Şuşa Bəyannaməsinin uğurlu icrası hər bir sahədə müşahidə olunur – Ramil İskəndərli

Azərbaycanla Türkiyə arasındakı münasibətlərin hüquqi baxımdan strateji müttəfiqlik xarakter daşıması, eyni zamanda, hər iki ölkə əhalisi arasında sıx tarixi, etnik, dini, sosial və s. bağlar bu münasibətləri dünyada bənzəri olmayan hər hansı iki müttəfiq arasında olan münasibətlər kimi xarakterizə edir. Bu ölkələr tarixən sübut edib ki, həm xoş gündə, həm də dar gündə Azərbaycan və Türkiyə birlikdədirlər. 44 günlük müharibə isə bunun bariz nümunəsi oldu.

Münasibətlərin hüquqi bazası

Məsələyə sırf hüquqi aspektdən yanaşsaq, “Azərbaycan-Türkiyə arasında münasibətlərin ilk əsas hüquqi bazasını “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” 2010-cu il avqustun 16-da Bakı şəhərində imzalanmış və həmin ildə ölkə Prezidentləri tərəfindən təsdiq olunmuş Müqavilə təşkil edir. Bu müqavilə Azərbaycan və Türkiyə arasında imzalanmış əməkdaşlıq və qarşılıqlı dəstək anlaşmasıdır.

Şuşa Bəyannaməsi. Siyasi və iqtisadi apektlər

2021-ci ilin 15 iyun tarixində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəp Tayyıp Ərdoğan arasında imzalanmış Şuşa Bəyannaməsi isə münsibətləri müttəfiqlik səviyyəsinə qaldıran bir sənəd olmaqla bərabər, üçüncü bir ölkənin təhdidi və ya hücumu halında bir-birlərini dəstəkləyəcəkləri öhdəliklərini üzərilərinə götürən bir razılaşma oldu. Qeyd etmək vacibdir ki, Bəyannamədə Zəngəzur dəhlizinin Qarabağ bölgəsindən Naxçıvan və Türkiyənin şərq Qars vilayətindən keçən bir dəmir yolu xəttinə açılmasının başa çatdırılması nəzərdə tutulur. Türkiyə Qarabağ bölgəsinin bərpası üçün Azərbaycana dəstək olmaq üçün Şuşada bir baş konsulluğun açılması da nəzərdə tutulur.

Şuşa Bəyannaməsi hərbi, siyasi və təhlükəsizlik sənəd olmaqla yanaşı eyni zamanda iqtisadi və sosial xarakterli sənəddir. Türkiyə və Azərbaycan iqtisadi bağlılıqla öyünə bilərlər. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin müvəffəqiyyətli icrası, yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması bu ölkələr arasında həm iqtisadi əlaqələrin inkişafına xidmət edir.

Türkiyə və Azərbaycanının vətəndaş cəmiyyətləri təsisatları arasında əməkdaşlıq

Şuşa bəyannaməsinə əsasən tərəflər lazımi dövlət dəstəyini təmin edərək xalqları arasında müştərək dəyərlərə söykənən sıx əlaqələri humanitar, sosial müdafiə, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində daha da inkişaf etdirəcək və dərinləşdirəcəklər. Bu məqsədlə iki ölkənin aidiyyəti qurumları tərəfindən birgə davamlı fəaliyyətlər həyata keçiriləcəkdir.

Bu baxımdan bu ilin 19 may tarixində keçirilmiş Azərbaycan –Türkiyə Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun keçirilməsi humanitar əlaqələrin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Şurasının səyləri nəticəsində Azərbaycan və Türkiyə QHT-ləri arasında əməkdaşlığı təşviq edən bir sıra digər görüş və səfərlərin həyata keçirilməsi, özlüyündə Şuşa Bəyannaməsində nəzərdə tutulan humanitar və social əlaqələrin uğurla icrasını şərtləndirir.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən Türkiyə və Azərbaycan mediası arasında əməkdaşlıq platformasının inkişafı ölkələrimizdə ictimai rəyin düzgün formalaşdırılması istiqamətində qeyri-hökümət təşkilatları ilə yanaşı, eyni zamanda medianın rolunu bir daha göstərir. Azərbaycan və Türkiyənin birgə media platformasının mövcudluğu ümumilikdə prosesin davamlı olmasını şərtləndirir.

Şuşa Bəyannaməsinin imzalanması, bizə onu deməyə əsas verir ki, çox yaxın gələcəkdə biz artıq iki ölkənin daha geniş regional spektrdə aparıcı qüvvə kimi liderlər rolunun möhkəmləndirilməsinin şahidi olacağıq. Hal-hazrıda müşahidə etdiyimiz post-münaqişə dövründə Cənubi Qafqaz regionunda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, social və humanitar xarakterli tədbirlər uzunmüddətli sülhün təmin edilməsi istiqamətində atılan uğurlu addımlar, Şuşa Bəyannaməsinin  son nəticədə ölkələrin əhalisinin ümumi rifah səviyyəsinin artmasına dəlalət edəcəkdir.

Ramil İskəndərli

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri

Leave a Reply

Your email address will not be published. Required fields are marked *