Xocalı soyqırımının hüquqi və siyası aspektləri – TƏHLİL

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət beynəlxalq hüquq baxımından məhz soyqırımı kimi qiymətləndirilməlidir. Bu alayın çoxsaylı ağır texnikası qəfildən şəhərə yeridilmiş, cinayətkarlar şəhəri tərk etmək məcburiyyətində qalan dinc azərbaycanlıları amansızcasına qətlə yetirmiş, yaşayış evləri və sosial infrastruktur tamamilə dağıdılmış və yandırılmışdır.

Xocalı soyqırımı zamanı 613 nəfər soydaşımızın, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulmuş, yüzlərlə dinc sakin ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür.

Bu işğal zamanı erməni millətçiləri və terrorçuları Xocalı şəhərindən başqa, Azərbaycanın Kərkicahan, Malıbəyli, Quşçular, Qaradağlı, Ağdaban kəndlərində və digər yaşayış məntəqələrində də kütləvi qırğınlar törətmişlər.

Hüquqi aspektlər

Beynəlxalq cinayətlərə onların törətdiyi vaxtdan asılı olmayaraq heç bir müddət tətbiq olunmur. Beynəlxalq cinayətlər törətmiş şəxslərin cinayət məsuliyyəti həm beynəlxalq tribunallar, həm də milli məhkəmələr tərəfindən həyata keçirilə bilər. Həmin şəxslərə həm biavasitə beynəlxalq hüquq normaları (əsasən, birinci halda), həm də onların implementasiyası üçün qəbul olunmuş dövlətdaxili hüquq normaları tətbiq oluna bilər.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü maddəsinə əsasən, “Hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə—

on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”

Xocalıda erməni qəsbkarları tərəfindən törədilən bu kütləvi insan qırğını soyqırım faktıdır və insanlığa qarşı ən ağır cinayətlərdəndir. Belə ki, BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində göstərilir ki, soyqırım insan qruplarının yaşamaq hüququnu pozmaqla yanaşı, BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir və dünya birliyi tərəfindən pislənir.

Soyqırım cinayətinin əlamətləri BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada müəyyən edilmişdir. Xocalı soyqırımı zamanı baş vermiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların kütləvi şəkildə məhv edilməsi niyyəti ilə törədilməsi onun soyqırım aktı olduğunu sübut edir.

Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qətlə yetirilməsinin “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” olduğunu müəyyən edib.

Azərbaycan Respublikasına qarşı davam edən təcavüz fonunda Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Beynəlxalq cinayət əməli

Ermənistan Respublikasının beynəlxalq hüquqa zidd fəaliyyətləri ilə bağlı məsuliyyətləri ilə yanaşı, beynəlxalq cinayət hüququnun adət və müqavilə normalarına əsasən, Xocalı şəhərində törədilənlər də daxil olmaqla silahlı münaqişə kontekstində törədilmiş müəyyən fəaliyyətlər beynəlxalq cinayət əməlləri hesab olunur. Bu əməllərin törədilməsində iştirak etmiş şəxslər, eləcə də onlarla əlbir olan və onlara kömək edənlər də fərdi qaydada məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən aparılan istintaqla bir sıra hərbi qulluqçu və digər şəxslərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib və onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırımı, işgəncə, əhalini deportasiya etmə, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozmağa və digər cinayətlərə görə məsuliyyət nəzərdə tutan maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələri barədə müvafiq qərarlar çıxarılıb.

Xocalı soyqırımı epizodu üzrə aparılan istintaq zamanı 7000-ə yaxın istintaq hərəkəti icra edilmiş, o cümlədən 1771 şahid və 2699 zərərçəkmiş şəxs qismində olmaqla 4470 nəfər dindirilmiş, 800-dən artıq müxtəlif növ ekspertizalar keçirilmiş, digər istintaq hərəkətləri icra edilmişdir.

Siyasi qiymət

1994-cü ildə Xocalı soyqırımı ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisi hüquqi-siyasi qiymət vermişdir. Ermənistanın mülki əhaliyə qarşı yönəlmiş soyqırımı siyasəti bu gün də davam etdirilir, dinc əhalinin, o cümlədən uşaqların qətlə yetirilməsi ilə nəticələnir. Azərbaycan tərəfi 30 ildir BMT Baş Məclisinin tribunalarından bəyan etmişdir. Bir çox ölkələrdə və şəhərlərdə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası Xocalı faciəsini dünyaya soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır.

İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyan ilk beynəlxalq təşkilatdır.

Artıq Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya, Cibuti və Paraqvay parlamentləri Xocalı soyqırımını beynəlxalq hüquq normalarına əsaslanaraq tanımışlar. ABŞ-ın 22 ştatının qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunmuşdur.

Beynəlxalq sənədlər:

Avropa Şurasının Siyasi Məsələlər üzrə Baş Direktorluğu tərəfindən hazırlanmış, Parlament Assambleyasının Siyasi Məsələlər üzrə Komitəsinin hesabatına əlavə olunmuş və ATƏT-in Minsk Konfransı tərəfindən nəzərdən keçirilmiş Dağlıq Qarabağ bölgəsindəki münaqişəyə dair məlumat sənədində (məruzəçi cənab D. Atkinson, 29 noyabr 2004-cü il, 10364 saylı sənəd) deyilir: ―1992-ci ilin fevralında Sumqayıt hadisələrindən, demək olar ki, düz dörd il sonra etnik erməni qüvvələri [Dağlıq Qarabağda] yeganə aeroport olan, yerli bölgənin şimal paytaxtı Xocalıda yerləşən aeroporta hücum etdilər. Həmin vaxt Xocalı əhalisi 7.000 nəfər idi. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, aeroportun 150 müdafiəçisinin öldürülməsinə səbəb olmuş Xocalının alınması dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıqlarla müşayiət olunub. Məlumata görə, bir gündə 613 silahsız insan qətlə yetirilib və 1300-ə yaxın insan ələ keçirilib, onların çoxu iddia edilən humanitar koridor vasitəsilə xilas olmağa çalışarkən tutulub.

Human Rayts Votç‖ (Human Rights Watch) təşkilatının keçmiş Sovet İttifaqına dair 1993-cü il tarixli ümumdünya hesabatından çıxarışlarda və Moskvada yerləşən ―Memorial‖ İnsan Hüquqları Mərkəzi müharibə zamanı müşahidəçilərini Dağlıq Qarabağa göndərdi. Aşağıdakılar ―Memorial‖ İnsan Hüquqları Mərkəzinin ―1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin silahlı yolla ələ keçirilməsi ilə bağlı insan hüquqlarının kütləvi şəkildə pozulması haqqında‖ hesabatda Xocalı soyqırımının baş verməsi qeyd olunur.

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *