"ShushaNews" Informasiya Portalı

"Əziz Şuşa, sən Azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!" – İlham Əliyev

Mərhum babam, Əliyev Sabir Əli oğlu – Şuşalı şair həkim

Sabir Əliyev 1927-ci ildə Şuşa şəhərində anadan olmuşdur. İlk təhsilini Şuşa şəhərində almışdır. Həmçinin orta musiqi məktəbini də bitirmişdir. Azərbaycan Tibb İnstitutunda təhsil aldıqdan sonra Şuşaya təyinat alıb. Şuşa şəhər Səhiyyə İdarəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra Ağdamda və Sumqayıtda məhkəmə tibb eksperti vəzifəsində çalışmışdır. 1976-cı ilə qədər Sumqayıtda işləmişdir. 2 iyun 1967-ci ildə Azərbaycan SSR Səhiyyə nazirliyi tərəfindən əhaliyə əla səviyyədə xidmət göstərdiyinə görə “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilmişdir. Bundan başqa o bir çox fəxri mükafatlar və tərifnamələr almışdır. Həkim olmaqla bərabər, həm də şerlər yazmağa başlamışdır. Səhhətinə görə 1976-ci ildə doğma şəhərinə, Şuşaya qayıtmış və orada da 1977-ci ildə dünyasını dəyişmişdir.

2020-ci ilin dekabr ayının sonunda işğaldan azad olunmuş Şuşa şəhərində qulluq keçən hərbçilər üçün məşhur Cıdır düzündə 30 ildən sonra ilk dəfə konsert proqramı təşkil olunmuşdur.

Sabir Əliyevin Cıdır düzündə səsləndirilmiş şeri:

Konsert zamanı isə, istedadlı sənətçimiz Tahir İmanovun ifasında şerin aşağıdakı bəndi səsləndırılmışdır:

“…Çəkdiyim şəkili verim yadigar,

Baxanda görsünlər: bir yanda bahar,

Bir yanda dağların zirvəsində qar,

Bir yanda dərədən qalxan duman-çən.

Qoy hamı bilsin ki, şuşalıyam mən….”

Videoyazını isə buradan izləyə bilərsiniz:

Seçilmiş şerləri:

Qoy hamı bilsin ki…

Sənin məclisinə gələndə, ey dost,

Qoy hamı bilsin ki, şuşalıyam mən.

Mənzilə girəndə çiynimdə sovqat,

Sıxım əllərini zarafatla, şən,

Qoy hamı bilsin ki, şuşalıyam mən.

Çəkdiyim şəkili verim yadigar,

Baxanda görsünlər: bir yanda bahar,

Bir yanda dağların zirvəsində qar,

Bir yanda dərədən qalxan duman-çən.

Qoy hamı bilsin ki, şuşalıyam mən.

Sonra söylə nədir işin çətini,

Kabablıq doğrayım erkək ətini.

Döşlə maçasından asım pitini,

Dadanda desinlər: əhsən, səd əhsən!

Qoy hamı bilsin ki, şuşalıyam mən.

Quyruqla bişirim «bağır-beyini»,

Uzaqdan duysunlar gözəl iyini.

Qırxbuğumla birgə nazik düyünü

Dəmləyim qazanda, dursun lap dən-dən,

Qoy hamı bilsin ki, şuşalıyam mən.

Ocağın altını isti qalama,

Bişirim kətəməz, bir də bulama.

Quru yuxaları edim sulama.

Yetir qonaqlara bunlardan hökmən,

Qoy hamı bilsin ki, şuşalıyam mən.

Keflər açılanda, olanda duru,

Tarda dilləndirdim «Rast»ı, «Mahur»u.

Zümzümə eyləyim «Segah»ı, «Şur»u,

Yada düşsün Bülbül, Rəşid, Xan həmən,

Qoy hamı bilsin ki, şuşalıyam mən.

Oxuyum qəzəli, oxuyum şerri,

Bilsinlər dağlardır Sabirin yeri.

Amma soruşmasın dostun heç biri,

Bəs nədən saçıma düşüb belə dən?

Qoy hamı bilsin ki, şuşalıyam mən.

1970.

Əliyev Sabir Əli oğlu

Bilərmi?

Qazancının zəhmətini çəkməyən

Dövlət ilə var qədrini bilərmi?

Bağ salmayan heç bostan da əkməyən

Səbzə ilə bar qədrini bilərmi?

Hiss etməyən quraq keçən illəri,

Susuzluqdan fəryad edən dilləri,

Ta görməyən cadarlanan çölləri,

Yağış ilə qar qədrini bilərmi?

Xoşlamayan “Zabul” ilə “Segahı”,

“Şurla”, “Rastı”, “Şikəstəylə”, “Çahargahı”,

Anlamayan “Təsnifləri”, “Dəstgahı”,

Kaman ilə tar qədrini bilərmi?

Gülzardı dinləməyən bülbülü,

Dibçəklərdə becərməyən al-gülü,

Öz eşqilə mat qoymayan bu eli,

Sabir kimi yar qədrini bilərmi?

Şuşa, 1949-cu il

Gözəldir

Gözəllərdən bir gözəli sevmişəm,

Çəmənləri çiçəyindən gözəldir.

Ondakı o nazik gülgün dodaqlar,

Qızıl gülün ləçəyindən gözəldir.

Dillənəndə o şirin, şirin dili,

Fəzana salmışdır şeyda bülbülü,

Gərdənində, təkcə bir qulac teli,

Bu dünyanın ipəyindən gözəldir.

Ağzı püstə məstanə gözlər şəhla,

Qaşlar bənzər bir cüt belə hilala,

Vurğun olmuş Sabir də bu camala,

Ki, göylərin mələyindən gözəldir.

6 Oktyabr 1949, Bakı

     Gözlərin

Ahu kimi hərdən boynun buranda,

Hey süzülür o məstanə gözlərin.

Əlim çatmır, amma ərzim budur ki,

Salacaqdır məni qanə gözlərin.

Onlar bənzər ay önündə ulduza,

Çox yaraşır onun kimi yalqıza,

Aşıqəm mən qara gözlü o qıza,

Ki səs salıb bu dahanə gözlərin.

Qara gözün vurğunuyam zahiri,

Belə gözlər tapılır çox nadiri,

Fərağında bilin axır Sabiri

Edəcəkdir bu divanə gözlərin.

27 sentyabr 1949-cu il. Bakı

İndi

Itirmişəm Göyçə kimi dünyamı,

Nə Saleh bənzəyir, nə Cəyir indi.

Biz ondan almışıq eşqı, ilhamı,

Dilim nə danışsın, nə desin indi.

Orda yetişmirdi hər sinədəftər,

Hər sözü-söhbəti dillərdə əzbər.

Oyanıb arxamca Alı, Ələsgər,

Görən nə qaynayır, nə deyir indi.

Talana saldılar mir-millətimi,

Yaman tapdadılar şan-şöhrətimi,

Biçarə Salehin düz qamətini,

Görən nə qatlayır, nə əyir indi.

Qəzəl

Qəlbindəki gizlətdiyin o gizli söz söylə nədir,

Öz yarından sirr gizləyən bil ki, eşqə biganədir

Düz eşqimin zəliliyən, bundan ötrü fəğan etsən,

Rişxənd edib ta deməki, o dərdimdən divanədir.

Gözəlliyin üzə tutub, qibtə etmə çox öyünmə,

Bu bəxşişi sənə verən, bil bu gözəl zəmanədir.

Bilirsənmi ta Sabir də bu zamanın övladıdır,

Onun da öz qəlbi vardır, sənin kimi bi dənədir!

10 avqust 1949-cu il, Şuşa

Seçmisənmi sən?

Aşiqisən de görüm, Azərbaycanın,

Bütün torpağından keçmisənmi sən,

Səmənd at belində yayda dağına,

Qışda aranına, köşmüsənmi sən.

Turaca gələndə Milin özünə,

Ceyran ovlamağa Muğan düzünə,

Ağzını dirəyib kəhriz gözünə,

Buz kimi suyundan içmisənmi sən.

“Qirxqızın” qoynundan çəkiləndə çən,

Saz alıb, qoşub xoş avazla mən,

Sabir tək gözəllər içərisindən

Əvəzsiz bir Rəna seçmisənmi sən.

1949-cu il, Şuşa. 

     Şuşa

Buludla öpüşən dağlar qoynunda,

Ülvi bir şəhər var, bərli-bəzəkli,

Çox sevir burada bir-birin insan,

Yaşayır həmişə varlı, çörəkli.

Şəhərin adıdır, Şuşa qalası,

Bir tarixdir onun düzü, çalası.

Yayın axşamında “Çanaq qalası”

Dolur gəlinlərlə əli çiçəkli.

Bu elin hər yanda vardır sorağı,

Könül məftun edən qızlar oylağı,

Məhşur “Xan qızı”nın sərin bulağı

Yar da bura gəlir çiyni sənəkli.

14 dekabr 1948, Bakı

Yaz gəlir

Qar əriyib dönür coşqun sellərə,

Şiş dağlara, oylaqlara yaz gəlir.

Bəzənirlər çiçəklərlə çəmənlər,

Bu səfalı yaylaqlara yaz gəlir.

Şeh səpilir sankı büllur şüşələr,

Yaşıl geyir hər tərəfdə güsələr,

Dak yelindən pıçıldaşır meşələr,

Bunsuz sulu bulaqlara yaz gəlir.

Bağçalarda güllər ətir qoxuyur,

Gül kolunda quşlar yuva toxuyur,

Bülbüllərdə cəh-cəh edib oxuyur,

Dərələrə, çaylara yaz gəlir.

Sabir! Sən də sinənə bas bu sazı,

Quşlar ilə birgə eylə avazı,

Sevinc yağsın, könül etsin pərvazı,

Bərəkətli torpaqlara yaz gəlir.

21 Mart 1948. Bakı.

Yeni iliniz mübarək!

Xoş arzuyla, xoş diləklə deyirik:

Gəl, Yeni il qədəmlərin mübarək.

Süfrələrə bəzəmişik naz, nemət,

Gözləyirik əlimizdə tər çiçək,

Gəl, Yeni il, qədəmlərin mübarək!

Gəl, fəth elə elmin yüksək zirvəsin,

Aç tarixin yeni-yeni səhifəsin,

Əməllərin versin bizə töhfəsin,

Qalxaq Aya, ulduzlara biz gərək,

Gəl, Yeni il, qədəmlərin mübarək!

Uğurlu ol, bağ-bağçalar solmasın,

Dostluq olsun, müharibə olmasın,

Heç bir qəlbə kin və küdrət dolmasın.

Səndə qayğı, mehribanlıq, sülh görək,

Gəl, Yeni il qədəmlərin mübarək!

Ötən ili qəlbimizdən silmərik,

Silsək, sənin qədrini də bilmərik,

Qələbəsiz sevinmərik, gülmərik,

Hər ilbaşı, qaliblərə gül verək,

Gəl, Yeni il, qədəmlərin mübarək!

İllər keçir saçlarıma dən düşür,

Amma ömrüm cox mənalı ötüşür,

Hər Yeni il şan-şöhrətlə görüşür.

Sabir tutur qənşərinə duz-çörək,

Gəl, Yeni il, qədəmlərin mübarəkş.

Əliyev Sabir Əli oğlu

Şuşaya gələndə

Şuşaya gələndə, ey vəfalı dost,

Yeddiqat dolayı keçəsən gərək.

Füsunkar təbiət əşiqisənsə,

Bura yaz ayında köçəsən gərək.

«Qızıllı» qayaya seyrə çıxanda,

Bir anlıq gurlayıb şimşək çaxanda.

Sellər yamac boyu daşıb axanda,

Ordakı kahaya qaçasan gərək.

Daşların dibindən körpə kicitkan,

Yığasan əlini hovxuraraq sən.

Sular kənarında təzə cücərən,

Yarpızı nanədən seçəsən gərək.

Kəkotu, qantəpər tutaraq dəstə,

Qurudub yığasan bir-biri üstə.

Başın ağrıyanda, düşəndə xəstə,

Dəmləyib çayını içəsən gərək.

Əvəlik yarpağın saç kimi hörüb,

Meşədən yam-yaşıl xəzəli dərib,

Yamacda ətirli zirəni görüb,

Onu əlçim-əlçim biçəsən gərək.

Bunları dostundan etmə iraqda,

Ona bəllidir hər ot da, alaq da.

Sabirlə birlikdə «Mamır bulaqda»,

Qıjıdan süfrəni açasan gərək.

7 Avqust 1969.

Soruş Sən Məni

Qalxanda dağların çənli belinə,

Kükrək şəlalədən soruş sən məni.

Çeşmənin üstündə tonqal çatanda,

Onda ki, şölədən soruş sən məni.

Dərələr qoynunda hər bir guşədən,

Sıldırım qayadan, qalın meşədən,

Kolda boynubükük tər bənövşədən,

Bağrılan lalədən, soruş, sən məni.

Çəmənin bəzəyi tər sünbülündən,

Gülşənin ətirli qızıl gülündən,

Gül üstə bülbülün şirin dilindən

Qopan ah-nalədən soruş sən məni.

Qarabağ elinin duz-çörəyindən,

Zəhmətkeş ərlərin yaş köynəyindən,

Sabirəm, məclisdə toyun bəyindən,

Zərli piyalədən soruş sən məni. 

Yeni iliniz mübarək!

Xoş arzuyla, xoş diləklə deyirik:

Gəl, Yeni il qədəmlərin mübarək.

Süfrələrə bəzəmişik naz, nemət,

Gözləyirik əlimizdə tər çiçək,

Gəl, Yeni il, qədəmlərin mübarək!

Gəl, fəth elə elmin yüksək zirvəsin,

Aç tarixin yeni-yeni səhifəsin,

Əməllərin versin bizə töhfəsin,

Qalxaq Aya, ulduzlara biz gərək,

Gəl, Yeni il, qədəmlərin mübarək!

Uğurlu ol, bağ-bağçalar solmasın,

Dostluq olsun, müharibə olmasın,

Heç bir qəlbə kin və küdrət dolmasın.

Səndə qayğı, mehribanlıq, sülh görək,

Gəl, Yeni il qədəmlərin mübarək!

Ötən ili qəlbimizdən silmərik,

Silsək, sənin qədrini də bilmərik,

Qələbəsiz sevinmərik, gülmərik,

Hər ilbaşı, qaliblərə gül verək,

Gəl, Yeni il, qədəmlərin mübarək!

İllər keçir saçlarıma dən düşür,

Amma ömrüm cox mənalı ötüşür,

Hər Yeni il şan-şöhrətlə görüşür.

Sabir tutur qənşərinə duz-çörək,

Gəl, Yeni il, qədəmlərin mübarəkş.

Əliyev Sabir Əli oğlu

Varmı?

Deyirsən bənzəyir bizim yerlərə,

Söylə! O yerlərin tərlanı varmı?

Səhərlər dərənin şehli qoynundan

Dağlara dırmanan dumanı varmı?

«Səkili bulaq» tək sərin bulağı,

Şəfalı Turşsuyu, gözəl yaylağı.

Günəşdən otların qovrulan çağı,

Çiçəyə bürünən Şırlanı varmı?

Yarpağı altında qəddi bükülü,

Çox nadir tapılan xarı bülbülü,

Sular kənarında süsən-sünbülü,

Bədmüşklə yarpızı, reyhanı varmı?

Şux qamət, xoş gülüş, sözü məzəli,

Çatmaqaş, qaragöz, incə gözəli.

Məclisdə səslənən şeri, qəzəli,

Tarıyla, sazıyla, kamanı varmı?

Göstər, Şuşa kimi hər an səfalı,

Hansı yerdir? Ola daim şəfalı,

Sabir tək Vətənə əhdi-vəfalı,

Bir elin aşiqi-nalanı varmı?

 Yadıma düşdü

Şuşanın adını çəkdiyin zaman,

Turşsunun yaylağı yadıma düşdü.

Dumanın, çiskinin, çənin qoynunda,

Ucalan Kirs dağı yadıma düşdü.

Sıldırım qayalar, yollar dolayı,

«Ağzıyastı» kaha, Xanın sarayı.

Uca «Qırxpilləkən», Daşaltı çayı,

Şəmilin tut bağı yadıma düşdü.

«Səkili», «Alçalı», «Damcı», «Palçıqlı»,

«Novlu», «Dərəbulaq», «Şırşır», «Çarıqlı».

Sıx meşə içində lap yaraşıqlı,

Gur İsa bulağı yadıma düşdü.

«Dəvəbatıran» göl, buz «Qotur suyu»,

Sulama daşlıqnan Azalıq quyu.

Kəklik qaqqıltısı, qartalın qıyı,

İsaqda-Musağı yadıma düşdü.

Dumana bürünən qayanın qaşı,

Yastı cıdır düzü, Sürüşkən daşı.

Çanaqqalasıyla, Dotələb daşı,

Xanbağı çaylağı yadıma düşdü.

Daş hasar dibindən qalxan yasəmən,

Xarı bülbül bitən ətirli çəmən.

Döşündən dərdiyim bənövşə, süsən,

Üçmıxın oylağı yadıma düşdü.

Böyürtkən, cır göyəm, moruq, çiyələk,

Qarellə, həmərsin, zərinc, göbələk.

Əzgilin yığdığım hey ətək-ətək,

Xəlfəli qışlağı yadıma düşdü.

Alça lavaşası, axta zolağı,

Qırxbuğumlu aşı, südlü qoğalı.

Zarıslı qaymağı, Şırlanın balı,

Təzə nehrə yağı yadıma düşdü.

Bayram səmənisi və qovurğası,

Cincilim kətəsi, yarpız dovğası,

Nənəmin fətiri, nazik yuxası,

Şirin qayğanağı, yadıma düşdü.

Quzu otardığım ətirli çöllər,

Alovda ütdüyüm sütül sünbüllər,

Cələylə tutduğum Sarı bülbüllər,

Sabir, ömrün uşaq çağı yadıma düşdü.


Sabir Əliyev özünə şərəfli bir peşə seçmişdir. O, dünyanın əşrəfi olan insanların keşikçisi idi. Onu nə yuxusuz gecələr yorurdu, nə də bitib tükənməyən qayğılar. Deyirlər həkimlərin ürəyi bərk olur, möhkəm olur. Bunu onların peşəsi tələb edir. Axı, cərrah bıçağından kövrək bir ürəklə yapışmaq olmaz. Bəs onda, “Yazqız qalıb qüssələnsən, gecələr, Ay olaram pəncərəndən baxaram”. – misraların müəllifini bərk ürəkli necə adlandıraq?

“Şuşa nəğmələri” şer toplusu kitabından…


%d bloggers like this: