Laçın yolu ilə bağlı “narahatçılıq” bildirən beynəlxalq QHT-lərə cavab müraciəti göndərildi

Bir neçə gün əvvəl bir sıra beynəlxalq QHT-lər Laçın yolundakı aksiya ilə bağlı öz narahatçılıqlarını bildiriblər. “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi sözügedən müraciətə qoşulan International Christian Concern, Genocide Watch və Hellenic American Leadership Council təşkilatlarına cavab müraciəti göndərmişdir. Müraciətdə deyilir:

“Hüquqi Təhlil və Araşdırma” İctimai Birliyi adından Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı narahatlığınızı ifadə edən müraciətlə tanış olduq.

Azərbaycan QHT nümayəndələrinin (mən də daxil olmaqla) ölkə torpaqlarında ekoterrora qarşı dinc aksiyalarının keçirildiyi Laçın yolu açıqdır və gediş-gəliş üçün heç bir maneə yoxdur. Telekanallarda müntəzəm olaraq canlı yayımlanan verilişlər, sosial şəbəkələrdə və mətbuatda yayılan videogörüntülər yolun açıq olduğunu göstərir.

Sizin narahatlığınızla bağlı bütün məsələlər, məsələn, “blokada”, əsas ehtiyacların qarşısının alınması, qazın kəsilməsi və s. kimi məsələlər sizdə olan tamamilə yalan məlumatlara əsaslandığı üçün bu məktubu yazmağı burada dayandıra bilərdim.  

Azərbaycanlı etirazçılar möhkəm dayanıb və ekoloji problemlərlə bağlı şüarlar səsləndirərək mitinqlərini davam etdirirlər. Etirazların keçirilməsində məqsəd Ermənistanın Azərbaycanın təbii sərvətlərinin mənimsənilməsi və talan edilməsi, bunun nəticəsində ətraf mühitin ciddi şəkildə çirklənməsinə dair qanunsuz fəaliyyətinin qarşısını almaqdır. Ancaq bu, yolun bağlı olması demək deyil.

Dünən Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) bir xəstənin Laçın-Xankəndi yolundan hərəkət etmək üçün həkim və tibb bacısının müşayiəti ilə Xankəndidən Ermənistana aparılması üçün Azərbaycana müraciət edib. Müraciət dərhal cavablandırılıb və keçid uğurla həyata keçirilib. Laçın-Xankəndi yolundan Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus maşınların müşayiəti ilə Ermənistana məxsus təcili tibbi yardım maşınının hərəkəti üçün şərait yaradılıb.

Bəyanatınızda qeyd etmisiniz ki, “İndiki blokada, Soyqırım Konvensiyasının mətni ilə desək, “milli, etnik, irqi və ya dini qrupun qismən və ya bütövlükdə məhvini nəzərdə tutan həyat şəraitinin yaradılması” məqsədi daşıyır”.

Lakin, siz Soyqırım Konvensiyasının 2-ci maddəsinin (c) bəndi ilə manipulyasiya edə bilməzsiniz. Azərbaycan Laçın yolunu heç vaxt bağlamayıb (artıq bunu izah etdiyim kimi) və Azərbaycan heç vaxt, nə Qarabağ müharibəsi dövründə (Azərbaycan ordusu Xankəndinə çatanda, nə də 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Moskva Bəyanatı ilə atəşkəs elanından sonra sülh dövründə, Azərbaycanın Qarabağ bölgəsində mülki erməni əhalisinə zərər vurmaq niyyətində olmayıb və bu cür şərait yaratmayıb. Konvensiyaya əsasən təhlükə törədən əməllərə və hərəkətlərə misal olaraq, məhdud qidalanmaya məcbur etmə, lazımi tibbi yardımın göstərilməməsi, qrup üzvlərinin evlərindən sistematik şəkildə qovulması, və ümumiyyətlə, lazımi qidalanma, su, sığınacaq, geyim, sanitariya şəraitinin olmaması kimi tədricən ölümə səbəb olacaq halların yaradılması və ya qrup üzvlərinin həddindən artıq iş və ya fiziki fəaliyyətə məruz qoyulmasını göstərmək olar. Lakin bu hallardan heç biri Qarabağda Azərbaycan tərəfindən həyata keçirilmir və ya Azərbaycanın Qarabağ bölgəsində yaşayaş yerli əhaliyə heç bir təhlükə yoxdur. Sizin bütün arqumentləriniz yalnız yanlış faktlara, yəni yolun guya “bloklanmasına” əsaslanır.

Buna görə də xahiş edirəm ki, növbəti dəfə bu məsələdə daha həssas və düzgün davranasınız və faktlarla manipulyasiyalardan çəkinəsiniz. Mən sizin üçün beynəlxalq humanitar hüquq sahəsində zəruri məsləhətlər verməyə və ya təlim keçirməyə hazıram.

Hörmətlə,

Ramil İskəndərli

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri

Leave a Reply

Your email address will not be published. Required fields are marked *