsi yox idi, çünki bu şəhərdə xristianlar heç vaxt yaşamamışdılar.

Hərbi münaqişələr nəticəsində iqtisadi cəhətdən zəif düşmüş Rusiyanın o dövrdə Şuşa şəhərində quruculuq işləri aparmağa kilsə, məktəb və ya digər inzibati binalar tikməyə gücü yox idi. Rus əsgərlərinin ibadəti üçün xanlığın divanxanasından və alban dövrü inşa edilmiş birnefli sovmənin üstündən zəng asdıraraq burada rus əsgərlərinin ibadəti üçün şərait yaratmışdılar. Əslində bu binalar rus əsgərlərinin dini ehtiyaclarını ödəmirdi. Burada bir xristian kilsəsinin tikilməsinə ehtiyac yaranmışdı. Odur ki, Rusiyanın Şuşadakı hərbi komandanlığı kilsə tikməyə qərar verdi. Komandanlıq Rusiyanın Tula şəhərindəki zavodların birinə kilsə zəngi hazırlanmasını sifariş etdi. Lakin kilsə tikmək üçün Şuşada xristian əhali yox idi, müsəlman əhali isə kilsə tikintisində işləməkdən imtina edirdi. Odur ki, ordu rəhbərliyi indiki Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Qazançı kəndindən bir qrup ermənini kilsə tikintisində işlətmək üçün Şuşaya gətirdi. Qazançı kəndindən gələn ermənilər rus hərbçiləri üçün kilsə tikintisini 1887-ci ildə tamamladılar.

Kilsənin tikintisini bitirdikdən sonra Culfadan gələn ermənilər Şuşada qalıb yaşamağa qərar verdilər. Onlar kilsənin ətrafında məskunlaşaraq elə orada yaşamağa başladılar. Yerli əhali bu yeni məhəlləni “Qazançı” adlandırmağa başladı. O vaxtdan bu rus pravoslav kilsəsinə də “Qazançı” kilsəsi deyilirdi və bu günə qədərdə “Qazançı” kilsəsi kimi xatırlanır.

Erməni iddialarının əksinə olaraq faktlar göstərir ki, nəinki Şuşada, ümumiyyətlə, bütün Qarabağ ərazisində XX əsrin sonlarına kimi erməni kilsəsi olmayıb. Azərbaycanda başlayan qeyri-sabitlikdən istifadə edən, erməni Qriqoryan kilsəsinin rəhbəri II Vazgen, Parqev Martirosyanı 1989-cu ildə Dağlıq Qarabağ bölgəsinə arxiyepiskop təyin etdiyini bəyan etdi. Həmin təyinat SSRİ Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçov tərəfindən dəstəkləndi. Bu fakt qeyri-qanuni olsa belə onu göstərir ki, Qarabağ regionunda Qriqoryan kilsəsinin fəaliyyəti ermənilərin indi iddia etdikləri kimi 1722-ci ildən deyil, 1989-cu ildən başlayır.

Sovet dövrü Qarabağ regionunda mövcud olan xristian dövrü abidələri monastır və ya kilsə kimi 1930-cu illərdən istifadəsi qadağan edilmişdi. Bu abidələr SSRİ hökumət rəhbərlərinin göstərişi ilə təsərrüfat məqsədləri (anbar, yem damı və s.) üçün istifadə edilirdi. Bu baxımdan Şuşadakı rus kilsələri də baxımsız və istifadəsiz qalmışdı.

Qarabağ regionunda kilsələrin fəaliyyəti Mixail Qorbaçovun rəhbərliyi dövründə onun göstərişi ilə həllini tapdı. 1989-cu ildə Qarabağda erməni yeparxiyasının yaradılması və Qarabağda yaşayan ermənilərin artan millətçilik tələbləri fonunda kilsələrin Qarabağda erməniləşdirilməsinə və bütün xristian dövrü abidələrinin kilsə kimi işlək vəziyyətə gətirilməsi siyasəti aparıldı.

Araşdırma nəticəsində məlum olur ki, kilsə 4 tağlıdır, hündürlüyü 35 metr, uzunluğu 34,7 metr və eni 23 metr, qülləsinin hündürlüyü 17 metrdir. Erməni işğalı dövründə qüllə orijinal görkəmindən məhrum edilib. Kilsənin girişi, qərb, şimal və cənub qapılarından ibarətdir. Girişlərdə və pəncərələrdə müxtəlif ornament işləmələr, işğal dövrü ermənilər tərəfindən sökülərək erməni qriqoryan dininə uyğunlaşdırılıb. Ümumən kilsə işğal dövrü erməni memarlıq tipinə uyğunlaşdırılıb. Kilsə və zəng qülləsinin hər ikisi əhəng daşı və əhəng məhlulu ilə inşa edilib. Zəng qülləsi üç mərtəbədən ibarətdir.

Rus Pravoslav kilsəsi sovet dövrünə qədər mahiyyət etibarilə formasının mövcudluğunu qoruyub saxlamışdı. Sovet dövründə forma baxımından bəzi xırda kosmetik dəyişikliklərə məruz qalsa da mahiyyət etibarilə rus pravoslav kilsə memarlığının bütün qaydalarını özündə qoruyub saxlaya bilmişdi.

Kilsə Şuşa şəhərinin 1992-ci ilin may ayının 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi vaxta qədər təbiət təsirlərinə məruz qalmasına baxmayaraq orijinal vəziyyətdə idi. Erməni işğalı dövründə kilsənin mərkəzi hissəsindəki qübbə bir neçə metr hündürləşdirildi. Qübbənin ətrafındakı divarların üzərindən ornamental görüntülər silinərək oraya xaç və mələk rəsmləri yerləşdirildi. Şəkillər müqayisə edilərkən bu memarlıq üslubunun erməni qriqoryan kilsəsinə məxsus olmadığı aydın şəkildə görünür. Göründüyü kimi, 1997-1998-ci illərdə ermənilər tərəfindən qeyri-qanuni təmir işləri aparılıb və abidə orijinal görkəmindən məhrum edilib.

Şuşa şəhəri Azərbaycan Müzəffər Ordusu tərəfindən işğaldan azad edildikdən sonra kilsə üzərində təmir-bərpa işlərinə başlanılıb.

Xatırladaq ki, ötən ilin iyul ayında Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə Azərbaycandakı dini konfessiyaların rəhbərləri Şuşaya səfər ediblər. Həmin səfər çərçivəsində Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Roma-Katolik kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Alban-udi dini icmasının rəhbəri Robert Mobili, Rus Pravoslav kilsəsinin nümayəndələri və Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvləri Qazançı kilsəsində aparılan təmir-bərpa işləri ilə yaxından tanış olublar.

Azertac

Leave a Reply

Your email address will not be published. Required fields are marked *