Şuşa – Xankəndi yolunda vətəndaş cəmiyyəti fəallarının keçirdiyi aksiyanın əhəmiyyəti

Məlum olduğu kimi, ekologiyamıza qarşı törətdilən cinayətlərə, həmçinin təbii sərvətlərimizin qanunsuz istismarına etiraz olaraq qeyri-hökümət təşkilatlarının rəhbərləri, bir qrup fəal dekabrın 12-də Şuşa- Xankəndi yolunda qanunla nəzərdə tutulan toplaşmaq azadlığından istifadə edərək Azərbaycana qarşı ekoloji terrorun həyata keçirilməsinə son qoyulması tələbləri ilə dinc aksiya keçirməyə başlayıb. Aksiya artıq 10-cu gündür ki, davam edir və tələblər yerinə yetirilməyənə qədər dayandırılması qeyri-mümkündür. Təxmin etmək olar ki, hadisələr bu cür davam etsə, lazım olduğu təqdirdə, yeni – 2023-cü ili Şuşa-Xankəndi yolunda keçirməli olacağıq.

Aksiyanın əsas təşəbbüskarı və hərəkətverici qüvvəsi vətəndaş cəmiyyəti olduğu üçün, qeyri-hökumət təşkilatlarının bu prosesdə rolu danılmazdır. Heç kimə sirr deyil ki, QHT (qeyri-hökumət təşkilatı) anlayışı bir çox insanlarda heç də birmənalı münasibət yaratmırdı. Kimisi bunu anti-hökumət, kimisi müxalifət kimi qəbul edir, kimisi isə ümumiyyətlə bu cür təşkilatları qeyri-rəsmi bir özfəaliyyət dərnəyi kimi qəbul edirdi. Lakin QHT-lərin xüsusilə son 2-3 ildəki fəaliyyəti, bu sektorun inkışafı üçün verilən qərarların, həyata keçirilən proqram və layihələrin həyata keçirilməsində şəffaflığa, hesabatlığa riayət olunması, QHT-lərin ümummilli məsələlərdə dövlətin yanında olduğunu, eyni zamanda son aksiya isə, qətiyyətlə deyə bilərəm ki, bu qurumların heç də bir institut olaraq hökumət əleyhinə olmayan təsisat olduğunu isbatladı. Bu günlərdə aksiyada iştirakımla bağlı təəssüratlarımı bölüşdüyüm insanların QHT-lərə bir rəğbət hissinin formalaşdığının və QHT-lərin milli əhəmiyyətli məsələlərdə vacib rolunun qəbul edildiyinin şahidi oluram.

Şuşa – Xankəndi yolunda keçirilən aksiya ölkədə vətəndaş cəmiyyəti və dövlət arasında həyata keçirilən əməkdaşlıq və dialoqun real bəhrəsini verməsi deməkdir. QHT-lərin azad edilmiş ərazilərdə etiraz aksiyasının keçirilməsi kimi, belə bir həssas və strateji olan məsələdə öncül olmasını da məhz bu əməkdaşlıq və dialoq şərtləndirdi.

Eyni zamanda aksiya ilə bağlı QHT rəhbərlərinin beynəlxalq təşkilatlara aksiya ilə bağlı doğru-düzgün məlumatların verilməsi, yerli və xarici auditoriyaya media vasitəsilə çevik məlumatların çatdırılması, aksiya keçirilən yerdən bir neçə dildə beynəlxalq ictimaiyyətə müraciət etməsi QHT-lərin Azərbaycan həqiqətlərinin dünyaya ötürülməsində vacib bir kommunikasiya kanalı rolunu oynaması, vətəndaş cəmiyyəti təsisatların nə dərəcədə əhəmiyyətli olmasını hər bir Azərbaycan vətəndaşı da şahidi oldu.

Ramil İskəndərli

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri

Leave a Reply

Your email address will not be published. Required fields are marked *