Qarabağda gedən işlər plan üzrə gedir – İlham Əliyev

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib.

Dövlətimizin başçısı müşavirədə digər məsələlərlə yanaşı, işğaldan azad edilmiş ərazilərdə aparılan işlərlə bağlı aşağıdakıları qeyd etmişdir:

“Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi Azərbaycana səfər etmişdir. Biz bu təşkilatla çox fəal əməkdaşlıq edirik. Əslində, biz bu təşkilatın çox fəal üzvüyük və bizim təşəbbüsümüzlə Azərbaycanda bir çox tədbirlər keçirilmişdir. Bu dəfə isə yeni seçilmiş Baş katib, eyni zamanda, azad edilmiş torpaqlara səfər edib – Füzuliyə, Şuşaya. Əlbəttə ki, biz görüş zamanı Ermənistanın Azərbaycana qarşı, bizim mədəni irsimizə qarşı törətdiyi vandalizm haqqında danışmışıq. Bu gün azad edilmiş torpaqlara səfər edən hər bir insan, – istər Azərbaycan vətəndaşı olsun, istər xarici vətəndaş olsun, – erməni vəhşiliyinin təzahürlərini öz gözü ilə görür. 

Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdır. Hamısını öz hesabımıza edirik, 1 il 8 ay ərzində hələ bir dənə də kömək görməmişik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik. Bununla paralel olaraq, sosial məsələləri həll edirik və edəcəyik, heç kimin bunda şübhəsi olmasın. Çünki yenə də bunu özümüzə mənəvi borc bilirik və bizim sosial siyasətimiz hər zaman belə olub. Baxın görün, son müddət ərzində əməkhaqları nə qədər artıb. Bu il, məsələn, orta əməkhaqqı haradasa 14 faiz artıb, pensiya 10 faizdən çox artıb. Bütün bu artımların mənbəyi var, bu da dövlət büdcəsidir. O büdcə ki, o büdcədən biz ordumuzu gücləndiririk və gücləndirəcəyik, bax, dediyim səbəblərə görə. O büdcə ki, biz sosial məsələləri həll edirik, Qarabağı yenidən qururuq və bütün başqa ehtiyaclarımızı ödəyirik və heç kimdən bir manat almadan. Ona görə bunu bilmək lazımdır. Bunu unudanlar da gərək yaddaşlarını, necə deyərlər, aydınlaşdırsınlar, bir az diqqətli olsunlar.

Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı gələn ilin təklifləri yəqin ki, yaxın aylarda mənə təqdim ediləcək. İnfrastruktur, yaşayış binaları, kəndlərin qurulması – bütün bu layihələr gələn ilin büdcəsində olmalıdır. Çünki biz bu il infrastruktur layihələri ilə daha çox məşğul idik. Buna baxmayaraq, biz Şuşa şəhərində dövlət vəsaiti xətti ilə yaşayış kompleksinin tikintisinə də artıq başlamışıq. Ağdam şəhərində isə özəl sektor xətti ilə yaşayış binalarının tikintisinə başlamışıq. Ona görə dövlət büdcəsində bu məsələlər nəzərə alınmalıdır. Burada da azad edilmiş torpaqlarda binaların inşasında, o cümlədən digər layihələrin icraatında özəl sektor və dövlət tərəfdaşlığı çox vacib ola bilər. Burada qeyd olunan məsələ də hesab edirəm, çox düzgün qoyulub. Dövlət-özəl sektor tərəfdaşlığı üçün əgər qanunvericilikdə əlavələr edilməlidirsə, biz bunu da mütləq etməliyik. Bütövlükdə ölkəmizin investisiya iqlimini daha da yaxşılaşdırmaq üçün nə lazımdırsa, onu da etməliyik. Çünki xarici və yerli investisiyalar olmadan ölkə iqtisadiyyatı inkişaf edə bilməz.

Qarabağ və Şərqi Zəngəzurda gedən işlərlə bağlı, artıq orada daimi iş yerləri yaradılır. Əlbəttə, orada müvəqqəti iş yerləri, inşaatda işləyənlər üçün, eyni zamanda, daimi iş yerləri yaradılır. Məsələn, 9 yarımstansiya yaradılıb, orada daimi iş yerləri var. Şuşa şəhərində indi otellər fəaliyyət göstərir. Beşulduzlu otel inşa edilir və gələn il o otel hazır olacaq – ondan sonra, tarixi obyektlərin təmir edilməsi. Yəni, bir sözlə, hər bir sahə üzrə daimi iş yerləri yaradılır və bütün cavabdeh qurumlar çalışmalıdırlar ki, o iş yerlərində o rayonlardan olan insanlar çalışsın – gənc nəsil, o rayonların nümayəndələri, onların uşaqları, onların nəvələri. Buna xüsusilə diqqət yetirmək lazımdır.

Keçmiş məcburi köçkünlər arasında da ixtisaslar üzrə seçim aparılmalıdır. Məsələn, energetika, xidmət sektoru, sosial sahə, həkimlər, müəllimlər. İndi Ağdam şəhərində sürətlə məktəb tikilir. Orada kim dərs deyəcək? Ağdamdan olan, orada yaşamış müəllimlər və yaxud onların uşaqları, onların nəvələri. Bax, buna xüsusilə fikir vermək lazımdır. Biz bu yolla keçmiş məcburi köçkünləri öz doğma torpaqlarına daha da tez qaytaracaq və eyni zamanda, onları iş yerləri ilə təmin edəcəyik. İndi Şuşa şəhərində xəstəxana, məktəb, bir neçə mədəniyyət obyekti tikilir. Orada çalışacaq insanların, əlbəttə ki, əksəriyyəti şuşalılar olmalıdır. Buna fikir verin. Çünki bu, çox vacib olan məsələdir.

Əlbəttə ki, Qarabağda gedən işlərlə bağlı çox danışmaq istəmirəm, çünki hər şey göz qabağındadır. Bütün işlər plan üzrə gedir. İnfrastruktur işləri – artıq yaşayış binalarının inşasına başlanılıb, Ağalı kəndi istifadəyə verilib, beş şəhərin Baş planı təsdiqlənib, yeni yaradılacaq kəndlərin yerləri müəyyən edilib. Ola bilsin ki, biz bu il yeni kəndlərin inşası, yaradılması ilə məşğul olacağıq. Həmçinin tarixi abidələrin bərpası. Yəni, burada hər şey plan üzrə gedir. Qeyd etdiyim kimi, bu bölgə nəinki Azərbaycan üçün, dünya üçün nümunəvi bölgə olacaq. Biz hər şeyi planlı şəkildə edirik. Əlbəttə ki, tələsirik, amma, eyni zamanda, tələskənliyə yol vermirik. Bütün tender prosedurları keçməlidir, şəffaflıq tam təmin edilməlidir, orada heç bir inhisarçılıq olmamalıdır. Açıq tender prosedurları təmin edilir və ediləcək. İctimaiyyətə müntəzəm olaraq məlumat verilməlidir və veriləcək.

Bir sözlə, yenə də deyirəm, bu gün mən görülmüş işlərin kiçik hissəsini işıqlandırdım. Amma bu da kifayətdir hər kəs görsün ki, nəhəng işlər görürük və qarşıda duran bütün vəzifələri icra edəcəyik”.

Mənbə: Prezident.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *