Vətəndaşların dekabrın 27-dən Şuşa və Suqovuşana fərdi minik avtomobilləri ilə səfər etməsi mümkün olacaq

“Böyük Qayıdış” siyasətinin davamı olaraq Azərbaycan vətəndaşlarının və xarici turistlərin işğaldan azad edilmiş ərazilərə səfərləri asanlaşdırılır.

APA-nın xəbərinə görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilir ki, əgər indiyədək vətəndaşlar yalnız müəyyən istiqamətlərdə təşkil edilmiş avtobus reysləri və qrup şəklində turist səfərləri ilə işğaldan azad edilmiş ərazilərə səfər edirdilərsə, 27 dekabr 2023-cü il tarixindən etibarən Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə fərdi minik avtomobilləri ilə də səfər edə biləcəklər. Vətəndaşlar səfər üçün icazəni 25 dekabrdan başlayaraq “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) üzərindən əldə edə bilərlər. Şuşa şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” ilə, Suqovuşan qəsəbəsinə isə Tərtər və Goranboy (Tapqaraqoyunlu kəndi) rayonlarından keçməklə mümkün olacaq.

Şuşa və Suqovuşan istiqamətində səfər üçün vətəndaşlara icazələrin verilməsi zamanı bir sıra tənzimləmələr tətbiq ediləcək. Bu barədə ətraflı məlumatı “Yolumuz Qarabağa” portalı üzərindən əldə etmək mümkündür.

Səfəri sürücünün oturacaq yeri də daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olmayan fərdi minik avtomobilləri ilə etmək mümkündür. Fərdi minik avtomobilləri dedikdə Azərbaycan Respublikası avtomobil dövlət qeydiyyat nişanına malik, B kateqoriyasına uyğun nəqliyyat vasitələri nəzərdə tutulur. Bir minik avtomobilində sürücü də daxil olmaqla maksimum 9 nəfərin səfəri üçün icazə alına bilər. İcazələrin etibarlılıq müddəti Şuşa şəhəri üçün iki gün, Suqovuşan qəsəbəsi üçün isə bir gün olacaq. Səfərlərin nizamlı təşkili və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ilkin dövrdə gün ərzində Şuşaya 80, Suqovuşana isə 60 minik avtomobilinin səfər etməsinə icazə verilməsi nəzərdə tutulur.

#

APA

Leave a Reply

Your email address will not be published. Required fields are marked *