Sərhəddə baş vermiş hadisələrlə bağlı QISA HÜQUQİ TƏHLİL – Ramil Iskəndərli

12-13 Sentyabr hadisələri göstərir ki, Ermənistan hərbi qüvvələri Azərbaycan-Ermənistan sərhədinin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində geniş miqytaslı təxribat törətməklə, Ermənistan 2020-ci il noyabrin 10-da imzalanmış üçtərəfli bəyanatın müddəlarının icrasından boyun qaçırır və götürdüyü öhdəlikləri həyata keçirmək istəmir. Ermənistan nəinki Mosvkada, eyni zamanda Brüsseldə Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qalibiyyətindən sonra məğlub Ermənistana təklif etdiyi sülh müqaviləsinin əsasını təşkil edən 5 baza prinsipi – ölkələrin ərazi bütövlüyünün tanınması, qarşılıqlı şəkildə hər hansı ərazi iddialarından imtina, güc tətbiq etməmək və ya güclə hədələməmək, Azərbaycanla Ermənistan sərhədlərinin delimitasiyası və kommunikasiyaların açılması prinsiplərini yerinə yetrimək istəyində olmadığını, törətdiyi bu təxribatlarla göstərir.

Ermənistan rəhbərliyi 44 günlük müharibədən nəticə çıxarmaq əvəzinə, əksinə olaraq ordusunu bərpa etmək istiqamətində iş aparırdı. Azərbaycanın suveren ərazisi olan Qarabağa hərbçilər və silah göndərirdi. Laçının təhvil verilməsi Ermənistan hakimiyyətinin daxildə təzyiqləri neytrallaşdırmaq üçün ictimai rəyi əsas problemlərdən yayındırmaq üçün Azərbaycanla sərhəddə təxribat yaratdı. Ermənistanın ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağı bir daha aydın göründü.

Təbii ki, belə bir vəziyyətdə Azərbaycan öz ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyini qorumaq məqsədilə növbəti dəfə Ermənistanın hərbi-siyasi təxribatına cavab vermək üçün adekvat addımlar atmaq məcburiyyətində qalıb. Nəticədə, legitim hərbi hədəf sayılan Ermənistanın xeyli sayda hərbi texnikası, S-300 raketi,  200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda  hərbi obyekti və onlarla postu məhv edildi. Azərbaycan Ermənistan tərəfindən həyata keçirilən təxribatların qarşısını almaq məqsədilə Azərbaycanln təhlükəsizliyinə təhdid yaradan hərbi təyinatlı obyektləri zərərsizləşdirmişdir.

Beynəlxalq hüquqi aspektlər

Ermənistanın davamlı hərbi təxribatlarına cavab vermək, harada yerləşməsindən asılı olmayaraq təhlükə doğuran legitim hərbi hədəfləri məhv etməklə sərhədlərinin təhlükəsizliyini təmin etmək Azərbaycanın BMT Nizamnaməsi ilə tanınan özünümüdafiə hüququdur.

2005-ci il tarixində Nyu-Yorkdakı Birləşmiş Millətlər Təşkilatının Baş qərargahında toplanan BMT Baş Assambleyası tərəfindən 16 sentyabr 2005-ci il tarixində Dünya Dövlət və Hökumət Başçılarının Ümumdünya Sammitində qəbul edilmiş Ümumdünya Sammitinin Nəticələrinə dair Qətnamənin 138-ci bəndinə əsasən Dövlət Başçıları hər bir Dövlətin öz əhalisini hərbi cinayətlərdən qorumaq üçün məsuliyyət daşıdığını təsdiqləmişdir. Bu məsuliyyət müvafiq və zəruri vasitələrlə bu cür cinayətlərin və təhdidlərin qarşısının alınmasını nəzərdə tutur.

Özünümüdafiə hüququ zərərçəkmiş dövlətin hüdudları daxilində və xaricində, hücumun başlandığı ərazidə həyata keçirilə bilər.
Hücum dövlətin hərbi qüvvəsi tərəfindən başqa dövlətə qarşı yönəlibsə, zərər çəkmiş dövlət, hətta başqa bir dövlətin sərhədlərini keçməyə səbəb olsa belə, lazım bildiyi kimi cavab tədbirlərindən istifadə edə bilər. Özünümüdafiə hüququnun həyata keçirilməsinin ümumi şərtlərindən başqa, hücuma məruz qalan dövlətin ərazisindən kənarda güc tətbiq etmək üçün bəzi digər şərtlər də mövcuddur. Birincisi; zərəçəkmiş dövlətə qarşı başlanan hücum geniş miqyaslı və təsirli olmalıdır. Bildiyimiz kimi, Ermənistan hərbi qüvvələrinin törətdiyi təxribatlar bir neçə istiqamətlərdən olub (Laçın, Kəlbəcər, Daşkəsən, Zəngilan və s.) və təəssüf hissi ilə qeyd etməliyik ki, Azərbaycan tərəfi xeyli insan itkisinə məruz qalıb. İkincisi; güc tətbiqi ya hücumun qarşısını almaq, ya da dayandırmaq üçün olmalıdır. Azərbaycan beynəlxalq hüquqi baxımdan tam legitim olaraq, yalnız hərbi obyektləri hədəf aldığına görə və Ermənistanda yerləşən mülki obyektlərin heç birinə ziyan vurmamışdır. 

Atəşkəs

Daha bir məqam ondan ibarətdir ki, 1949-cu il Cenevrə Konvensiyasının 15-ci maddəsinə əsasən, silahlı münaqişədə tərəflər gecikmədən yaralıları, cəsədləri və xəstələri axtarmaq və toplamaq, və qarşı tərəfə təhvil vermək üçün tərəflər arasında müvəqqəti atəşkəş bağlanılmalıdır. Vəziyyət imkan verdiyi təqdirdə, atəşkəs və ya atəşin dayandırılması və ya döyüş meydanında qalan yaralıların uzaqlaşdırılması, mübadiləsi və daşınması üçün yerli tədbirlər görülməlidir. Azərbaycan burada da beynəlxalq humanitar hüquq qaydalarına riayət edərək birtərəfli qaydada humanitar atəşkəs təklif etmiş və erməni tərəfdən saxlanılan şəxsləri və cəsədləri təhvil vermişdir.

Yuxarıda sadalananlar onu göstərir ki, Azərbaycan bu məsələdə beynəlxalq hüquqi baxımdan haqlıdır və Ermənistanın təxribatlarına qarşı atdığı cavab tədbirləri beynəlxalq hüquqi baxımdan tam legitimdir.

Ramil İskəndərli

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri

Leave a Reply

Your email address will not be published. Required fields are marked *