QHT-lər Rusiya səfirliyi qarşısında aksiya keçirdi – VİDEO
Dekabrın 9-da ölkəmizdə fəaliyyət göstərən bir qrup QHT sədrləri Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin komandanı general-mayor Andrey Volkova müraciət ünvanlayıblar.
Qarabağ İqtisadi Zonasında cərəyan edən proseslər bizi çox narahat edir. Bu ərazilərdə qızıl, mis və molibden yataqları qanunsuz şəkildə istismar edilir və ölkədən çıxarılır. AZƏRTAC xəbər verir ki, bu fikirləri Rusiyanın Bakıdakı səfirliyinin qarşısında keçirilən etiraz aksiyasının iştirakçısı, Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli deyib.
O bildirib: “Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilər bizim nəzarətimizdən kənardadır. Bu, təbii olaraq narahatlıq yaradır. Vətəndaş cəmiyyəti olaraq həmin ərazilərə monitorinq qrupunun göndərilməsinə imkan verilməsini istəyirik”.
AZƏRTAC müraciəti təqdim edir:
Hörmətli Andrey Aleksandroviç,
Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərində ekoloji vəziyyətin gərginləşməsi biz ekoloqlar və aktivistləri ciddi narahat edir.
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 il ərzində işğal altında olduğu dövrdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Azərbaycana qarşı ekoloji terror törədilmiş, bir çox faydalı qazıntı yataqları qanunsuz istismar edilmişdir. 2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsindən sonra uzun illər qanunsuz istismar və talan edilən yataqların bir çoxunda ekoloji vəziyyət nəzarət altına alınsa da, Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərində olan Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında qeyri-qanuni istismar halları təəssüf ki, davam etməkdədir.
Faydalı qazıntı yataqlarının qanunsuz istismarı ekoloji vəziyyəti gərginləşdirməklə mülki əhaliyə, ətraf mühitə, biomüxtəlifliyə, yeraltı və yerüstü su resurslarına, eləcə də Azərbaycanın digər ərazilərindəki ekoloji mühitə mənfi təsir göstərir.
Azərbaycanın müstəqil ekoloqlarının birləşdiyi çoxsaylı QHT-lər olaraq Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərində olan Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında qeyri-qanuni istismar hallarının və ekoloji vəziyyətin dəyərləndirilməsini vacib hesab edirik. Bu xüsusda bizim qeyd edilən ərazilərə səfər etməyimiz üçün təhlükəsizliyin təmin olunmasını və monitorinq keçirməyimiz üçün lazımi şərait yaradılmasını Sizdən tələb edirik.
İmza edən – 23 QHT.