Ramil İskəndərli: “Azərbaycanda növbədənkənar prezident seçkilərini rekord sayta QHT müşahidəçiləri izləyib”

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli növbədənkənar prezident seçkilərinin nəticələri ilə bağlı CBC TV-də öz fikirlərini bölüşmüşdür.

Ramil İskəndərli aşağıdakıları qeyd etmişdir:

“Fürsətdən istifadə edərək, fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində qazandığı qələbə münasibətilə Prezident İlham Əliyevi və bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. İnanıram ki, xalqımızın bu düzgün seçimi tezliklə müsbət nəticələr verəcək.

Dünən axşam və gecə ilkin nəticələr elan olunandan sonra şəhərin küçələrində, parklarında xalqın, gənclərin, ailələrin seçkilərdəki qələbəsini qeyd etməsini görmək çox xoş idi.

Müşahidəçilərin və prezidentliyə namizədlərin fikrincə, bu prezident seçkiləri demokratik rəqabət şəraitində keçib və seçki prosesində ciddi qanun pozuntusu qeydə alınmayıb.

Çərşənbə günü keçirilən Azərbaycanda prezident seçkilərinin əsas özəlliyi ondan ibarətdir ki, seçkilər ilk dəfə olaraq respublikanın bütün ərazisində, o cümlədən işğaldan azad edilmiş Qarabağ ərazilərində təşkil olunmuşdur.

Associated Press, The Washington Post və Euronews kimi nüfuzlu media orqanları seçki günü yüksək seçici fəallığını və əhval-ruhiyyəni qeyd ediblər. Seçkilər öncəsi jurnalistlərin söhbət etdiyi ölkə vətəndaşları qalib prezidentə səs verəcəklərini, uzun illər işğalda olan torpaqlarımızı qaytaran insan  olduğunu bildiriblər.

Azərbaycanda beynəlxalq seçki standartlarına uyğun hüquqi baza və seçki mühitinin formalaşdırılması təmin edilmişdir. Azərbaycan Respublikasının mövcud seçki qanunvericiliyi seçki hüququ məsələlərini tənzimləyən aşağıdakı əsas beynəlxalq hüquqi sənədlərdə təsbit olunmuş prinsip və normalara uyğun olmuşdur:

– 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsi;

– 1966-cı il Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt;

1950-ci il İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi üzrə Avropa Konvensiyası;

Azərbaycan seçki qanunvericiliyi həmçinin, “Açıq, demokratik və şəffaf seçkiləri təmin etmək üçün ATƏT-in İnsan Ölçüsü Konfransının 1990-cı il Kopenhagen Sənədində” müəyyən edilmiş bütün standartlara cavab verir. Azərbaycan Respublikasının Seçki Məcəlləsi bütün namizədlər üçün bərabər şərait nəzərdə tutur.

Yeri gəlmişkən, seçkiləri də müşahidə etmiş ATƏT/DTİHB-nin (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı/Demokratik Təsisatlar və İnsan Haqları Ofisi) standartları genişdir və beynəlxalq səviyyədə tanınır. Onlar ədalətli və azad seçkiləri təmin etmək üçün prinsiplər və tövsiyələr toplusuna malikdirlər.

Adətən müşahidəçilərin diqqət yetirdiyi bəzi əsas prosedur məsələləri bunlardır:

1. Namizədlərin və partiyaların qeydiyyatı. Qeydiyyat prosesinin şəffaflığı. Bütün namizədlər və siyasi partiyalar üçün bərabər imkanlar.

Keçirilmiş seçki prosesi zamanı şahidi olduq ki, yerlərdə vətəndaşlarla görüşlərlə yanaşı, namizədlər tərəfindən mətbuat, televiziya, internet saytları, sosial şəbəkələr və canlı əlaqə vasitəsilə aparılan seçki kampaniyası aparılmişdır. Namizədlər və onların nümayəndələri yerlərdə insanların problemlərini dinləyib, İctimai TV-də canlı debatlarda və sosial şəbəkələrdə vətəndaşların müraciətlərindəki problemləri barədə ictimaiyyəti məlumatlandırıblar.

2. Mediaya çıxış:

Mediada namizədlər haqqında bərabər və ədalətli məlumat verilib. Seçki kampaniyasının qanunun tələblərinə uyğun aparılması üçün şərait yaradılmışdır. Seçki prosesinin şəffaflığı tam təmin edilib və Seçki Məcəlləsinin tələbləri yerinə yetirilib. Mərkəzi Seçki Komissiyası tərəfindən respublikada “Seçkilər 2024” Müstəqil Media Mərkəzi, xüsusilə secki-2024.az saytı fəaliyyətə başlaması şəffaflığı təmin edən elementlərdən biri olmuşdur.

3. İştirakçılıq: Əhalinin seçkilərdə fəal və bərabər iştirakının təmin edilməsi.

Seçkilərdə seçici fəallığı çox yüksək olmuşdur. Növbədənkənar prezident seçkilərində seçici fəallığı çox yüksək olmuşdur Vətəndaşlar səhər saatlarından aktiv şəkildə səs veriblər. Seçki məntəqələrində növbələr yaranmışdır. Hətta bəzən insanlar çöldə gözləməli olmuşlar.

Bir seçici olaraq mən də, səs verdim. Müşahidələrim göstərdi ki, çoxları hətta uşaqları ilə gəlmişdir. Azərbaycanda seçki günü tətil elan edilmişdir. Dünən Bakıda hava günəşli olub, gələnlərin bayram əhval-ruhiyyəsi hiss olunub.

4.Müşahidəçılər: Seçkilərin obyektiv monitorinqini təmin etmək üçün müşahidəçilərin, o cümlədən beynəlxalq müşahidəçilərin rolu vacibdir. Beynəlxalq və yerli QHT-lərin seçkilərdə iştirakı təmin edilmişdir. Ümumiyyətlə bu seçkiləri qeyri-hökumət təşkilatları (QHT) və vətəndaş cəmiyyətindən rekord sayda müşahidəçilər izləmişdir. Prosesdə 83 QHT-dən 7 minə yaxın müşahidəçi iştirak edib. Ötən prezident seçkiləri ilə müqayisədə QHT-ləri təmsil edən milli müşahidəçilərin sayı təxminən 4 dəfə artmışdır. Bir sıra QHT-lər koalisiyalarda birləşərək seçkiləri müşahidə edib. Doqquz QHT bu üç koalisiyanın bir hissəsi kimi prosesə qoşulmuş – ümumilikdə isə təxminən 1700 seçki müşahidəçi prosesdə iştirak etmişdir. Milli QHT Forumu və onlarla digər QHT-lər seçkilərin monitorinqini aparıb.

Ali Baş Komandan başda olmaqla, ordumuzun Qarabağın 30 illik işğalından tam azad etməsinə nail olduqdan sonra, bununla da verdiyi sözə əməl etməsinə görə Prezident İlham Əliyevin vətəndaşlar arasında nüfuzu daha da artmışdır. Sadə Azərbaycan vətəndaşlarının öz övladlarının gələcəyini indiki seçkilərlə bağladıqları üçün İlham Əliyevə səs vermişlər. Azərbaycan vətəndaşları bu seçkiləri hazırkı dövlət başçısı İlham Əliyevə hörmət və minnətdarlıqlarını bildirmək imkanı kimi qəbul etmiş və ona səs vermişdir”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *