Ağalı kəndinə birinci mərhələdə 41 məcburi köçkün ailəsi bu ayın sonunadək köçürüləcək
Zəngilan rayonunda “Ağıllı kənd” layihəsi olan Ağalı kəndinə birinci mərhələdə 41 məcburi köçkün ailəsinin köçürülməsi bu ayın sonuna qədər həyata keçiriləcək.
APA xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbərlərinin Şuşada keçirilən müşavirəsində deyib.
“Bununla bağlı artıq kifayət qədər böyük tədbirlər görülür. Ayın sonuna qədər artıq məcburi köçkünlər həmin evlərə qayıdacaqlar”, – Prezidentin xüsusi nümayəndəsi bildirib.
Vahid Hacıyevin sözlərinə görə, işğal zamanı xarabalığa çevrilmiş Ağalı kəndi minalardan təmizlənərək yerində yeni, müasir ağıllı konsepsiyaya uyğun kənd salınıb: “Hazırda “yaşıl texnologiya”larla təchiz olunmuş 200 evin inşası başa çatdırılıb. Daha 150 evin, eyni zamanda, ikimərtəbəli mənzil tipli evlərin tikintisi davam etdirilir”.